”Manatın dəyərdən düşməsini şərtləndirən amillər fəallaşır”
Hazırda ictimaiyyəti ən çox maraqlandıran suallardan biri də manatın dəyərinin dollara nəzərən nə zaman sabitləşəcəyidir. Son günlərədək bahalaşan, sonradan davamlı şəkildə və daha kəskin formada ucuzlaşan manat biznes icmasının və istehlakçıların bu istiqamətdə gözləntilərini doğrultmadı.
Nə baş verir?
Manatın dünyanın aparıcı valyuta vahidlərinə nəzərən dəyərinin uculaşmasını şərtləndirən amillər fəaldır. Onların qısamüddətli təsir imkanları manatı daha da ucuzlaşdıracaq.
2017-ci ilədək fəal olacaq bu amillər nələrdir?
Birincisi, aparılan qiymətləndirmələrə görə, “Bank Standard” bağlanan zaman bankda fiziki şəxslər 603 milyon manat məbləğində ümumi əmanətlərə, 568 milyon manat məbləğində isə qorunan əmanətlərə malikdir ki, sonuncunun da 460 milyon manatını sığortalanıb. Bu əmanətlərin 62 faizi və ya 285 milyonu dollarla yerləşdirilib, yerdə qalan 175 milyon manatı isə milli valyutadadır. Bununla yanaşı, eyni müştərinin həm dollar, həm də manatda əmanəti olduğu halda, bank onların borclarını manatla qaytarmağa başlayıb. Bu, o deməkdir ki, bankdan əmanətini manatla alanların sayı artacaq, eyni zamanda onlara manatla verilən əmanətlərin məbləği 175 milyon manatdan çox olacaq. Bu nağd vəsait valyuta bazarında dollar olan tələbatı artıracaq.
Dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması siyasəti davam etdirilərsə
…
İkincisi, SOCAR-ın dövriyyədə olan və valyuta bazarında manata dəyişdirilən valyuta vəsaitinin bir qismi onun sahiblərinin sərəncamından çıxarılıb. Bu amil valyuta bazarına çıxarılan şəxsi valyutaların həcmini aşağı salıb və dolların təklifini azaldıb.
Üçüncüsü, bu müddət ərzində dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması siyasəti davam etdirilərsə Dövlət Neft Fondu bazara əvvəlki dövrlə müqayisədə daha az valyuta çıxaracaq. Bu isə valyuta təklifinin aşağı salınmasına ciddi təsir göstərəcək və digər başqa amillərin də manatın ucuzlaşmasına təsirlərini gücləndirəcək.
Dördüncüsü, ilin sona yaxınlaşması ilə əlaqədar şirkətlərin, bankların və dövlətin xarici borc öhdəliklərinin icrasına yönəldəcəyi valyuta vəsaitlərinin həcmindəki artım bazarda dollara olan tələbatı artıracaq.
Nəhayət, ABŞ FED-in noyabrın 1-2-də gözlənilən toplantısında uçot dərəcəsinin artırılması ilə bağlı müsbət qərar vermə ehtimalının günbəgün artması da manata olan psixoloji təzyiqləri yüksəldəcək.