Zöhrab İsmayıl: ”Milli Məclis 2009-cu ildən ölkəni avtoritarizmə aparan qanunlar təsdiqlədiyindən 6 min manat halal deyil”
İsa Qəmbər: ”Hakim rejimin öz tərəfdarlarına xərclədiyi hər 1 manat xalqın cibindən oğurlanır”
Azərbaycan Milli Məclisinin(MM) deputatları iyulun 15-də tətilə buraxılıb.
“Report”un xəbərinə görə, qanunverici orqanın üzvləri avqustun 30-dək istirahətdə olacaqlar.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.
Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.
İqtisadçı Zöhrab İsmayıl hesab edir ki, MM-in üzvləri lazım olandan da artıq dincəlirlər: “İstirahət müddətində də, qış tətilində də maaş alırlar. Orta səviyyəli məmurlarla müqayisədə deputatların əməkhaqları çox yüksəkdir. Belə bir vəziyyətdə onlara istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir. Deputatların bır sıra xərcləri qarşılanır, regionlardan olanlara pul verilir, hamısı da ən azı bir mənzillə təmin olunub. Nəhayət, deputatların bir hissəsinin paket aldıqları, bizneslərinin olduğu da məlumdur. Yəni deputatların əlavə pul problemi olmadığı halda əlavə 6 min manat istirahət üçün verilir. Adi insanlar isə şəhər kənarında istirahət üçün 60 manat tapmır”.
İqtisadçı dedi ki, Milli Məclis üzvləri ölkə konstitusiyasında nəzərdə tutulan dəyərlərə hörmət etmək əvəzinə, Prezident Administrasiyasından gələn göstərişləri yerinə yetirirlər: “2015-ci ildə parlamentin mütərəqqi qanun layihəsi qəbul etdiyini xatırlamıram. Əksinə, Milli Məclis 2009-cu ildən ölkəni geriyə və avtoritarizmə aparan qanunlar və qanunlara əlavələri təsdiqləyiblər. Bu baxımdan, sözün hər mənasında 6 min manat deputatlara halal deyil”.
Parlamentin sabiq sədri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə hesab edir ki, hakim rejim hər bir halda özünü düşünür: “İqtidar hakimiyyətini qoruyub saxlamaq və sərvət toplamaqla zənginləşmək məqsədini güddüyündən, tərəfdarlarını müxtəlif şəkildə mükafatlandırmaqla məşğuldur. Bu baxımdan rejim özünə sadiq insanları növbəti dəfə mükafatlandırıb. Bütün bunlar Azərbaycanın sərvətləri hesabına gerçəkləşdirilir”.
İsa Qəmbərin fikrincə, hakim rejimin öz tərəfdarlarına xərclədiyi hər 1 manat xalqın cibindən oğurlanır.
İctimaiyyətin və ictimai-siyasi təşkilatların bu cür hallara etiraz edib-etməməsinə gəlincə, İ.Qəmbər deyib ki, rejimin hər bir cinayətkar və qanunsuz addımına reaksiya verilməlidir: “Üzvü olduğum Müsavat Partiyası bütün prinsipial məqamlarda mövqeyini ifadə edir. Mən Milli Düşüncə Mərkəzinin rəhbəri olaraq qurumda bu məsələlərin müzakirəsinə və reaksiya bildirilməsinə çalışıram. Ancaq cəmiyyət də hər bir hadisəyə reaksiya verməlidir, bütövlükdə isə, rejimə qarşı mübarizə aparılmalıdır. Çünki ayrı-ayrı addımların həlliylə ölkədəki durum dəyişməyəcək”.