Dövlət bağçaları pullu ola bilər

Nadir İsrafilov: ”Ödənişli olsa, kasıbın uşağı bağçadan uzaq düşəcək”

Source:


Nadir İsrafilov: ”Ödənişli olsa, kasıbın uşağı bağçadan uzaq düşəcək”

“Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsində dövlət bağçalarının pullu edilməsi məsələsi də əksini tapıb. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli Xəzər TV-yə deyib ki, bu, neqativ halların qarşısını alacaq.

“Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması  bağçaların Təhsil Nazirliyinin tabeliyinə qaytarılıb-qaytarılmayacağı məsələsini gündəmə gətirib. Millət vəkili bu məsələnin onların səlahiyyətlərində olmadığını bildirib:

“Fiziki qüsurlu uşaqlar üçün xüsusi bağçalar da yaradılacaq. Belə uşaqlar digərləri kimi məktəbə getdiyindən məktəbəqədər təhsil müəssisəsinin də yaradılması zərurəti yaranıb. Layihədə yeni “Ailə bağçası” modelinin  yaradılması da nəzərdə tutulur. Uşağını bağçaya göndərmək istəməyən şəxslər ailələrə müraciət edəcəklər. Bağça kimi çıxış etmək istəyən ailələr isə dövlət tərəfindən seçiləcək. Onların hansı şərtlər əsasında seçiləcəyi isə hələlik məlum deyil”.

İsa Həbibbəyli
İsa Həbibbəyli

Millət vəkili bildirib ki, layihə üzərinə iş getdiyindən ailələrin vergiyə cəlb olunması məsələsi və ödəniləcək məbləğ  hələ dəqiqləşdirilməyib:

“Məktəbəqədər təhsillə bağlı bütün məsələləri tənzimləməyi nəzərdə tutan layihədə tərbiyəçilərin seçimi və meyarları da öz əksini tapacaq”.


“Dövlət bağçaları da özəllərdən geri qalmır”

“Dövlət bağçaları daha öncə də pulsuz deyildi”, – deyir, Əhməd Əliyev. O, bu il 3 yaşlı qızı Leylanı bağçaya qoymaq istəyib. Deyir, özəl bağçalar ailə büdcəsinə uyğun gəlmədiyindən dövlət bağçaları ilə maraqlanmalı olub: “Dedik dövlət bağçası pulsuzdur. Ona görə də bizə yaxın olan bağçalarla maraqlandıq. Özəl bağçaların ayı 150-200 manatdan başlayır. Ancaq dövlət bağçası da onlardan geri qalmır. Əvvəla, qəbul üçün 300-500 manat istəyirlər. Sonrası üçünsə hər ay 50-60 manat. Daha bunun harası dövlət bağçası oldu?”

Əhməd Əliyev deyir ki, dövlət bağçasının pulsuz olduğunu, şikayət edəcəyini deyəndə də “bağçada yer yoxdur”, – cavabını alırsan:

“Adamı normal qarşılamırlar. Bizim getdiyimiz bağçada müdirin üzündən zəhrimar yağırdı. Suallarımıza qısa və kəskin cavablar verirdi. Ancaq bağçanın görünüşü, təmiri çəkici idi. Dedi, həmin pula bir neçə dərnək filan da var. Rəqs, musiqi, ingilis və rus dillərini öyrədirlər. Yeməkləri və mətbəxi də yaxşı durumda idi. Ən əsası da həyətyanı sahəsinin olması idi. Həyəti oynamaq, hava almaq üçün əla idi. Ancaq dövlət bağçası da özəl bağçalar kimi pullu idi. Həmin pulun üstünə bir az da əlavə qoysam, qızımı özəl, daha yaxşı, şəraitli bağçaya qoya bilərəm”.


