Deputat: Biznes mühiti üçün əlverişli şərait yaradılmalıdır

“Neft dövrü artıq başa çatıb”

Source: Foto: sosial şəbəkə


Milli Məclisdə 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə edilib

“Tenderlər formal olaraq keçirilir”.

Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O, bunun qarşısını almaq üçün qanunvericilikdə hansı dəyişikliklər, təkmilləşmələr nəzərdə tutulduğuna aydınlıq gətirilməsini istəyib.

Deputat ölkədə iqtisadi islahatların dərinləşdirilməsinin vacibliyini də vurğulayıb:

“Dövlətin tabeliyində olan inhisarçı şirkətlər bölünüb, özəlləşdirilməli, biznes mühiti üçün əlverişli şərait yaradılmalıdır. Qanunlarda qeyd olunanlarla real vəziyyət arasında fərq var. Hökumət bununla bağlı araşdırma aparmalıdır”.

Q.Həsənquliyev əlavə edib ki, ötən il pandemiyanın təsirini azaltmaq üçün sahibkarlara, insanlara yardım edilsə də, bəzi dövlət məmurlarının səriştəsizliyi üzündən bu yardımların çatdırılmasında problemlər yaşanıb.

unnamed.jpg
Qüdrət Həsənquliyev


Əli Məsimli: “Bu, subsidiyanın qalan hissəsini kəndliyə verməmək üçün bəhanədirmi?”

Deputat Əli Məsimli deyib ki, regionların büdcəyə töhfəsini artırmaq üçün iqtisadi fəallıq artırılmalı, qanunla qadağan olunmayan bütün sahələrin yerlərdə inkişafına şərait yaradılmalıdır: “Neft dövrü artıq başa çatıb. İnsanların xeyli hissəsi kənd təsərrüfatı ilə bağlı verilən subsidiyaları ala bilmir. Aidiyyəti nazirliklər subsidiya verilən zaman torpaqların analizini tələb edir. Bu, subsidiyanın qalan hissəsini kəndliyə verməmək üçün bəhanədirmi? Bu, səriştəsizlikdir, ya Azərbaycan xalqının Vətən müharibəsində qazandığı ruh yüksəkliyini aşağı salmaq üçün tələdir?”

Deputat yerlərdə turizmlə bağlı problemlərin olduğunu da vurğulayıb:

“Oğuzla Şəki arasında yolu dağıdıblar, 1 il keçib, o vəziyyətdədir. Turizm mövsümünün başlamasına baxmayaraq, hələ tunelin sonunda işıq görünmür. Bir müddətdən sonra deyəcəklər ki, ayrılan vəsait kifayət etmir, yenə məsələ qalacaq Maliyyə Nazirliyinin üzərində. Büdcə müzakirəsi zamanı bu qurumlar da burada iştirak etməli, öz məsuliyyətlərini dərk etməlidir”.

Müzakirələrdən sonra hökumət üzvlərinin də iştirak etdiyi iclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda təsdiq edilib.

Ana səhifəİqtisadiyyatDeputat: Biznes mühiti üçün əlverişli şərait yaradılmalıdır