ABŞ-ın İranla razılığa gəlməsi bir neçə sahəyə eyni zamanda təsir edir: Iqtisadi əlaqələr, təhlükəsizlik, sülh, demokratiya və s.. Razılaşmanın bunların hər birinə müsbət təsir edəcəyini indidən demək çətindir.
İqtisadi əlaqələr genişlənəcək, əlbəttə. Amma Qərb şirkətlərinin İranı fəth etməsi ya başqa dövlətlərdəki kimi tez alınmayacaq, ya da ümumiyyətlə istədikləri kimi alınmayacaq. Çünki indiyə qədər uzun müddət sanksiyalara məruz qalaraq, yaşamaq uğrunda mübarizə aparmış İran iqtisadiyyatı artıq buna xeyli öyrəşib və tələbatı təmin edə bilir.
Təhlükəsizlik sahəsində məsələ daha qarışıqdır. İran regional gücdür, hazırda İraqda, Suriyada, Yəməndə, Livanda, Fələstində ya öz qüvvələri, ya da müttəfiqlərinin qüvvələri vasitəsilə hərbi cəhətdən təmsil olunur (bu müttəfiqlərin bir hissəsi ABŞ-ın terror təşkilatları siyahısında yer alır, bu barədə aşağıda). Hər bir halda bu anlaşma ABŞ-ın təhlükəsizlik siyasətinə dəstək olacaq.
Sülh – videonun rəsmi fb səhifəsində yayımlanmış versiyasının altında çoxlu insan “peace” yazıb. Hiss olunur ki, amerikanların da, iranlıların da əksəriyyətini müharibədən qaçmaq demokratiyadan daha çox maraqlandırır. Daim müharibə təhdidi altında, İsrailin cırtqoz hədə yağışı altında yaşamaq çətindir.
Və demokratiya – bu sahəyə yaxın planda zərbə dəyib. Uzaq planda isə razılaşmanın müsbət nəyəsə nail olacağını bilmirəm. İranda demokratik qüvvələr var ki, indiki klerikal hakimiyyətə qarşı mübarizə aparır. ABŞ onları “üç aşağı – beş yuxarı” elə bizdəkiləri dəstəkləyən kimi dəstəkləyib. Amma ən böyük dəstək bu hakimiyyət altındakı İranın boykot, iqnor olunması idi. Əlbəttə, İranın boykotu qeyri-demokratik olmasına görə olmayıb, nüvə silahı yaradılma ehtimalına görə (ən azından ABŞ belə deyir) olub, amma bir məsələ var.
İran rejimi, ordakı sistem Qərb dəyərləri ilə nə qədər uyuşur? Qısa olaraq, “uyuşmur” demək olar. Bir az genişləndirsək isə, Qərb dəyərlərinin hansının nə qədər pozulması məsələsinə gəlib-çıxarıq. Dünyəvilik dəyəri İranda rəsmən tanınmır. Klerikal rejimdir – dövlət başçılarından biri dini liderdir. Siyasi rejim orta əsrlərin Roma papasının meritokratik sistemi ilə indiki nümayəndəli xalq demokratiyaları arasında mövqe tutub. Xalq səs verir, amma yalnız mollaların senzurasından keçən namizədlərə. İfadə, sərbəst toplaşma azadlıqları 2009-cu ildən sonra, xüsusən, bərbad hala salınıb. Milli ayrıseçkilik birtərəfli şovinizm vasitəsilə dəstəklənir. İran ABŞ-ın terror təşkilatları kimi tanıdığı “Həmas”ı, “Hizbullah”ı müdafiə edir.
Demokratiya, ümumilikdə Qərb dəyərləri kimi tanınan bəşəri dəyərlər yalnız mənəvi məsələ deyil. Mənəvi tərəfdən baxanda bu dəyərləri ümumiyyətlə tanımayan, ABŞ səfirliyini (ABŞ ərazisini) işğal edən və hələ də rəsmi üzrhaxlığı olmayan bir dövlətə qarşı indiyə kimi olmuş sanksiyaların götürülməsi Qərbin İran müxalifətinə yox, öz dəyərlərinə xəyanətidir. Bəs bu xəyanətin hansı real nəticələri olacaq?
Qərb iqtisadiyyatının gec və tədrici də olsa, işğalı nəticəsində İran iqtisadiyyatı liberallaşacaq, nəticədə üstqurumlar da (siyasi-hüquqi sistem) liberallaşmalı olacaq, əvvəl-axır İran demokratik olacaq. Amma daha bir güclü məntiq var. İranı idarə edənlər Qərbə, o cümlədən onun dəyərlərinə inanmamaq üçün məntiqli legitimlik əldə edirlər. Bu, indiyə qədər fiaskoya uğramış (məncə bundan sonra da uğrayacaq) “üçüncü (milli) yol” ideyasına rəvac və dəstək verir. Nəticdə “bəşəri dəyərlərin hamısını qəbul etmədən inkişaf” ideyası daha məntiqli gələcək. “Çünki bu dəyərlər o qədər insani deyil ki, özgə sivilizasiyaların insanlarını qorusun”.
Bu razılaşma demokratiyaya ən ağır zərbələrdən birini vura bilər. Amma vurmaya da bilər – yalnız o halda ki, bu razılaşmadan istifadə edib İran, ardınca da Rusiya demokratikləşdirilsin. Onda tərəqqipərvər bəşəriyyət bu uzun demokratikləşmə prosesində həbslərdə çürüyən, repressiyalarda məhv olan nəsillərin qanını halal edəcək və gözəl nəticə üçün sərmayə hesab edəcək. Əks halda Qərb dəyərlərini müdafiə edənlər öz güzəştləri ilə bu dəyərlərin sərhədlərini çəkəcək, daha çox özlərinə qapanacaq və say, ərazi kimi həlledici maddiyyat etibarilə uduzduqları “üçüncü dünya”nın “üçüncü yol” tutmağa çalışanları tərəfindən yeyiləcəklər.
Amma hazırda ən təbii arzulardan olan sülh arzusu hər şeyə qalib gəlir. Konspirologiya həvəskarları ABŞ-ın və İsrailin davamlı müharibə təhdidlərini indiki razılaşmaya hazırlıq hesab edə bilərdilər. Bu razılaşmaya görə sevinc olmalı idi, çünki müharibədən hamı qorxurdu. Və sevinc oldu da. Demokratik dəyərlərin heç biri təmin olunmadı və hamı sevindi. Mən buna görə bu sevinci bəşəri dəyərlərin gələcəyi, etibarı üçün təhlükə hesab edirəm.
Sinqapur “demokratiyasız iqtisadi inkişaf”a, hələ ki, nümunədir. İran isə “demokratiyasız sülhə” nümunə olacaq, deyəsən. Qərbin demokratik ölkə ilə qeyri-demokratik ölkəyə yanaşması arasındakı fərqin itməsi böyük təhlükədir.
P.S. Amma bu qədər kosmopolit baxmasaq, neft ölkəsinin vətəndaşı olaraq, neft avtoritarizmlərinə zərbəni gözləmək lazımdır.