Nazirlik təmsilçisi hesab edir ki, klassik əsərlərin dil-üslub və məzmunu müvafiq yaş səviyyəsinə uyğun gəlmir
“Dərsliklər müasir uşaqların qavrama səviyyəsi və qavrama sürətinə əsasən hazırlanır. Bu istiqamətdə aparılan tədqiqatlar dərsliklərin belə hazırlanmasına rəvac verir”.
Bu fkirlər Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun Meydan TV-nin sorğusuna cavabında yer alıb.
Meydan TV bu il, iyunun 29-da “Dərsliklər: qarışıq suallar, çətin misallar, ağır terminlər və eyni müəlliflər…” adlı məqalə dərc edib.
Məqalədə dərsliklərdəki çətin misallardan, ağır terminlərdən söz açılıb.
Cəsarət Valehov sorğuya cavabında bildirib ki, bu gün 5-6 yaşlı uşaqlar öyrənməyə daha erkən başlayır. Ona görə də təhsilin ilk mərhələsi məktəbəqədər təhsil qəbul edilir. Bu da onlara ibtidai siniflərdə verilən bilik və bacarıq səviyyəsinin yüksəldilməsini labüd edir.
Təhsil Nazirliyinin sözçüsü dərsliklərdə klassik yazıçı və şairlərin əsərlərindən çox müasir yazarların əsərlərinə üstünlük verilməsi, xüsusilə də eyni imzalar, eyni yazarların təkrarlanmasına məsələsinə aydınlıq gətirərək bildirib ki, Azərbaycan dili dərsliklərində verilən mətnlər bir sıra tələblərə cavab verməlidir:
“Klassik əsərlərin dil-üslub və məzmunu müvafiq yaş səviyyəsinə uyğun gəlmir. Ona görə də müəlliflər mətnləri müasir yazarlara sifariş etməli, ya da özləri yazmalı olur. Azərbaycan dili dərsliklərində mətnlər bir sıra tələblərə cavab verməlidir: söz ehtiyatı, dil-üslub və məzmun müvafiq yaş səviyyəsinə uyğun olmalı, oxuyub-anlama, danışma, yazı fəaliyyətini təşkil etmək və müvafiq dil qaydalarını tədris etmək üçün kifayət qədər material ehtiva etməlidir. Təəssüf ki, klassik əsərlərdə çox zaman şiddət, ölüm səhnələri, bədbinlik yaradan epizodlar əks olunur; onların dili arxaizmlərlə zəngin olur. Bu səbəbdən dərslik müəllifləri mətnləri müasir yazarlara sifariş etməli və ya özləri yazmalı olurlar. Bununla belə, qeyd etmək lazımdır ki, dərsliklərdə klassik nümunələr də (çox zaman adaptasiya olunmuş şəkildə) öz əksini tapır”.
İbtidai dərsliklərin “Tarixi və bayram günləri” bölməsində “Xocalı” faciəsi ilə əlaqədar hər hansı bir mətnə rast gəlinməməsinə gəlincə, nazirlik təmsilçisi, “Azərbaycan dili dərsliklərində Qarabağ müharibəsi mövzusuna kifayət qədər yer verilir. 6-cı sinif dərsliyində verilmiş “Əlif Hacıyev” mətnində isə bilavasitə Xocalı faciəsinə toxunulur”, – cavabını verib.
Onun sözlərinə görə, dərslik hazırlanması davamlı bir prosesdir – burada mütəmadi olaraq təkmilləşmə və yenilənmələr aparılır:
“Müasir təhsil fənlərarası inteqrasiyaya doğru gedir. Bu istiqamətdə ARTİ-də tədqiqatlar aparılır, qabaqcıl sistemlərin təcrübəsi öyrənilir. İlk addım kimi V siniflərdə mahiyyətcə inteqrativ olan “Təbiət” fənninin tədrisinə başlanılıb. Bu fənn biologiya, fizika, kimya və qismən coğrafiya fənlərinin əsaslarını üzvü şəkildə birləşdirir”.