Parlametin iclasındə müxalifət tənqid edildi
“Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı qələbəni ermənilər və ermənilər tərəfindən maliyyələşənlər həzm edə bilmirlər”.
Milli Məclisin iclasında deputat Siyavuş Novruzov belə deyib.
O qeyd edib ki, bəziləri Ali Baş Komandan, ayrı-ayrı qurumlar haqqında əsassız fikirlər söyləməyə başlayıblar:
“Həmin şəxslər Dağlıq Qarabağ problemi vasitəsilə hakimiyyətə gəlməklə bağlı imkanlarını da itirdilər və bunu həzm edə bilmirlər”.
Deputat müharibə dövründə jurnalistlərin fəaliyyətini müsbət qiymətləndirib: “44 günlük Vətən müharibəsində jurnalistlər çox yaxşı fəaliyyət göstərdilər, istər cəbhədə, istərsə də informasiya savaşında yaxından iştirak etdilər, hərbi vəziyyətin tələblərinə uyğun davrandılar”.
Deputat Razi Nurullayev isə deyib ki,Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan zəfərə kölgə salmaq istəyənlərə qarşı ən sərt qınama kampaniyası olmalıdır”.
“Bəziləri 44 günlük müharibə dövründə səssis qalsalar da, artıq milli birliyi unudub, nifrət dolu çıxış edirlər. Nə qədər ürəkbulandırıcı danışmaq və qaragünlü olmaq olar? Əli Kərimli, Əli İnsanov və xaricdə olan blogerlərin bəzisi köhnə peşələrinə qayıdıblar. Əli İnsanovun dünənki müsahibəsi nifrət doludur. Köhnə ritorikanız sizə və xalqa nəsə qazandırmır. Qarabağ zəfərini aşağılamaq cəhdiniz qəbuledilməzdir”.
Deputat bildirib ki, bütün bunlar tökülən şəhid qanlarına sayğısızlıqdır:
“Bu xalq gözəl xalqdır, hər şeyindən, oğlundan keçdi ki, torpaq qayıtsın, qələbə qazanaq. Bu xalqın oğlanları əlini, ayağını itirdi ki, namusumuz təmizlənsin. Danışmaqla heç kimin qarnı doymur, nələrsə edin ki, xalq onu görsün və dəstəkləsin. Çıxış yolu yalnız nifrət dolu tənqiddirmi? Bütün günü fikirləşirsiniz ki, necə edək ki, Prezident İlham Əliyevi nüfuzdan salaq. Başqa işiniz gücünüz yoxdur? Daha bu kişi torpağı alıb da, nə istəyirsiniz?”
Razi Nurullayev qeyd edib ki, bu, müxalifətçilik yox, düşmənçilikdir.
AXCP-dən Razi Nurullayevin fikirlərinə münasibət bildirmək istəməyiblər.