“Deyirlər, pulsuz dərman paketi yalnız şəhid və qazi ailələrinə verilir”

Vətəndaşlar “qaynat xətt”ə düşə bilmədiklərini deyirlər

Source: Meydan Tv


Vətəndaşlar “qaynat xətt”ə düşə bilmədiklərini deyirlər

“Evdə müalicə olunan koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş pulsuz dərman paketi verilmir. Deyirlər ki, guya şəhid ailələri və qazilərə paylanılır. Belə bir məsələdə şəhid və qazinin adından istifadə edilməsi insanların hissləri ilə oynamaqdır”.

Bunu Meydan TV-yə Bakı şəhər sakini Aygül Hüseynova yazıb. Onun sözlərinə görə, qeydiyyatda olduğu 26 saylı poliklinikadan belə deyiblər.

“Ailəlikcə koronavirusa yoluxmuşuq. Evdən çıxmağa icazə verilmir, təcili yardım qızdırması 38-dən aşağı olan çağırışlara gəlmir. Poliklinika həkimi telefonda məsləhət verir. Səhiyyə Nazirliyinin “qaynar xətt”i daim məşğul göstərir. TƏBİB-in “qaynar xətt”i isə ümumiyyətlə xəstələrin əsəbi ilə oynayır”, – şikayətçi deyib.

A.Hüseynova qeyd edib ki, TƏBİB-in “qaynar xətt”ində avtomat əvvəlcə gözləmə sırası və dəqiqəni deyir:

“Təxminən 30-40 dəqiqədən sonra sıra çatanda yenidən avtomat əvvəlki sıra və vaxta qayıdır, beləliklə, günün sonunadək gözləməyə məcbur qalırsan. Heç bir qurumun sosial şəbəkədəki mesaj bölümünə, eləcə də rəsmi səhifələrinə yazılanlar cavablandırılmır”.

“Qaynar xətt”in fəaliyyətsizliyindən bir müddət əvvəl jurnalist Xalid Vahidoğlu da öz “Facebook” hesabı vasitəsilə şikayətlənmişdi.

Daha bir koronaviruslu xəstə isə Meydan TV-yə şikayətində dərman paketinin içərisindən D vitamininin götürüldüyünü qeyd edib:

“Poliklinikanın sahə həkimi dərmanı verəndən sonra yoxa çıxdı, suallara cavab tapa bilmirik”.

26 saylı poliklinikadan məsələ ilə bağlı cavab vermək istəməyiblər. Özünü Günel Məmmədova kimi təqdim edən poliklinika əməkdaşı isə deyib ki, onlara dərman paketinin şəhid ailələri və qazilərə verilməsi üçün şifahi tapşırıq verilib: “Poliklinika həkimi özbaşına qərar vermir. Dərman olduqca az sayda verilir, xəstə isə çoxdur”.

Adının açıqlanmasını istəməyən həkimlərdən biri də deyilənləri təsdiqləyib:

“Burda poliklinikaların günahı yoxdur. Dərmanlar az sayda verilir və tapşırılır ki, yalnız şəhid və qazi ailələrinə, bir də səs-küy salan xəstələrə paylansın”.

Həkim əlavə edib ki, hamı onlardan, onlar isə İcbari Tibbi Sığorta Agentliyindən şikayətçidirlər:

“Koronavirusa qarşı peyvənd edən tibb heyətin maaşlarna əlavələr nəzərdə tutulmayıb. Halbuki biz də həyatımızı təhlükə qarşısına qoyuruq. Lakin heç kim maraqlanmır”.

Tibbi Klinik Mərkəzin (“Semaşko”) ginekologiya şöbəsinin həkimi isə Meydan TV-yə deyib ki, son 10-15 gündə koronavirusa yoluxan hamilə qadınların sayı artıb. “Xəstəxanalarda yer yoxdur, evdəki xəstələr isə vaxtında və düzgün müalicə ala bilmirlər. Təəssüf ki, hamilə qadın ölümləri də qeydə alınır. Təxminən 10 gün əvvəl 8 aylıq hamilə qadının ölümündən xəbər tutduq. İlyarımdır pandemiya davam edir, həkimlərin kifayət qədər təcrübəsi var, amma sistem doğru qurulmayıb. Xüsusilə evlərdə müalicə alanlar taleyin ümidinə buraxılıb. TƏBİB yalnız xəstəxanalardakı müalicəyə cavabdeh olduğunu açıqlayır. Amma xəstənin yerləşdirilməsi üçün yerləri onlar müəyyən edirlər. İlyarımdır nəinki xəstələr, hətta həkimlər belə üç qurumun arasında qalıb, məsuliyyəti bir-birinə yükləyirlər”, – həkim danışıb.

Səhiyyə Nazirliyi dərman paketi ilə bağlı şikayətlərə cavab verməyib. TƏBİB-in mətbuat xidmətindən isə Meydan TV-nin yazılı sorğusuna belə cavab verilib:

“Məlumat üçün bildiririk ki, Bakı şəhəri üzrə TƏBİB virusa yoluxmuş şəxslərin yalnız stasionar müalicəsi ilə məşğuldur. Amblator müalicə, Təcili Tibbi Yardım xidməti və poliklinikaların evdə müalicəsi(dərmanla təmin etmə) ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilərsiniz”.

“Qaynar xətt”in fəaliyyətsizliyi ilə bağlı sorğuya isə cavab belədir:

“TƏBİB-in müstəqil qaynar xətti fəaliyyət göstərmir”.

Sözügedən “qaynar xətt”in ötən ilin fevralında yaradıldığı ilə bağlı mediada məlumat

verilmişdi

.

Ana səhifəXəbərlər“Deyirlər, pulsuz dərman paketi yalnız şəhid və qazi ailələrinə verilir”