Dövlət büdcəsi hesabına xərclənən pulların nəticəsi hanı?

Source:

Dövlətin büdcə pulları hesabına iqtisadi təşviq siyasəti ilə bağlı bir məsələnin müzakirəsinə ehtiyac var: bu siyasətin nəticələri dəyərləndirilməlidir.

Dövlət büdcəsi hesabına xərclənən pulların nəticəsi nədir? Hökumətin istehsalını təşviq elədiyi sahələrdə hansı dəyişikliklər baş verdi? Təşviq edilən məhsulların istehsalı artdımı? Bu məhsulun idxalından asılılıq azaldımı? İxracı və ondan əldə edilən valyuta gəlirləri çoxaldımı?

Konkret nümunəyə baxaq: 2007-ci ilin fevral və noyabr aylarında qəbul edilən 2 qərarla buğda istehsalına 80 manat subsidiya verilməsinə başlandı. Ötən ildən isə bu 100 manata qaldırıldı. Əlavə olaraq güzəştli qiymətlərlə gübrə verilməyə başlandı. Artıq 10 ildi bu yardım verilir və üst-üstə ən azı 700-800 milyon manat (1 milyard dollara yaxın) büdcədən vəsait xərclənib.

Kasıb fermerlərə ən xırda yardımın belə əleyhinə deyiləm, yazdıqlarım da bu məqsədi daşımır. Sadəcə hökumətin təşviq siyasətinin iqtisadi səmərəliliyini qiymətləndirməməsindən narahatlıq var. Rəqəmlərə diqqət yetirək: 2007-ci ildə ölkədə cəmi 489 min hektar buğda əkilib. Təşviq haqda qərar qəbul edilir və 2008-2009-cu illərdə buğda əkinləri 810 min hektara çatır (az qala 2 dəfə artım). 2010-cu ildən qəfli azalma başlayır və 2015-ci ildə 540 min hektara düşür. Halbuki, insanlara subsidiya verilmədiyi 2005-ci ildı ölkədə 600 min hektar buğda əkilmişdi.

Eyni zamanda subsidiya veriləndən də öncə ölkə 1 milyon tondan çox buğda idxal edirdi, indi də elə bu qədərdir.

İndi pambığa, baramaya, tütünə də eyni qaydada təşviq nəzərdə tutulur.

Axı buğdanın subsidiyalaşdırılması siyasətinin niyə iflasa uğramasını dəyərləndirmədən yeni təşviq siyasətinə başlamaq doğru deyil.

Niyə bu təşviq siyasətinin hər birini dəqiq əsaslandıran, onların yaxın 5-10 ildə nəticələrini proqnozlaşdıran iqtisadi analizlər yoxdu ortdada? Məsələn, subsidiya veriləcək yeni 3 sahə yaxın 10 ildə nə qədər ixrac, iş yeri, əlavə dəyər, vergi yaradacaq? Bu necə hesablanıb, hansı iqtisadi arqumentlərlə, metodlarla əsaslandırılıb?

Nəzərə alaq ki, 2017-ci ili büdcəsində məhz bu sahələr üzrə dəstək siyasətinə görə kənd təsərrüfatı xərcləri 200 milyon manatdan çox artırılıb…

Ana səhifəAnalitikaDövlət büdcəsi hesabına xərclənən pulların nəticəsi hanı?