Nazirlik Baş İstintaq və Təhqiqat İdarəsinin işlə bağlı araşdırma apardığını deyir
Daxili İşlər Nazirliyi (DİN) Goranboyda pambıqçıları daşıyan avtobusun aşması barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, oktyabrın 27-də saat 17 radələrində Goranboy rayonunun Nadirkənd kəndi ərazisində Sarovlu kənd sakini Sabir Mahmudovun idarə etdiyi “İsuzu” markalı avtobus aşıb.
Nəticədə S. Mahmudovun sərnişinlərindən 14 nəfəri xəstəxanaya yerləşdirilib.
Onlardan 11-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Digər 3 nəfərin müalicəsi davam edir.
Məlumatda vurğulanır ki, Baş İstintaq və Təhqiqat İdarəsi işlə bağlı hazırda araşdırma aparır.
Oktyabrın 27-də yayılan ilkin məlumatda Goranboyda qəzaya düşən avtobusda 63 nəfərin olduğu bildirilirdi.
Xəbərdə vurğulanırdı ki, onların bəziləri rayonun Qaraçinar və Şəfəq kənd uşaq bağçalarının işçiləri olub.
Başqa mənbələrdə isə xəsarət alanların 20-dən çox olduğu bildirilirdi.