DİN: ”Lady Sharm” saxta etiketlərlə Çin istehsallı paltarlar satıblar

Şirkətin sahiblərinin saxlanıldığı bildirilir

Source:


Şirkətin sahiblərinin saxlanıldığı bildirilir

Polis “Lady Sharm” mağazalar şəbəkəsində xüsusi əməliyyat keçirib.

“Turan” Daxili İşlər Nazirliyinə istinadən bildirib ki, şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çində istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior” , “İtterre” və digər məşhur bredlərin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.

“Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.

Eyni zamanda, qeyd olunub ki, əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib:

“Sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb. Araşdırmalarla həmçinin “Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in İtaly” nişanları tikildiyi məlum olub. Şirkətin anbarlarına baxış zamanı “Lady Sharm”ın “qara” mühasibatlığının aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb. Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə “Lady Sharm” bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub”.

Ana səhifəXəbərlərDİN: ”Lady Sharm” saxta etiketlərlə Çin istehsallı paltarlar satıblar