Ermənilərin təşkil etdiyi “məhkəmə prosesi”ndə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il həbs cəzasına məhkum olunub
Azərbaycan tərəfinin bütün səy və çağırışlarına baxmayaraq Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də erməni girovluğundadır. Ermənilərin təşkil etdiyi “məhkəmə prosesi”ndə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il həbs cəzasına məhkum olunub. Həmvətənlərimiz bir ildən çoxdur həm girov, həm də məhbus həyatı sürürlər…
Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva modern.az saytına açıqlamasında təmsil etdiyi qurumun nümayəndələrinin girovlara növbəti dəfə baş çəkdiyini deyib:
“Dilqəm və Şahbazın hüquqlarını müdafiə edən Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Ohancanyan və assambleyanın üzvü Svetlana Cangiryan növbəti dəfə onlara baş çəkib, saxlanma şəraiti ilə maraqlanıblar, Yeni il hədiyyələri veriblər”.
A.Abdullayevə ona verilən məlumatlara əsasən bildirib ki, girovların sağlamlığı ilə bağlı şikayətləri yoxdur.
Hüquq müdafiəçisi girov, itkin və əsir düşmüş vətəndaşlarla bağlı keçirilən konfransda Dilqəm və Şahbazın məsələsini bir daha qaldırdıqlarını deyib:
“Təxminən iki həftə əvvəl Tibilisidə İngiltərənin “Consilesion resurs” təşkilatı tərəfindən keçirilən konfransda girovların məsələsini qaldırdıq. Biz qeyd etdik ki, Azərbaycanda əsir olan erməni hərbçi Arsen Baqdasaryanla Dilqəm və Şahbaz dəyişdirilə bilər. Şəxslərin günahlandırıldıqları məsələ təxminən eyni olduğundan onların dəyişdirilməsi təklifini irəli sürdük və gündəmdə olmasını istədik”.