Diplomatın statusu hakimiyyəti silkələdi

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında nümayədəsi Arif Məmmədovun Facebookda yazdığı status skandal yaratdı.

Source:


İqtidar dəstəkçiləri Arif Məmmədovu satqın və xəyanətkar adlandırdı

2015-ci ilin 3 iyunu Azərbaycanın siyasi tarixinə düşəcək təqvim kimi yadda qalacaq. Günün ikinci yarısı medianın diqqəti Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri (2000-2006), Avropa Şurasında daimi nümayəndəsi (2007-2012) olmuş, hazırda isə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında nümayədəsi Arif Məmmədovun Facebook-da yazdıqlarına yönəldi. Hakimiyyətin təsir dairəsində olan media orqanları Arif Məmmədovu və onun yazdıqlarına dəstək verən XİN nümayəndələrini də “satqınçılıqda” və “xəyanətdə” ittiham edirlər.


Doğrudanmı, Arif Məmmədovun yazdıqları “satqınçılıq” və “xəyanət”dir?

Meydan TV olaraq əvvəlcə diplomatın yazdıqlarını oxucularımıza təqdim edir, sonra münasibətlərə yer ayırırıq.

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında nümayədəsi Arif Məmmədov mayın 19-da paytaxtın Binəqədi rayonunda baş vermiş faciə haqqında yazır: “Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”.

Diplomatın növbəti statusu Avropa Oyunları məşəlini İlhamə Quliyevanın daşıyacağı xəbərinə münasibətdir: “Avropa Oyunlarının məşəldarları siyahısına xalq arasında sevilən parlaq şəxsləri, məsələn, Siyavuş Novruzovu (idmançı və millət vəkili), Əhəd Abıyevi (intellektual və millət vəkili), gül kimi Hafiz Hacıyevi (nəhəng partiyanın rəhbərini) niyə əlavə olunmasın? Ölkənin parlaq “dostları”nı, məsələn, Jirinovski və ya Gennadi Züqanovu da bu siyahıya əlavə etmək olar”.


XİN-in mətbuat xidmətinin rəhbəri və bir sıra əməkdaşları hədəfdə

Bu statuslardan sonra iqtidarın nəzarətində olan media və YAP-ı təmsil edən deputat Siyavuş Novruzov Arif Məmmədovu təhqir etməklə bərabər prezident Əliyevdən qəti qərar gözlədiklərini ifadə etdilər.

Konkret olaraq, virtualaz.org Azərbaycan Xarici İşlər Nazirliyində “təmizləmə” işlərinə start verildiyini yazır. Sayt Arif Məmmədovun statusunu like edənlərdən Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşı Anar Mədətlinin adını çıkir. Və onun atası, Azərbaycanın Ukraynadakı səfiri və GUAM yanındakı daimi nümayəndəsi Eynulla Mədətlinin vəzifəsindən azad edilməsi barədə prezidentin fərmanını xatırladır. Sayt daha sonra əlavə edir ki, XİN-dəki gizli antiəliyevçilər arasında Belçikadakı səfirliyin iki əməkdaşı da yer alır. Bunlar Fərəh Gözəlova və Ramiz Vəliyevdir. “Eyni zamanda, XİN rəhbərliyinin göstərişi ilə gizli antiəliyevçi hərəkatın bütün üzvləri, o cümlədən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin barəsində xidməti təhqiqat başlayıb. Cinayət işlərinin qaldırılması da gözlənilir”,-deyə sayt yazır. Ümumiyyətlə, sayt Arif Məmmədovun statuslarını üsyan çağırışları kimi dəyərləndirib.


