Sona hər 21 gündən bir qan köçürür. Səhhəti yol verməyəndə bəzən hər həftə qan köçürməli olur. Tez-tez qan köçürməsini Respublika Talassemiya Mərkəzində onlara normal tibbi yardım göstərilməməsi ilə bağlayır.
Ötən ilin noyabrında talassemiya xəstəliyindən əziyyət çəkənlər Respublika Talassemiya Mərkəzinin qarşısında aksiya keçirdilər. Onlar Mərkəzdə sağlamlıqları üçün normal şəraitin yaradılmaması, bu xəstəlikdən ölüm hallarının çoxalmasını qabardırdılar. Sona deyir ki, aksiyadan sonra eyni vəziyyət davam edir.
İndiyə qədər talassemiya xəstəliyinin qarşısının alınması üçün 3 dövlət proqramı qəbul olunub. Talassemiyadan əziyyət çəkənlər bu proqramların bir çox bəndlərinin yerinə yetirilmədiyini deyirlər.
Gənclər deyir ki, talassemiya xəstəliyindən dostlarını itirməkdə davam edirlər. Ölümlərinin səbəbi göstərilmir, sadəcə bir söz deyilir : “Özünə diqqət etmirdi”.
Səhiyyə Nazirliyi sorğumuza cavab olaraq bildirib ki, Respublika Talassemiya Mərkəzində 2546 xəstə qeydiyyatdadır. 2014-cü ildən bu vaxta qədər talassemiya xəstəliyindən əziyyət çəkənlərdən 20 nəfərinə sümük iliyi köçürülüb. Nazirlik bildirir ki, qanlar yoxlanılır və qan qıtlığı yaşanmır. Texniki təchizat ilə bağlı problem yoxdur. Nazirliyin bildirdiyinə görə, talassemiyalı xəstələr gündəlik qida menyusu üzrə nəzərdə tutulmuş içki və yeməklərlə təmin olunurlar.
Sona bəzən yorulub, geri çəkilmək istədiyini desə də, sonra yenə gücünü toplayıb haqlarını tələb etməyə davam etdiyini söyləyir.