Eldar Namazov bu dəfə tənqid etdiyi hakimiyyətin yanında
Fevralın 19-da siyasətçi Eldar Namazovun rəhbərlik etdiyi “Deportasiya qurbanları” İctimai Birliyi 2018-ci ilin 11 aprel tarixində keçiriləcək növbədənkənar seçkilərdə İlham Əliyevi dəstəkləyəcəyini bəyan edib.
Ermənistandan azərbaycanlıların deportasiyasının ildönümünə həsr olunmuş növbəti iclasda türkoloq, professor, 1992-ci ildə Baş nazirin müavini, 1993-cü ildə təhsil naziri olmuş Firudin Cəlilov hər kəsi hazırkı prezident İlham Əliyevin namizədliyini qarşıdakı prezident seçkilərində dəstəkləməyə çağırıb.
Məsələyə aydınlıq gətirən Eldar Namazov isə “musavat.com”-a açıqlamasında deyib ki, ziyalıların mövqeyinə hörmətlə
yanaşır
:
“O ki qaldı seçki ilə bağlı mənim şəxsi mövqeyimə, mən bu yaxınlarda bəyan etmişəm ki, seçkilərin nəticəsi mənim üçün bəllidir və dəyişiklik olmayacaq, İlham Əliyev prezident seçiləcək. Məni daha çox maraqlandıran seçkidən sonra olan proseslərdir – islahatlar necə gedəcək, olacaqmı, Qarabağ məsələsində hansı addımlar atılacaq? Bu kimi məsələlər mənim üçün daha çox önəmlidir”.
“Deportasiya qurbanları” İctimai Birliyinin adı ölkə ictimaiyyəti üçün o qədər də tanış deyil. “Google” axtarış sistemində tapılan məlumatlarda qurumun adı daha çox üzvlərinin doğum günləri təbrikləri ilə hallanır. Bir də ara-sıra iclasları, bəyanatları qeyd olunur.
Eldar Namazov 2012-ci ildə həmin birliyə sədr
seçilib
.
Eldar Namazov uzun illər Azərbaycanın siyasi elitasını təmsil edib. O, 1993-99-cu illərdə Azərbaycan prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) olub. Həmin dövrdə “Panorama”, “Ekspress” adlı qəzetlərin, 1997-ci ildən sonra isə “Space” telekanalının onun nəzarətində olduğu deyilirdi.
Hakimiyyətdəki yerini itirdikdən sonra Eldar Namazov ictimai təşkilatlar yaradıb. O, 2001-ci ildə “Azərbaycan Naminə” İctimai Forumun prezidenti, sonradan “El” Hərəkatının lideri olub.
2013-cü il prezident seçkiləri zamanı Ziyalılar Forumu Eldar Namazovun namizədliyini dəstəkləyib. Sonradan o, demokratik qüvvələrin təsis etdiyi Milli Şuranın qərargah rəhbəri
olub
. Həmin dövrdə Milli Şura dramaturq Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini dəstəkləyirdi.
O zamanlar mətbuata açıqlama verən prezidentin köməkçisi Əli Həsənov belə
demişdi
:
“Rüstəm İbrahimbəyovun kürəyinin arxasından Eldar Namazovun kölgəsi görünür. Çünki onun son açıqlamaları buna hesablanıb ki, Eldar Namazov prezidentliyə namizəd olsun. Hətta Eldar Namazov olacağı, yaxud kimin olacağı təqdirdə biz onların irəli sürülməsi proseduru, kimlər tərəfindən irəli sürülməsi məsələsinə münasibət bildirməyi özümüzə rəva bilmirik”.
O dövrdə ABŞ Konqresində çıxış edən Eldar Namazov Azərbaycan hakimiyyətinin, daha dəqiq, hazırda rəhbərlik etdiyi birliyin müdafiə etdiyi İlham Əliyevin komandasını tənqid
edib
.
“Milli Şurada avtoritarizmdən demokratiyaya keçidlə bağlı sənədlər qəbul olunub. Həmin sənədləri Helsinki Komissiyasına təqdim edirəm”- deyən Eldar Namazov daha sonra dünya mətbuatında Azərbaycan hakimiyyətinin əleyhinə dərc olunan araşdırmalardan söz açmışdı:
“Azərbaycan hakimiyyətinin korrupsiyalarda birbaşa əli olduğu, müxtəlif ölkələrdə gizli hesablarının, mülkiyyətlərinin olduğu haqda jurnalist araşdırmaları ortaya ciddi faktlar qoyub. Milli Şura həmin faktarla bağlı prokurorluğa, Milli Məclisə, digər orqanlara müraciət edib. Bu faktlar araşdırılmalı, ona qiymət verilməlidir. Biz çalışacağıq suallarımıza cavab verilsin ki, nə üçün araşdırma aparılmır. Prezidentlə bağlı ciddi faktlar ortaya qoyulsa da, hüquq-mühafizə orqanları heç bir addım atmırlar”.
Rüstəm İbrahimbəyovun məsələsi gündəmdən çıxdıqdan sonra Eldar Namazov da Milli Şura ilə
vidalaşıb
.
2015-ci ildən, yəni hakimiyyətin vətəndaş cəmiyyətinə basqılarından sonra Eldar Namazovun adı Azərbaycan gündəmində az hallanıb. O, jurnalistlərin suallarını cavablandırmaqdan yayınıb, mətbuatdan uzaq durub. Onun harada olması barədə ara-sıra səslənən suallara cavabında xəstə olduğunu, müalicə aldığını bildirməklə
kifayətlənib
.
Növbəti prezident seçkisinin yaxınlaşması isə Eldar Namazovun yenidən gündəmə qayıtmasına səbəb olub. “Deportasiya qurbanları” İB-nin ötən ilin oktyabrında keçirdiyi iclası mətbuatda tənqid olunub. “Cebhe.info” həmin dövrdə
yazıb
:
“…Eldar Namazov artıq aktiv siyasətə qayıdır və böyük ehtimalla yaxın zamanlarda tez-tez gözə dəyəcək. Bu prosesin necə qurtaracağını daha dəqiq olaraq zaman göstərəcək. Bütün hallarda Namazovun fəaliyyət sferasında nəyinsə dəyişəcəyini gözləmək inandırıcı deyil. Dəyişən yalnız bir şey var, o da təşkilatın adıdır. Ziyalılar Formundan, “El”in adından istifadə edən Namazov, bu dəfə də deportasiya qurbanlarının üzərindən siyasi səhnəyə qayıtmaq istəyir”.