YAP-çı deputat: “Arif Məmmədov dərhal tutduğu vəzifədən geri çağırılmalıdır”

Arif Məmmədovu “erməni” adlandıran YAP icra katibinin müavini, deputatı Siyavuş Novruzov daha sərt danışıb və təhqiramiz ifadələr işlədib. Deputat “Trend” agentliyinə deyib:

“Uzun müddət Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri, Avropa Şurası yanında daimi nümayəndəsi, indi isə İslam Əməkdaşlıq Təşkilatı yanında nümayəndəsi Arif Məmmədov Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Buna görə də, o, dərhal tutduğu vəzifədən geri çağırılmalı və ona verilən bütün diplomatik titullar alınmalıdır”.

“Qanında, canında azərbaycanlı qanı olan bir insan bu cür həqarətlə azərbaycanlıları, öz ölkəsini, öz millətini təhqir edə bilməz. Bu adamın qanında erməni qanı var. O deyir ki, “3 gün Azərbaycanda qaldım, mən qocaldım”. 20 il Azərbaycanın dövlət vəsaiti hesabına, Azərbaycan vətəndaşlarının verdiyi vergilər hesabına 100 min avrodan bahalı maşında gəzən, uşaqlarını bahalı məktəblərdə oxutduran, ailəlikcə müxtəlif istirahət mərkəzlərində dincələn və Azərbaycan Respublikasından əməkhaqqı alan bu adam Azərbaycan haqqında belə söz deyirsə, o, yalnız erməni ola bilər”,- bu sözləri də Novruzov deyib.

Deputat bildirib ki, bu cür adamın diplomatik vəzifədə çalışması Avropa Şurası, Avropa Parlamenti tərəfindən antiazərbaycan bəyanatlarının yayılmasının başında kimin durduğunu bəlli edir: “Bu adam özü Azərbaycan haqqında bu cür düşündüyü halda Avropa İttifaqında, Avropa Şurasında Azərbaycan haqqında hansı təbliğatı apara bilər? Avropadan gələn bütün insanlar, turistlər, beynəlxalq tədbirlərdə iştirak etmək üçün gələn dövlət adamları, prezidentlər Azərbaycanın nə qədər inkişaf etdiyini, Bakının, Azərbaycanın regionlarının nə qədər gözəlləşdiyini qeyd etdikləri halda, Azərbaycanın səfiri burada 3 gün yaşayanda qocalmağı barədə bəyanat yayır. Azərbaycanın sosial-iqtisadi inkişafını, Azərbaycanda tikilmiş üç mindən artıq məktəbi, 500-dən artıq xəstəxananı, yüzlərlə uşaq bağçasını, yeni tikilən yolları, körpüləri ya bunun gözü görmür, ya da görmək istəmir, çünki qanında erməni qanı var”.

S.Novruzov qeyd edib ki, A.Məmmədovun Azərbaycan haqqında çıxışı Zori Balayanın çıxışı ilə eynidir: “Bu düşüncənin sahibi ancaq erməni ola bilər. Buna görə də, o, dərhal geri çağırılmalı, tutduğu vəzifədən azad edilməli və ona verilmiş bütün diplomatik rütbələr əlindən alınmalıdır”.


Azərbaycan XİN: “Arif Məmmədovun davranışı diplomat adına yaraşmır”

Hakimiyyətin təsir dairəsində olan virtualaz.org Arif Məmmədovu dəstəkləyənlər sırasında XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin də olduğunu göstərmişdi. Hətta Hikmət Hacıyevin məlum statusu bəyəndiyini təsdiqləyən foto da yayılıb.

Ancaq maraqlıdır ki, Hikmət Hacıyev Trend-ə bildirib ki, XİN daxili prosedur çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədovun sosial şəbəkələrdə yayılan bəyanatı ilə bağlı məlumatı dəqiqləşdirir.

Onun sözlərinə görə, əgər məlumat təsdiqini tapacaqsa, Arif Məmmədovun belə davranışı diplomat adına yaraşmır: “Bu, qəbuledilməz, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır”.


Meydan TV baş verənləri izləməyə çalışacaq.

Ana səhifəXəbərlərDiplomatın statusu hakimiyyəti silkələdi