”Deyirlər, gözləyirik hava istiləşsin, meyitlər üzə çıxsın”

Neftçi ailələri: “Biz axtarışın davam etdirilməsini istəyirik”

Source:
Günəşli yanğını
Günəşli yanğını

Neftçi ailələri: “Biz axtarışın davam etdirilməsini istəyirik”

Dekabrın 4-də “Günəşli” yatağında baş vermiş partlayışda itkin düşənlərin ailəsi yenə də SOCAR-a üz tutublar. Bu dəfə də onları Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov qəbul edib. Bu barədə Meydan TV-yə neftçilərin ailələri məlumat verib. Onların sözlərinə görə, SOCAR-ın vitse-prezidenti neftçi ailələrinə deyib ki, martın 17-də Rövnəq Abdullayev onları qəbul edəcək.

“Düz dörd aydır ki, Rövnəq Abdullayev bizi qəbul etmir. Axtarışlar getmir. Bizə heç nə lazım deyil. Sadəcə axtarışların getməsini istəyirik. Passiv axtarış bizi qane etmir. Ümumiyyətlə, passiv axtarış nə deməkdir? Qardaşlarımızı, oğullarımızı, atalarımızı bizə tapıb versinlər”- deyə ailələr bildirir.

İtkin düşən neftçi ailələri daha sonra axtarışlarla bağlı Xarici İşlər Nazirliyinə müraciət ediblər. Nazirlikdən ailələrə SOCAR-a və Fövqəladə Hallar Nazirliyinə müraciət etmələrini məsləhət görüblər:

“Dövlət onlara tapşırıb, onlar da itkin düşənləri tapıb verməlidir”

Onlar aylardır dövlət qurumlarını bir-bir dolaşıb itkin düşənləri axtarırlar. Günün sonunda Fövqəladə Hallar Nazirliyinə üz tutublar. Nazirlikdən ailələri fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev qəbul edib. Nazirlikdən aldıqları cavab, onları təəccübləndirib:

“Bizə Fövqəladə Hallar Nazirliyindən dedilər ki, gözləyirik havalar istiləşsin, meyitlər suyun üzünə çıxsın, bizdə götürək.  Dedilər ki, cihazlarımız zəifdir. Hər yerə tapşırmışıq. Passiv axtarışlar gedir”.

Fövqəladə hallar nazirinin müavini ailələrə deyib ki, bir neçə günə onları Kəmaləddin Heydərov da qəbul edəcək.

Ana səhifəXəbərlər”Deyirlər, gözləyirik hava istiləşsin, meyitlər üzə çıxsın”