Dərbəndin azərbaycanlı meri həbs edildi

Yerli ekspertin fikrincə, Dağıstan prezidenti azərbaycanlılara qarşı intriqalar qurur

Source:


Yerli ekspertin fikrincə, Dağıstan prezidenti azərbaycanlılara qarşı intriqalar qurur

Oktyabrın 2-də Dərbənd şəhərinin icra başçısı, Dağıstanın Azərbaycan diasporunun lideri Qurban Qurbanov həbs edilib. Bu barədə Rusiya kütləvi informasiya vasitələri Rusiya Federasiyasının Dağıstan Respublikası üzrə İstintaq Komitəsinin İstintaq İdarəsinə istinadən xəbər verib.

Müxtəlif media orqanlarının yazdığına görə, son bir neçə ay ərzində Dağıstanın yeni prezidenti Ramazan Abdulatipov və Dərbəndin meri Qurban Qurbanov  arasında düşmənçilik davam edirdi. Lakin prezidentin Qurbanovu “vurmaq” cəhdləri azərbaycanlılardan ibarət klanın ciddi əks təsirləri ilə üzləşib.

Bununla belə, 16 sentyabr 2014-cü il tarixində Qurbanov barəsində RF-nın Cinayət Məcəlləsinin 286-cı maddəsinin 2-ci hissəsində (vəzifə səlahiyyətlərinin aşılması) nəzərdə tutulmuş cinayət əlamətlərinə görə cinayət işi açılıb.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri Mübariz Əhmədoğlu echo.az saytına deyib ki, Qurban Qurbanovun həbsi Azərbaycan və Dağıstan arasındakı münasibətlərə mənfi təsir göstərəcək:  “Çox təəssüf  ki, Ramazan Abdulatipov, Prezidentimiz İlham Əliyevlə danışıqları zamanı, ölkəmiz və bütövlükdə azərbaycanlılar haqqında yalnız ən müsbət fikirləri ifadə etsə də, öz əməllərində Dağıstan azərbaycanlılarına qarşı “kənd” intriqaları qurur. Əgər onun bütövlükdə Dağıstan azərbaycanlıları barəsində müəyyən narazılıqları varsa, onda o, belə davranmaqdansa, bu haqda açıq şəkildə bəyan etməlidir. Abdulatipov yenicə hakimiyyətə gələndə, Dağıstanın digər şəhərinin icra başçısına qarşı də eyni rəftarı  etmişdi. İndi isə görünür ki, növbə artıq Qurban Qurbanova çatıb. Mən inanıram ki, rəsmi Moskva Qurbanovun həbsinə açıq-aşkar və ya gizli formada öz münasibətini bildirəcək və vəziyyət sabitləşəcək”.

Dağıstanda rayon administrasiyalarının başçıları yerli sakinlər tərəfindən seçilir. Qurbanovun səlahiyyətləri 2015-ci ilin may ayında bitməli idi. O, seçicilərin mandatına malik olduğunu səbəb gətirərək, öz vəzifəsindən getməkdən imtina edib. Amma Abdulatipov etnik tabasaranlı olan keçmiş ədliyyə naziri Azadi Rəhimovu Dərbəndin icra başçısı təyin etmək istəyir.

Məsələ ilə bağlı mətbuat konfransı keçirən Azərbaycan icması hesab edir ki, bütün bunlar yüzlərlə hektar məhsuldar torpağın azərbaycanlıların əlindən alınması məqsədinə xidmət edir: “Azərbaycanlıların Dağıstanda qoruyub saxladıqları son qalanı, Dərbəndi onların əlindən almaq, həmçinin onları bu respublikadan çıxarmaq istəyirlər”.

“Dağıstan rəhbərliyini həmçinin rayonun sosial-iqtisadi inkişafı üçün Qurbanovun  Azərbaycandan maliyyə dəstəyi alması faktı qıcıqlandırır. Belə ki, Dərbəndin sosial-iqtisadi inkişafı üçün rəsmi Bakı 30 milyon manat ayırıb. Bundan əlavə, Dərbənddə Azərbaycan Teatrının yeni binasının tikintisi, Nizami adına parkın abadlaşdırılması, Olimpiya Kompleksinin tikintisi nəzərdə tutulur. Bütün bunlar isə azərbaycanlıların Dərbənddə mövqelərinin möhkəmləndirilməsi deməkdir ki, bu da Mahaçqalada bir sıra qüvvələrə sərf etmir. Bununla əlaqədar Dağıstan azərbaycanlıları rəsmi Bakını öz diqqətini Dərbənddəki vəziyyətə yönəltməyə çağırırlar”, – deyə tədbirin təşkilatçısı Eldar İsmayıl contact.az-a bildirib.

Qurban Qurbanov 1998-ci ildən bu rayonun rəhbəridir. O, Dərbəndə 25 il rəhbərlik etmiş atası Seyid Qurbanovu əvəz edib.

Ana səhifəXəbərlərDərbəndin azərbaycanlı meri həbs edildi