''Azəriqaz'' Madər Musayevin oğlundan 10 min manat istəyir
1995-ci ildən bu yana deputat olan Madər Musayevin oğlu Famil Musayev təbii qazdan qanunsuz istifadə etməkdə ittiham olunur. Elə bu ittihamla da ona qarşı 10 min manatlıq məhkəmə iddiası qaldırılıb. İddiaçı da “Azəriqaz” İstehsalat Birliyidir.
İyulun 16-da Bakı İnzibati-İqtisadi Məhkəməsində “Azəriqaz”ın deputat oğluna qarşı iddiasına baxılıb.
İddia ərizəsində göstərilib ki, F.Musayevin əmlakında uzun müddət təbii qazdan sayğacdan kənar istifadə olunub. Bu faktın üstü açılandan sonra “Azəriqaz” əməkdaşları qazdan qanunsuz istifadəyə görə 10 min manat borc hesablayıblar. Lakin F.Musayev bununla razılaşmayıb və ödəməkdən imtina edib. Bir müddət gözləyəndən sonra “Azəriqaz” məhkəməyə üz tutub.
İyulun 16-da keçirilən məhkəməyə nə F.Musayev gəlib, nə də “Azəriqaz” tərəfdən gələn olub. Ona görə də hakim iddianın baxılmamış saxlanmasına qərar verib.
Madər Musayev 1995, 2000, 2005, 2010 və 2015-ci illərdə 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən Milli Məclisə üzv olub.