Hər bir yemək istəyən azərbaycanlı dəqiq anlayır ki, yemək naminə dinməməlidir
Müasir Azərbaycanın qüsurları çoxdur. Dəvəyə deyirlər “boynun əyridir”, deyir “haram düzdür ki, boynum əyri olmasın?”. Azərbaycanın hakimiyyəti və müxalifəti, elmi və təhsili, iqtisadiyyatı və nəqliyyatı, səhiyyəsi və məhkəməsi, parlamenti və mediası…
Deyəsən, əsas qüsurlu sahələri dedim, istəsəniz, buraya polisi və həbsxanaları da əlavə edə bilərsiniz. Məndən olsa, vətəndaşlarımızın şüur səviyyəsini də xatırlayardım. Vətəndaşların öz hüquqlarına və məsuliyyətinə münasibəti acı təbəssüm doğurur.
Bircə təsəlli var: rəqib Ermənistanda bu sadalananların çoxunun vəziyyəti bizdəkindən bərbaddır.
Keçirəm mətləbə. Özünü bloger adlandıran, lakin çox zaman jurnalist kimi aparan bir kəs Erkin Qədirliyə sual verib ki, Azərbaycanda seçki nə təhərdir?
Bu kəsin özünü bloger adlandırmasına və jurnalist kimi aparmasına ona görə rişxəndlə yanaşıram ki, blogerin və jurnalistin peşə borcu insanların bilmədiyi məlumatı əldə edib cəmiyyətə çatdırmaqdır. Azərbaycanda kim bilmir ki, seçkilər total saxtalaşdırılır? Əgər özünü bloger və jurnalist adlandıran kəs hamının gözəl və hərtərəfli bildiyi məlumat barədə sual verirsə, deməli, onun məqsədi insanların bilmədiyi məlumatı əldə edib cəmiyyətə çatdırmaq deyil. Bəs nədir? Qalmaqal yaratmaq və adını hallandırmaqdır. Vəssalam. Bu kəs güddüyü məqsədə çatıb, qalmaqal yaradıb.
Müxtəsər, vicdanlı və düzünəqulu Erkin Qədirli də hamının bildiyi həqiqəti dilinə gətirib, deyib ki, Azərbaycanda seçkilər hakimiyyət tərəfindən saxtalaşdırılır.
Deyib, deyib də, noolsun, bunu məgər hamı demir? Deyir. Lakin bu deyimin bir əmmazı var. Erkin Qədirlini Azərbaycan cameəsi tədricən savadlı və vicdanlı insan və siyasi xadim kimi tanımağa başlayıb. Seçki saxtakarlığından ənənəvi müxalifət nümayəndələri danışanda, hakimiyyət buna fikir vermir, çünki əmindir: cəmiyyət bu ənənəvi müxalifətin əyri işlərini gözəl xatırlayır və ununtmayacaq. Amma düzünəqulu Erkinin sözləri daşı deşir. Və hakimiyyət başlayır əsəbiləşməyə.
Bizim hakimiyyətin əsəbiləşməyinin dərəcələri var.
Ən ali dərəcədə hansısa qatil yava danışanın ağzından güllə vurur. Ziya Bunyadovun və Elmar Hüseynovun qətlini xatırlayın. Ondan aşağı pillədə naməlum xuliqanların hücumu gəlir. Yadınıza Sərdar Cəlaloğluna küçədə və insan hüquqlarının müdafiəçilərinə Naxçıvan hava limaninda edilmiş hücumları salın. Daha aşağı pillədə polisin vətəndaşı saxlaması, axtarması, cibindən narkotik tapması və məhkəmə qərarı ilə içəri ötürülməsi gəlir. Şair Mirzə Sakit və digər yüzlərlə binəva, illah ki, Avropadan üzüqara qayıtmış vətəndaşlarımız. Ən aşağı pillədə vətəndaşın polisə müqaviməti, polisi söyməsi və hətta kəc baxması gəlir ki, sonuncunu cəmiyyətimiz sadəcə hakimiyyətin humanizmi və dilxoşluğu kimi qəbul edir. Burada hamının yadına bu yaxınlarda yubiley tutuqlamasından evinə arıqlayıb dönmüş birisi düşsə, yanılmarıq.
Bu dəfə hakimiyyətin yuxarı dairələrində, baxmayaraq ki, Ramiz Mehdiyev dəxi orada yoxdur, köhnə sınanılmış fənddən istifadə etməyi qərara aldılar.
Dost və həmkar qınağı! Bundan təsirli və həm də yumşaq nə ola bilər?
Bəllidir ki, bizim millət vəkilləri iki halda danışırlar. Birinci, icazə olanda, ikinci, göstəriş olanda. Erkin Qədirli qəziyyəsinin xüsusiyyətləri ikinci haldan xəbər verir. Yəni bir neçə millət vəkilinə nəyi və necə deməyi tapşırıblar. Onlar da bu tapşırığın öhdəsindən qabiliyyətləri daxilində uğurla gəliblər.
