Razi Nurullayev: “Biznes imtiyazla, iş imtiyazla, vəzifəyə təyin etdirmə kimlərinsə monopoliyasında, hara əl atsan, hamısı tutulub, qalanları ac qalmamaq, ölməmək üçün yaşamalıdır”
“İstisnalar olmaqla sahə göstərilsin ki, orada rüşvət, özbaşınalıq və libasını dəyişmiş korrupsiya yoxdur. Desinlər görək harada büdcə talançılığı yoxdur, oğurluq etmirlər, vəzifələrini isə qanunda yazılan kimi edirlər?”
Milli Məclisin iyunun 8-də keçirilən iclasında deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev məmurları tənqid edən çıxış edib.
O bildirib ki, bu ölkənin əksəriyyət vətəndaşı bu qədər sərvət istəmir, normal və ədalətli həyat istəyir:
“Qoy mətbuatda çıxış edib desinlər ki, mən siz deyən kimi deyiləm, əmək haqqımla dolanıram, sərvətim aylıq maaşımla formalaşıb. Qoy mən də öyrənim onu, qoy vətəndaşlar da öyrənsin ki, maaşla məmur necə milyoner olur, min, on min, yüz min hektarlarla torpaq sahəsinin sahibi necə olur, meşələri, dənizi hasarlayır, əmək haqqı ilə onlarla, yüzlərlə mülk, zavod, fabrik sahibi olur, maaşla xaricdə adaları necə alır axı? Ürəyim yanır, ona görə belə danışır ki, cənab Prezidentin tapşırıqları da xalqı razı salacaq səviyyədə yerinə yetirilmir. Hər çıxışında nə qədər xəbərdarlıq edilir. Prezident təyinat edir, amma insanın içini görmək olmur axı. Sonrakı addımlar yalnız Prezident İlham Əliyevin məsuliyyəti deyil. Biz deputatlar da çılpaq həqiqətləri deməliyik. Ölkə yağlı əppəkdir, daraşıb talayırlar. Biznes imtiyazla, iş imtiyazla, vəzifəyə təyin etdirmə kimlərinsə monopoliyasında, hara əl atsan, hamısı tutulub, qalanları ac qalmamaq, ölməmək üçün yaşamalıdır. Xahişsiz, minnətsiz əppəyi parçalyırlar”.
“Yaltaqlıq cəmiyyəti inkişaf etməyə qoymur”
Deputat vurğulayıb ki, bu ölkənin əksəriyyət vətəndaşı bu qədər sərvət istəmir, normal və ədalətli həyat istəyir:
“Xahiş edən mənim, sənin kimi olur, onun da bir xahişini ala başına-kül başına edib yola verirlər, qalanını bəhanələrlə etmirlər, seçiciyə görə minnət də qoyurlar. Bu ölkəni talayanların, bu ölkənin varidatını oğurlayanların, bu ölkədə qeyri-qanuni yollarla varlananların bu dövlətin qurulmasında ya rolu yoxdur, ya da azdır. Bu qurulan dövlətin saxlanılmasında bizim və sizin kimi əliqabarlı, alnıtərli, ömrünü qorxu-hürkü içində keçirənlərin, gözünü açandan məşəqqətlər içində və məvacib ilə yaşayanların, dövləti və dövlətçiliyi qoruyanların rolu və haqqı var”.
“DTX əməliyyat keçirir, seyflərdə, evlərdə, xaricdə, daxildə pulların da xeyli hissəsini müsadirə edir, qalanını da sonrakı mərhələlərdə başqaları edir”.
Deputat əlavə edib ki, oğurluq, yalançılıq, şişirdilmiş tərif, layiq olmayan adamın qabağında əyilmək, yaltaqlıq cəmiyyəti inkişaf etməyə qoymur:
“Arxasında güclü məmur əli olmayan bir çox müəssisə normal işləyə bilmir, yaxud bağlanır. Neçə biznesmenin zavodu, fabriki əlindən alınıb, biznesini təhvil verib, qaytarın onları özlərinə, qoy bu ölkəyə iş adamlarının, sərmayəçilərin inamı yaransın. Əvvəlki dövrlərdə, bilirsinizmi neçə iş adamının evini yıxıblar? O ev yıxanların xeyli hissəsi əlini-qolunu uzadıb gəzir. Neçə iş adamını qəbul edirəm, birinin 2, 3, 5, 10, 20 milyonunu, birinin on milyonlarla dəyərində olan obyektlərini, birinin zavodunu, birinin fabrikini, birinin pul gətirən biznesini tutub alıblar. Qardaşım, DTX əməliyyat keçirir, seyflərdə, evlərdə, xaricdə, daxildə pulların da xeyli hissəsini müsadirə edir, qalanını da sonrakı mərhələlərdə başqaları edir. DTX-nın vəzifəsi bitdi. Bəs sonra? Ağzınacan dolu şkaf və seyflər götürülür. Niyə o zərərçəkənlərin pullarını qaytarmırsınız? Zərərçəkənləri gətirib üzə durdurursunuz, pullarını geri vermirsiniz? Həbsdən sonra bütün instansiyalarda pulların mənimsənilməsi gedir.
Bilirsiniz ki, artıq inamını itirmiş, qəbullarda gözləmək, şikayət ərizəsi yazmaq istəməyən nə qədər zərərçəkən var ki, yaxın gəlməyib? Çünki, bilir ki, çox şey gözə kül üfürməkdi. Onlar sadəcə, istifadə olunmaq üçün alətlərdir və zorla əllərindən alınanın yarısını yenə də ancaq rüşvətlə geri qaytara bilərlər.
Biz dövlət qurmamışıq ki, onu bu şəkildə talan etsinlər. Vəzifə daşıyanların xeyli hissəsinin heç bir haqqı yoxdur, amma özlərini elə aparırlar və elə dağıdıb yeyirlər ki, elə bil bu dövləti onlar qurub və şəxsi məqsədlər üçün. Xeyr, bu dövləti quranların çoxu nimdaş kostyumda və möhtac yaşayır. Qurulan dövlətin qorunmasında iştirakı olmayanların qəbulunda boynunu bükür”.
Deputat sonda deyib ki, biz Ermənistanla müharibəni qazandıq: “İndi daxildə müharibə elan etmək və normal cəmiyyət quruculuğuna mane olanları cəzalandırmaq zamanıdır”.