“Bağçaların ödənişli edilməsi illərdir dövlətin bu sahədə apardığı siyasətə uyğun gəlmir”

Nadir İsrafilov

Təhsil üzrə ekspert Nadir İsrafilov deyir ki, dövlət bağçalarının pullu olması normal hal deyil:

“Gah deyirlər, özəl bağçaları pulsuz olacaq,  gah da dövlət bağçalarının pullu edilməsi ilə bağlı xəbərlər çıxır. Hazırda Milli Məclis tərəfindən “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi üzərində müzakirələr gedir. Yəqin qanun təsdiq olunandan, müzakirəyə çıxarılandan sonra bu məsələlərə münasibət göstəriləcək. Biz bilirik ki, bu dəqiqə məktəbəqədər hazırlıq prosesinin özündə boşluqlar var. Müəyyən hissəsi bağçalarda, müəyyən hissəsi məktəblərdə həyata keçirilir. Məktəbəqədər hazırlığın ödənişsiz olması məsələsi də gündəmdədir. Bu gün bağçaların ödənişli edilməsi illərdir dövlətin bu sahədə apardığı siyasətə uyğun deyil”.


“Kasıbın usağı bağçadan uzaq düşəcək”

Nadir İsrafilov deyir ki, ödəniş məsələsi bu saat ali məktəblərdə də problemdi,qaldı bağçalar olsun:

“Əhali elə bir vəziyyətdədir ki, bu əlavə ödənişlər onların gəlirləri ilə adekvat deyil. Əgər belə bir şey baş verərsə, mən bunu normal hesab etmərəm. Çünki dövlətin bağça və məktəbəqədər təhsili ödənişsiz etmək üçün kifayət qədər imkanı var. Özəl bağçalar özləri bilərlər. Bu, bütün dünya praktikasında var. Onsuz da imkanı olan övladını aparıb özəl bağçaya qoyur. İmkansızın da seçimi dövlət bağçasıdır. Bunu da pullu etsələr, alternativ olmayacaq axı. Nəticədə kasıbların uşaqları bağçadan uzaq düşəcək”.


Bağçanın pullu olması təhsilin keyfiyyətinə təsir edəcəkmi?

“Təhsilin keyfiyyəti bağçanın pullu və ya pulsuz olması ilə əlaqəli deyil”, – deyir, Nadir İsrafilov.

“Söhbət gedir ki, müəllimlərin əmək haqqı artsa, təhsilin keyfiyyəti də artacaq. Yəqin indi də fikirləşirlər ki, bağça pullu olsa, məsuliyyət çoxalacaq. Mən belə şeylərin maddiyyatla ölçüldüyünə inanmıram. Sovet dönəmində bağçalar da, məktəblər də, universitetlər də pulsuz idi. Təhsil isə bir o qədər keyfiyyətli. Məncə, bu işdə məsuliyyət, mənəvi tərəflər əsasdır. İnsanlar işlərini sevsə, ona məsuliyyətlə yanaşsa, təhsil keyfiyyətli olar. İslahat insanın mənəviyyatında getməlidir, maddiyyatda yox”.


“Hesab edirəm ki, bu məsələyə baxılacaq və hamının xeyrinə olan qərar veriləcək”

Nadir İsrafilov deyir ki, bu gün onsuz da valideynlərin boynuna çox böyük yük düşür:

“Hazırlıq pullu, yaxşı məktəblər pullu, universitet pullu, bağça da pullu olsa, yazıq valideyn neyləsin?Doğru yanaşma deyil. Təhsilə dair dövlət strategiyası qəbul olunub. Orada göstərilir ki, məktəbəqədər təhsil aşağı səviyyədədir. Müxtəlif rəqəmlər göstərilib. Kəndlərdə 13, şəhərdə 18 faiz və s. Bu strategiyada nəzərdə tutulub ki, məktəbəqədər təhsilin səviyyəsi 2020-ci ilə qədər 90 faizə qaldırılmalıdır. Bu, dövlətin vəzifəsidir. Dövlət bağçalarını pullu etsələr, strategiyanın vəzifələrini həyata keçirə bilməyəcəklər. 90 faizə necə nail olmaq olar pullu olsa? Hesab edirəm ki, bu məsələyə baxılacaq və hamının xeyrinə olan bir qərar qəbul ediləcək”.

Ana səhifəXəbərlərDövlət bağçaları pullu ola bilər