Məni millət vəkili Fəzail müəllimin əsl ziyalıya və alimə yaraşan bədii danışığı məftun etdi. Hamıya bəllidir ki, Fəzail İbrahimli uzun illərdir Vətəndaş Həmrəyliyi Partiyasının sıralarında mətin və ardıcıl müxalifətçidir. Hamıya da məlumdur ki, bu partiyanın adındakı həmrəylik həm hakimiyyətə, həm müxalifətə, hətta bitərəflərə aiddir. Bu cahanşümul və total həmrəylik məfhumundan çıxış edərək Fəzail müəllim Erkin Qədirlini elə ustalıqla qınaq atəşinə tutub ki, nəticədə Erkin bəy deyil, onun bədxahları sağalmaz söz yaraları alıblar.
Millət böylə söz ustalığından bəhrələnməli və öyrənməlidir. Zira millətin öz siyasi savadını artırmasına əşəddi-ehtiyacı var. Baxın görün Fəzail müəllim necə ustalıqla və necə incə tərzdə hakimiyyət üçün Erkin bəyi qınayıb, müxalifət üçün hakimiyyəti ifşa edib, dünyadan bixəbər qara camaata isə unudulmaz sadə dildə siyasət dərsi keçib!
Fəzail müəllim riyazi tənlik kimi sadə və sərt bir deyim ortalığa qoyub. Deyib ki, “Yeyirsənsə, demə, deyirsənsə, yemə”.
Dahiyanə deyimdir! Bütün çağdaş Azərbaycan siyasətinin cövhəri bu sadə sözlərlə ifadə edilib. Bu sözləri bizim məktəblərdə tədrisi nəzərdə tutulmuş “Milli Politologiya” fənninin dərsliklərinə salmaq lazımdır. Bir qəbristanlıqdan savayı, bütün idarə və məqamlarda girişin üstündə iri hərflərlə yazıb asmaq lazımdır.
Fəzail müəllim Erkin bəyin yadına salıb ki, ey mənim savadlı, lakin bişməmiş vəkil həmkarım! Xatırla ki, bizim işimiz Milli Məclisdə yeməkdir. Rus olanda nə olar, rusların gözəl bir məsəli var: “Koqda ya yem, ya qlux i nem”(yeyəndə karam-lalam). Bizim Azərbaycan dilində də buna bənzər atalar sözü var: “Gördün yemək, daha nə demək”.
Yəni ay Erkin bəy, gözəl bilirsən ki, biz millət vəkillərini bu Milli Məclisin gözəl-göyçək binasına ona görə salıblar ki, biz orada parlamenti təmsil edək, oturub xımır-xımır yeyək, icazə veriləndə danışaq-deyək, verilməyəndə, dinməzcə yeyək. Millət də bizə baxıb öyrənsin, yeməklə dinmək arasında seçimi düz etsin. Bəli, azərbaycanlı insan görəndə ki, hakimiyyət yeməyə imkan verir, daima susub dinməməlidir. Dinən Quskanın (keçmiş deputat Hüseyn Abdullayev nəzərdə tutulur – red) kökünə düşər.
Amma elə ki, icazə verildi, başlamalıdır danışmağa. Danışmağa icazə veriləndə susmaq milli xəyanətə bərabərdir. Hamı “movqeyini bildirməlidir”. Movqeyini bildirməyən, öz milli borcunu ödəməkdən boyun qaçıran hər kəs yemək imkanından əbədi məhrum edilir və bunu görən əhli-hal insanlar deyir ki, “əcəb oldu sənə, yerini və sözünü bilməyənin aqibəti bax belə olar”.
Fəzail müəllim bircə bu sərrast sözü ilə ənənəvi müxalifətə də dərs keçib, göstərib ki, mitinqsiz-zadsız, bircə yerində deyilmiş qısa cümlə ilə hakimiyyətin yalan piramidasını dağıtmaq olar. “Yeyirsınsə, dinmə!”
Bu tutumlu cümlədən sonra hakimiyyətin siyasətinin müdafiəsinə həsr edilmiş qalaq-qalaq kitab kəsərdən düşdü.
O biri tərəfdən, milli pedaqogika elminə necə də dəyərli töhfədir! Bu kəlamın kölgəsində biz sabit, yenilməz-sarsılmaz dövlətimizin tərpənməz dayağı olan yeni nəsil azərbaycanlıları yetişdiririk. Hər bir yemək istəyən azərbaycanlı dəqiq anlayır ki, yemək naminə dinməməlidir.
Müxtəsər, canım sizə nə desin, bu qəziyyə Azərbaycan xalqını da, dövlətini də, demokratiyasını da dünyaya parlaq göstərdi. Ən əsası isə, millətə dərs oldu. “Zər qədrini zərgər bilər”. Əminəm ki, xalqımız bu qəziyyədən, Fəzail müəllimin xəzinə kimi qiymətli kəlamından ibrət götürəcək.
Yeyəndə dinməyəcək, danışanda yeməyəcək.