Dərinlik problemi

Payımıza düşən bədbəxtlik

Source:

İnsan ruhən dəyişdiyini, daha dərinə doğru yüksəldiyini, mənalandığını hiss edir. Bu, bir gül tikanı kimi insana batır. Ağrısız və təsirli. Artıq həyat onun üçün daha böyük məna daşıyır. Hamının gördüyünü görmür, görmək istəmir, özünə yeni ideallar seçir. Bu bir psixoanalizdir… Freyd demişkən. Psixoanalizin başqa istiqamətləri də var həyat yolunda. Yuxarıda insanın kamilləşməsi, dərinləşməsi bir növ dahiliyə doğru getməsini təsvir etməyə çalışmışam. Hər şey də elə bundan sonra başlayır. Herman Hessesindən tutmuş, adi kitab oxuyan şəxsə kimi hamı bu yolu keçir.

Bəs, dərinləşməyənlər? Dərindən qorxanlar ? Onlar niyə bu yola girməkdən qorxurlar? Bəşəriyyətin ən böyük problemlərindən biridir. Dahi insanlar bir növ bu katarsisi, təmizlənməni sona kimi gedirlər və dahilik məqamına çatırlar gedə bilməyənlər isə cəmiyyətin ortalarında hansısa mövqeni tuturlar.

Ədəbiyyat tarixinin keçdiyi yol da bunu özündə ehtiva edir. Əsrlər, illər ötdükcə insanlıq daha məntiqli, daha dərin məfhumlarla maraqlanır. Təbii ki, burada insanlıq deyəndə Palanik demişkən “nöqtəyə çatmış” insanlardan, intibahı adlamış insanlardan söhbət gedir. Yuxarıdakı insanlardan. Həmin insanlıq ki, öz sələflərini  artıq məntiqsiz qəbul edir. Daha onları dərin saymır. Burada qeyd etdiyim katarsisin də rolu böyükdür. Məsələn, 100 il öncə hamı Füzulini, Nizaminin lap elə Əliağa Vahidin qəzəllərini sevə-sevə oxuyurdusa, indi bu janr və bunun kimi bir sıra heca şeirləri də sönməyə başlayır.

Artıq insanlar daha dərin mənalı yazılar axtarırlar, daha çox beyinlərini işlətmək istəyirlər. Artıq dərin Əliağa Vahid yox, Aqşin Yenisey şeirləri sayılır. İdeallar sınır, tabular məhv edilir. Artıq heç bir yazıçı, şair ilahiləşdirilmir. Şəxsi görüşlərimə əsaslanıb deyə bilərəm ki, təkcə Azərbaycan yox, ümumdünya sənət sahəsində bu proses gedir. Əvvəlki yazılarımdan birində də qeyd etmişdim ki, daha insanlara pafos nümunləri yox, dərin mənanı özündə gizlədən, dünyagörüşü, intellektuallıq, fəlsəfi hazırlıq tələb edən əsərlər maraqlıdır. Bu yazımda da həmin dərinliyin və dayazlığın əslində nə olduğuna toxunmaq istəyirəm. Daha rahat dillə desək, oxucular arasında yayılmış “bu zəif əsərdir; bu ciddi əsərdir” məsələsinə yanaşacam.

Dərinlik və dayazlıq nədir ? Bu sualı bir neçə kiçik amma dolğun arqumentlə cavablandırmaq istəyirəm. Diqqət yetirək:

İnsanlığın əzəldən özündə zamanla yaratdığı iki həyata baxış tərzi, iki cəbhə olub. Biri həyata həqiqət gözü ilə baxanlar digəri isə coşğun həyat hissləri ilə  baxanlar .

1) İndi isə bir az da “dərinə” düşək. Termin formasında bu baxış tərzlərini romantizm və realizmə bölmək olar.

2) Həyatı bir oyun kimi təsvir edək və növbəti dərinlik mərhələsinə keçək, biz bunları “spiritual”(mənəvi)  və “skeptik”(həqiqətçi) həyat tərzi adlandıracağıq.

3) Və gələk hələlik sonuncu dərinlik mərhələsinə. Burada isə biz onu Nitşe termini ilə  “Apollonsayağı” və “Dionissayağı” adlandıracağıq. Həmçinin, misallara baxdıqda, üçüncü  birincidən daha ətraflı və intellektual görünür. Düzdür “adlandıracağıq” bir az iddialı səslənir amma gedən məntiqləşmə proseslərinə baxsaq, həqiqətən insanların daha dərinə düşmə istəklərini, dərinlik aclıqlarının nəticəsinin bu olacağını görmək olar.

Gələk ikinci arqumentə :

Hessenin “Hamı payına düşən bədbəxtliyi ən böyük bədbəxtlik sayar” fikri ilə el arasında yayılmış “Hamı öz …-ni yekə bilər” fikri arasında hansı fərq var ?

Demək olar ki, o qədər də çox fərq yoxdur. Burada dəyişən sadəcə üslub və formadır. Daxilən strukturda heç bir fərq yoxdur. Yuxarıda misallara da fikir versək orada da dəyişənin sadəcə zahiri görünüş olduğunu görərik. Burada isə maraqlı bir sual yaranır : İnsanların dərin saydıqları mətnlər həqiqətən mənalıdır, yoxsa, dəyişən təkcə zahiri görünüşdü?


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir

Ana səhifəMənim FikrimcəDərinlik problemi