Partiya sədri deyir ki, Azərbaycan hələ 1 milyon qaçqının problemini həll etməyib
İran rəsmiləri İsrailə qarşı hərbi əməliyyatın bitdiyini elan etsələr də, İsrailin Prezidenti İshak Hersoq fərqli yanaşma sərgiləyib.
O, Böyük Britaniyanın “Sky News” telekanalına müsahibəsində İranın İsrailə hücumunu müharibə elanı adlandırıb.
İshak Hersoq bildirib ki, 13-14 aprel gecəsi Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qalıblar:
“İranın marionet qüvvələri atəş açırdı, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq. Bu, əsl müharibəyə bənzəyir. Yəni bu, müharibə elanıdır”.
Amma Prezident İsrailin ərazisinin atəşə tutulmasına cavabının necə ola biləcəyi sualına konkret cavab verməyib:
“Həmişə müttəfiqlərimizi və tərəfdaşlarımızı dinləyirik və onların nöqteyi-nəzərinə hörmət edirik. Biz əlimizdə olan bütün variantları nəzərdən keçiririk və artıq dediyim kimi, vətəndaşlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyik. Mən, əlbəttə ki, indi aparılan işlərin operativ təfərrüatlarına toxunmayacağam”.
İsrailin dövlət başçısı müharibə istəmədiklərini də əlavə edib: “Biz müharibəyə can atmırıq”.
Azərbaycanın Xarici İşlər Nazirliyi Tehranla Tel-Əviv arasındakı gərginlikdən narahatlığını ifadə edib və tərəfləri təmkinli olmağa çağırıb:
“Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə biləcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq”.
“Böyük dövlətlərinin niyyəti budur ki, üçüncü dünya savaşını Yaxın Şərqdə başlatsınlar”
Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Meydan TV-nin suallarını cavablandırarkən bildirib ki, İranla İsrail arasında ciddi müharibə başlayarsa, bu, daha böyük fəlakətə yol açar:
“Əslində, dünyanın böyük dövlətlərinin niyyəti budur ki, üçüncü dünya savaşını Yaxın Şərqdə başlatsınlar. Avropada iki dünya savaşı olub, bu dəfə islam dünyasında baş versin. Yəni Livanda, Əfqanıstanda, Suriyada başladıqları prosesi bu şəkildə davam etdirsinlər. Ona görə də indiki gedişatın böyüməsi arzuolunan deyil”.
Sabir Rüstəmxanlı ehtiyatlı davranmağın vacibliyini qeyd edərək deyib ki, Türkiyənin qonşu ölkələrə müraciəti diqqətəlayiqdir:
“Əgər məsələyə zahirən baxdıqda, İranın müharibəyə girəcəyi təqdirdə, parçalanacağını düşünürüksə, bir az ehtiyatlı olmalıyıq. Əslində, nəticə böyük fəlakətə səbəb olacaq. Bəli, İranda narazı xalqlar çoxdur, onların taleyində yeni dönəm başlayacaq, yəni bu cür də yanaşmaq olar. Amma böyük müharibənin İranda çoxlu qaçqınlar yaradacağını da kənara qoymaq olmaz. Onların da həm Azərbaycana, həm də dünyanın müxtəlif ölkələrinə üz tutacağı şəksizdir. Bu isə arzuolunan deyil. Güman edirəm ki, proqnozlar özünü doğrultmayacaq. Hələ ki İsrail və İran xırda hücumlarla kifayətlənirlər, Tehrandan atılan dronlar da ora çatmadı. Qarşılıqlı hədələrin isə geniş müharibəyə çevrilməsini istəməzdik”.
Deputatın fikrincə, Azərbaycan hələ 1 milyona qədər qaçqın və məcburi köçkününün taleyini həll etməyib:
“Ərazilər qaytarılıb, amma dağıdılmış yurdların bərpası davam edir. Biz 1 milyon deyirik, amma nəzərə alın ki, 30 ildə onların sayı artıb. Belə bir vəziyyətdə yeni qaçqın dalğası Azərbaycan üçün gözlənilməz və ağır olar”.
“Hər şey İranın reaksiyasından asılı olacaq”
Siyasi analitik Əhməd Əlili hesab edir ki, indiki vəziyyət İranın reaksiyasından asılıdır:
“Əgər İran Azərbaycanı özünün hədəf zonası elan edərsə və bu istiqamətdə müəyyən raketlər atılarsa, bu, artıq Azərbaycanın hədəf olması, müdafiə protokollarının işə düşməsi deməkdir. Amma sualınızın vacib tərəfi böyük müharibə olacağı təqdirdə, İranın reaksiyasının necə olacağıdır. Əvvəlki illərdə Tehran İsrailin Azərbaycanda hərbi bazalarının və ya avadanlıqlarının olması barədə vaxtaşırı qeyri-rəsmi mesajlar göndərib. Amma Bakı da qeyri-rəsmi şəkildə onları əmin etmək üçün bütün addımları atıb”.
Əhməd Əlilinin sözlərinə görə, İran həmişə proksi güclərlə fəaliyyət göstərib:
“İran heç bir zaman öz ərazisindən fəaliyyət göstərməz, çalışar ki, müharibəni ərazisindən uzaqda saxlasın. Buna görə də Tehranın “Hizbullah”, “HƏMAS”la əməkdaşlığı barədə çoxlu informasiya var. 2023-cü ilin 7 noyabr HƏMAS-İsrail qarşıdurmasından sonra İranda məsələyə fərqli yanaşan qrupların üstünlük əldə etdiyi göründü. Məhz onların Azərbaycanla bağlı siyasətlərinin dəyişib-dəyişməməsi və konkret hansı addımları atmalarından sonra Bakı öz mövqeyini müəyyən edəcək”.
Onun sözlərinə görə, böyük savaş olarsa, qaçqın ordusu təkcə Azərbaycana deyil, digər qonşu ölkələrə də üz tutacaq:
“Bu məsələ müxtəlif səviyyələrdə vaxtaşırı müzakirə olunub. Həmçinin Bakı-Moskva münasibətlərində də məsələ müzakirə predmetinə çevrilib. Rusiya cənub sərhədlərdə problem yaşanarsa, qaçqın ordusunun əvvəl Azərbaycana, sonra ora axın edəcəyini deyib. Hesab edirəm ki, əgər belə vəziyyət yaransa, Azərbaycan qaçqınlara məskunlaşmaq üçün ərazi ayıracaq. Bilirsiniz, Avropa da, Rusiya da onlara Azərbaycanda qayğı olmayacağı təqdirdə, şimala doğru hərəkət edəcəklərini bilirlər. Bunun qarşısını almaqdan ötrü hansısa addımlar atılmalıdır. Çünki onların qayğısına qalmaq fiziki olaraq Azərbaycanın üzərində qalır. Bəs buna imkan varmı? Onların bir hissəsi Türkiyəyə, yaxud Ermənistana da gedə bilər. Ona görə də qaçqın ordusunun hamısının Azərbaycana axışacağını düşünmürəm”.
Aprelin 13-də saat 22.00 radələrindən İran İsrailə onlarla pilotsuz təyyarə və raket atıb.
Nəticədə Tel-Əviv bir uşağın öldüyünü bildirir. Amma Tehran bir neçə saat sonra əməliyyatın bitdiyini elan edib.