Riçard Kozlariç: “Dövlət Departamentində olsaydım, məsələni araşdırmağa çağırardım”
“İnsanların sosial və iqtisadi problemlərlə bağlı öz narahatlıqlarını ifadə etməsinə imkan verilməlidir”.
Bunu “Amerikanın səsi” radiosuna müsahibəsində Bakıda, oktyabrın 19-da keçirilən mitinq və onun dağıdılmasına münasibət bildirən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç deyib.
Onun sözlərinə görə, polisin dinc etiraz aksiyası iştirakçılarına qarşı sərt rəftarı Azərbaycan hökumətinin özü haqda yaratmaq istədiyi imicə ziddir.
“Təkcə Əli Kərimli deyil, digərləri də saxlanılmışdı və döyülmüşdü. Bu, azad şəkildə, özü də müasir cəmiyyətdə fikirlərin ifadə edilməsi məsələsi ilə bağlı rejimin davranışı baxımından çox şeyin dəyişmədiyinə bir işarədir”, – Riçard Kozlariç deyib.
O, ABŞ səfirliyinin bu hadisələrlə bağlı bəyanatını yaxşı göstərici adlandırıb.
“Bu, beynəlxalq ictimaiyyətin, ABŞ-ın Azərbaycanda baş verənlərə diqqət yetirdiyini və polis qəddarlığı kimi hadisələr baş verəndə insanların buna reaksiya verdiyini göstərir. Avropa İttifaqının da ciddi bəyanatla çıxış etməsi məni razı saldı. Bu, Azərbaycanın Qərbdəki iki ən güclü tərəfdaşının reaksiyasıdır”, – keçmiş səfir vurğulayıb.
Riçard Kozlariçin fikrincə, polisin bu dəfə davranışı, adamların kütləvi həbsi, avtobuslara salınması belə bir bəyanata səbəb olub.
Keçmiş səfir Qərb diplomatlarının gizli yazılmış danışıqlarının KİV-də yayılması ilə bağlı təəccübünü bildirib.
“Bu, normal davranışdan kənar bir addımdır. Amerika səfirliyinə nəyisə tənqid etmək üçün zəng etmək olar. Amma tamamilə zərərsiz danışıqları yazıya almaq və sonra onları dərc etmək, mənə olduqca qəribə gəldi”, – o deyib.
Riçard Kozlariç bildirib ki, Dövlət Departamentində olsaydı, bu məsələni araşdırmağa çağırardı.
Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da metronun “28 may” stansiyası qarşısında mitinq keçirib. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) aksiya haqqında yaydığı açıqlamada 60 nəfərin saxlanıldığını, onlardan 41 nəfərin sərbəst buraxıldığını bildirib. AXCP sədri Əli Kərimli Meydan TV-yə 27 oktyabr müsahibəsində 28 nəfərin inzibati cəza aldığını deyib.