“Yeni imtahan modeli ictimaiyyətə sentyabrda açıqlanacaq
”
Avqustun 24-də Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycanda test imtahanının ləğv olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
DİM-in açıqlamasında deyilir ki, hazırda Təhsil Nazirliyi ilə DİM yeni imtahan modelləri üzərində müzakirələr aparır.
“Dəyişikliklərin, yeni modelin sentyabrda ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirirlər”.
Qurumun açıqlamasına görə, yeni model hazırlanma mərhələsində olduğu üçün gələcəkdə imtahan formatının necə olacağını indidən demək çətindir:
“Müzakirələr bitdikdən, hüquqi normativ sənədlər hazırlandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək”.
Azərbaycanda test üsulu ilə imtahan verilməsi 1992-ci ildən həyata keçirilir. 1992-ci ildən 2016-cı ilə kimi DİM Tələbə Qəbulu üzrə Dövlət Komissiyası statusunda qəbul imtahanlarını həyata keçirən qurum kimi fəaliyyət göstərib. 2016-cı ildən TQDK Dövlət Qulluğuna Qəbul Məsələləri üzrə Komissiya ilə birləşdirilərək Dövlət İmtahan Mərkəzi publik şəxs statusunda fəaliyyət göstərir.