Deputatın adı cinayət işində hallanır

”Elnur İbrahimov həbs edilənə qədər ona Həbib Axundovun ailəsi, şəxsən Elmira Axundova tərəfindən himayədarlıq olunurdu”

Source: Azərtac
Elmira Axundova
Elmira Axundova


”Elnur İbrahimov həbs edilənə qədər ona Həbib Axundovun ailəsi, şəxsən Elmira Axundova tərəfindən himayədarlıq olunurdu”

Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan dələduzluqla bağlı cinayət işində deputat Elmira Axundovanın adı hallanır. Cinayət işinin materiallarında da onun adı çəkilir. İyulun 12-də məhkəmədə zərərçəkmişlərdən biri iddia edib ki, onun pulunu mənimsəməkdə təqsirləndirilən şəxsi uzun müddət Elmira Axundova himayə edib.

Müxtəlif adamlardan katric biznesilə bağlı birgə iş qurmaq adıyla pul alıb, onlara ümumilikdə 1 milyona yaxın ziyan vurmaqda təqsirləndirilən Elnur İbrahimovun məhkəməsi davam edir. Zərərçəkmiş qismində tanınan şəxslərdən biri də Elmira Axundovanın oğlu Həbib Axundovdur. Ancaq digər zərərçəkmişlər Həbib Axundovun özünü ittiham edir. Məsələn, iyulun 12-də məhkəmədə ifadə verən Fərman Məmmədov bildirib ki, Elnur İbrahimovu Həbibin vasitəsilə tanıyıb, pulu da deputat oğluna verib. Ondan bir neçə dəfəyə ümumilikdə 575 min manat pul alındığını deyən Fərman Məmmədovun sözlərinə görə, bunun 250 minini şəxsən Elmira Axundova qaytarıb.

Qalan pulunu Həbib Axundovdan tələb etdiyini deyən zərərçəkmişin sözlərinə görə, deputatın oğlu bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınmamalıydı, məsuliyyətə cəlb olunub, indi Elnurla yanaşı oturmalıydı:

“Mən istintaqdan narazıyam. Çünkü Elnur İbrahimovla bərabər Həbib Axundov da təqsirləndirilən şəxs qismində tanınmalı idi. Elnur İbrahimov həbs edilənə qədər ona Həbib Axundovun ailəsi, şəxsən Elmira Axundova tərəfindən himayədarlıq olunurdu. Elnur İbrahimov özü də təsdiqləyir ki, Həbib Axundovun anasıyla görüşüb, pul məsələsi barədə uzun-uzadı söhbət eləyib. Burada başqa zərərçəkmişlər də var, onların ata-anasıyla niyə görüşmürdü Elnur? Səbəb sadədir. Çünki Elnur həmişə Elmira Axundovanın ailəsinin əhatəsində olub”.

Fərman Məmmədovun sözlərinə görə, Elnur yoxa çıxandan sonra o, pulunu Həbib Axundovdan tələb eləməyə başlayıb. Günlərin birində deputatın oğlu ona zəng eləyib:

“Həbib Axundov mənə zəng eləyib dedi ki, Elnur İbrahimovu onun adamları tapıblar, Şüvəlandakı bağ evinə aparırlar, mən də gəlim ora. Orada Elnur kimlərdən pul aldığını etiraf etdi. Bir gün sonra Elmira Axundova mənə zəng eləyib Elnurla danışdığını və digər şəxslərlə də razılığa gəldiklərini dedi. Məndə Həbib Axundovla da, Elmira Axundova ilə də danışıqlarımızın səs yazıları var”.

Fərman Məmmədov bildirib ki, həmin səs yazılarını istintaqa da təqdim edib.

Zərərçəkmiş bildirib ki, pullarının qaytarılmadığını görəndə Həbib Axundov və anasından dövlət orqanlarına şikayət edib. Bundan sonra onu keçmiş MTN-ə çağırıblar. Orada başına gələnləri danışandan sonra Həbib Axundovu da çağırıb üzləşdiriblər: “Mən olanları Həbib Axundovun üzünə də dedim. Ondan sonra məni buraxdılar”.

Cinayət işinin materiallarına əsasən, dələduzluqda təqsirləndirilən Elnur İbrahimov Həbib Axundovun dostu olub. O, ofis və dəftərxana ləvazimatları, katric satışıyla məşğul olmaq üçün 2011-ci ildə “E Plus Company” adlı şirkət yaradıb. Birgə biznes adıyla zərərçəkmişlər Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərindən böyük məbləğdə pul alıb.

E.İbrahimov isə bildirib ki, o, aldığı pullara görə müəyyən faiz qazanc ödəyib. Sonradan iş alınmadığına görə müflis olub və pulları qaytara bilməyib.

Məhkəmədə Həbib Axundov da ifadə verib. O bildirib ki, Elnur İbrahimova 150 min manat pul verib, bu məbləğin bir hissəsi geri qaytarılıb. Fərman Məmmədovun da onun vasitəsilə Elnura 450 min verdiyini, özünün ancaq o pula zamin durduğunu deyən deputat oğlu qeyd edib ki, həmin pulun da bir hissəsini qaytarıb:

“Fərmanın verdiyi qalan puldan mənim xəbərim olmayıb, özü verib”.

Fərman Məmmədov Həbib Axundova sualları olduğunu desə də, hakim deputat oğlunun durumunu nəzərə alaraq, buna imkan verməyib. Həbib Axundov məhkəməyə əl ağacı ilə gəlib. Fərman Məmmədov deyib ki, o zaman Həbib Axundov növbəti məhkəmə iclaslarına da gəlsin, sualları cavablandırsın. Həbib Axundov bildirib ki, üzərində cərrahiyyə əməliyyatı aparılmalıdır, bununla əlaqədar xarici ölkəyə gedəcək və yalnız avqustda qayıdacaq.

Məhkəmə prosesi iyulun 17-də davam edəcək.

Elnur İbrahimov məhkəmədə bildirib ki, bu işdə Həbib Axundovun günahı yoxdur, bütün məsuliyyət onun üzərindədir. Zərərçəkmiş Fərman Məmmədov isə iddia edir ki? Elnur İbrahimov deputatın ailəsilə razılaşıb. Elmira Axundovanın həm də Əfv Komissiyasının üzvü olduğunu xatırladan Fərman Məmmədov hesab edir ki? susmasının müqabilində ona tezliklə həbsdən buraxılmaq vəd olunub.

Elmira Axundovanın istintaqa təqdim olunmuş səs yazısında deputat Müdafiə Nazirliyi ilə işbirliyindən bəhs edir:

“Mehman mənə deyir ki, bu gün-sabah yaxşı pullar olacaq. Mən də hər gün Mehmandan soruşuram. Biz səndən də çox narahatıq ki, sənə o pulları qaytarmaq lazımdır. Heç olmasa, hələlik böyük hissəsini qaytarmaq lazımdır. Az qalıb, pul yaxınlarda olacaq, biz də oturub gözləyirik. Müdafiə Nazirliyində naziri (Səfər Əbiyev nəzərdə tutulur) dəyişdilər, işlər çətinləşdi. Yoxsa hər il mən ordan 60 min, 100 min pul götürürdüm…”

Meydan TV deputatla danışmağa cəhd etsə də, ondan deyilənlərə münasibət öyrənə bilməyib.

Ana səhifəXəbərlərDeputatın adı cinayət işində hallanır