Deputat: “Nazirlərin hamısının Qubada, Qusarda villaları var…”

Milli Məclis, Foto: By aquatarkus/Shutterstock

“Korrupsiya ilə bağlı addımlar atılır, amma korrupsiya azalmır”

Milli Məclisin aprelin 5-də keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” qəbul edilib.

Məruzədə keçən il bələdiyyələrin 90 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərildiyi qeyd olunub:

“Həmin protokollar üzrə 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 5 inzibati xəta protokoluna xitam verilib, 10 protokol isə baxılmaqdadır”.

80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

Sənədə əsasən 2021-ci ildə 80 min bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib:

“3.000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 9.100 hektar torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən bələdiyyələrin vəzifələri şəxsləri barəsində məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokollarla 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, cinayət xarakterli 27 fakt üzrə materiallar isə prokurorluğa göndərilib”.

“Baş nazir və nazirlərin hamısının Qubada, Qusarda villaları var”

İclasda çıxış edən deputat Vahid Əhmədov Bakı-Quba yolunun yenidən qurulması üçün Baş nazirin müavinindən yolun təmiri ilə bağlı pul ayrılmasını xahiş edib.

Vahid Əhmədovun bildirib ki, həmin yolla getmək ümumiyyətlə mümkün deyil:

Vahid Əhmədov
Vahid Əhmədov, Foto: Meydan TV

“İnsanlar bu yoldan istifadə etmək istəmirlər. Mənə deyirlər, alternativ yol, pullu yol çəkilir. Lakin bu yol əvvəlki yolu əvəz etmir. Çünki o yol birbaşa Xaçmaza və SDK-ya gedir. Mən bir daha yolun çəkilməsi ilə əlaqədar Baş nazirə müraciət edirəm. İstər Baş nazir olsun, istər baş nazirin müavinlərinin, istərsə də nazirlərin hamısının Qubada, Qusarda villaları var. Özləri də həftədə bir-iki dəfə o yolu gedib-gəlirlər. O yolu görmürlər?”.

Deputatın sözlərinə görə, Prezidentə çıxmadan Azərbaycanda bir sıra məsələləri həll etmək mümkün deyil:

“Əgər dövlətin Baş naziri, onun birinci müavini məsələni bilirsə, onu həll etmirsə, məcbur oluram ki, cənab Prezidentə müraciət edəm ki, bu yolun məsələsi həll edilsin”.

“Hərə bir qapını əli ilə tutub ki, bura mənimdir”

“İnvestisiya fəaliyyəti haqqında” Qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib ki, neft və qaz sektorundan başqa digər sahələrə xarici investisiya cəlb edilməsi geniş deyil.

Deputatın qənaətincə, qanun məsələsini həll etməmişdən əvvəl mühit problemini həll etməliyik:

Foto: Meydan TV

“Hərə bir qapını əli ilə tutub ki, bura mənimdir. Korrupsiya ilə bağlı addımlar atılır, amma korrupsiya azalmır. Çünki köhnə məmurlar korrupsiyaya alışıblar. Amma onların gözü yenilərdən daha tox idi”.

Deputat Rüfət Quliyev bəzi ticarət şəbəkələrində vaxtı keçmiş məhsulların satıldığını deyib.

O, dövlətin bu məsələni nəzarətə götürməli olduğunu vurğulayıb.

Apteklərə diqqət çəkən Rüfət Quliyev vaxtı keçmiş dərmanların satıldığını deyib:

“Həmin dərmanların tərkibi barədə ciddi nəzarətə ehtiyac var. Ümumiyyətlə, dərmanların həm qiymət, həm də keyfiyyətinə nəzarət artırılmalıdır”.

Ana səhifəSiyasətDeputat: “Nazirlərin hamısının Qubada, Qusarda villaları var…”