Demokratik mübarizəyə politoloji baxış

Ordu diktatorların əsas güc qaynaqlarındandır

Source:


Ordu diktatorların əsas güc qaynaqlarındandır

Azərbaycan hakimiyyətinin nümayəndələri Qərb siyasətini ittiham edirlər. Rəsmilərimiz Avropanın “daha çox demokratiya” tələbinə “Azərbaycanda demokratiyanın iri addımlarla irəlilədiyini” bildirirlər. Bu müzakirələr “Azərbaycanda demokratiya varmı” sualını aktual edir. Məsələyə soyuqqanlı yanaşmaq lazımdır.  Bu suala belə cavab vermək mümkündür: Azərbaycanda  demokratiya var, lakin bu, idarəolunan demokratiyadır.  Azərbaycanda  hakimiyyət irsən keçirsə, hansı demokratiyadan danışmaq olar? Düzdür, ilk baxışdan ölkədə hər şey sakitdir. Bu, demokratiyanın “Şərq variantı”dır. Azərbaycanda hakimiyyət çox güclüdür. Onun səmərəsiz olması və zaman keçdikcə ölkə iqtisadiyyatını dağıdacağı  vətəndaşlar üçün əhəmiyyətli deyil. Bunu anlamaq da olar. Çunki diktatura dərin problemdir. Bir çox ölkənin xalqları tarix boyu daxildən, ya xaricdən təzyiqlərlə üzləşib. Çox zaman dövlət xadimlərinə qeyri-şərtsiz tabelik tələb edilib.  Ekstremal hallarda toplumun sosial, siyasi, iqtisadi, bəzən hətta dini institutları dövlətdən asılı olmadıqları halda, qəsdən zəiflədilib, bilərəkdən tabe etdirilib. Bir sıra hallarda isə dövlətin yeni, “sözəbaxan” institutları ilə əvəz edilib. İnsanlar bəzən cəmiyyətdən təcrid edilib, azadlığı birgə əldə etmək imkanları əlindən alınıb, qarşılıqlı inamları öldürülüb, şəxsi təşəbbüs imkanları əllərindən alınıb. Sonucda əhali zəifləyib, özünə inamı itib, müqavimət qabiliyyəti yox olub. Belə insanlar hətta diktaturaya nifrət, azadlığa canatma hisslərini ailədə, dostlar arasında dilə gətirməkdən qorxurlar. Onlar kütləvi müqavimət göstərmək haqda ciddi düşünməkdən belə ehtiyatlanırlar. Ancaq nə fayda? Onlar həmişə məqsədsiz əzab çəkir, ümidsiz gələcək yaşayırlar.

Çağdaş diktaturalarda öncəkilərdən daha ağır durum ola bilər. Keçmişdə müqavimətə cəhd göstərənlər olurdu. Qısamüddətli kütləvi etirazlar, nümayişlər baş verirdi.  Bəzən ayrı-ayrı şəxslər, ya da kiçik qruplar zəif addımlar atır, hər hansı prinsiplərini nümayiş etdirir, itaətsizliklərini göstərirdilər. Motivləri xoşniyyətli olsa da bu cür etiraz aksiyaları insanlarda qorxu hissini aradan qaldırılması üçün yetərli olmayıb. Bu isə öz sırasında diktaturanın çökməsi üçün olduqca vacibdir. Təəssüf, belə əməllər qələbə yerinə, ümid yerinə əzab və ölümlərin çoxalması ilə başa çatırdı.

O zaman demokratik dəyərlərə sahib olmaq üçün nə etmək gərəkdir? Nisbətən bəlli vasitələrin bəzən xeyri olmur. Konstitusion, qanunvericilik sədləri, məhkəmə qərarları, ictimai rəy adətən diktaturanın eyninə olmur. Aydındır ki, zülm, işgəncə, itki, ölüm görən əhali diktaturaya yalnız gücün son qoyacağı fikrinə gəlir. Qəzəblənmiş qurbanlar çox zaman mane olanlar tərəfdə olmasa da, diktaturaya qarşı mübarizədə birləşmiş, bütün mümkün vasitələrdən yararlanmağa çalışmışlar. Bu insanlar əzablara dözərək həyatları bahasına cəsurluqla mübarizə aparıblar. Qəzəbli üsyan amansız repressiyalara gətirə bilər. Bu isə əhalinin öncəkindən daha köməksiz duruma gəlməsinə yol açır. Onlar önəmli sonuclar əldə etsələr də, çox az-az hallarda azadlığa qovuşa bilirlər.

Təzyiq metodlarının üstünlüyü nə qədər çox olsa da, bir şey aydındır: təzyiq vasitələrinə bel bağlayan bu insanlar sonda zalımların qalib gələcəyi mübarizə tipini seçib. Diktaturalar güc tətbiqinə çox yaxşı hazırlaşır. Demokratiya təəssübkeşlərinin etirazının neçə müddət davam etməsindən asılı olmayaraq, sonda hərbi reallıq qaçılmaz olur. Diktator həmişə hərbi texnika, silah, silahlı qüvvələr sarıdan üstün mövqedə dayanır. Demokratlar cəsur olsalar da, bu gücün qarşısına heç nə çıxara bilmirlər.

Əgər adi silahlı üsyanın real olmaması qəbul edilirsə, bir sıra dissidentlər partizan savaşına üstünlük verir. Ancaq partizan savaşı çox az hallarda, ya da heç zaman zülm altında qalan xalqa qurtuluş gətirmir, demokratiyaya yol açmır. Partizan hərəkatı mübahisəsiz qərar deyil. Çünki bu zaman xalq öz içindən qurbanlar verməli olur. Uyğun nəzəriyyəsi, strateji analizi, bəzən beynəlxalq dəstəyi olsa da, bu yanaşma məğlubiyyətdən qurtulmağı təmin etmir. Partizan mübarizəsi yetərincə uzun sürür. Hakim dairə isə ölçüyəgəlməz əziyyətlər, sosial itkilər bahasına vətəndaş kütlələrini sürgün edir.

Hətta sonda qələbə qazandıqda belə, mübarizə özündən sonra xeyli sayda uzunmüddətli mənfi nəticələrə gətirir. Əlindəki bütün vasitələrlə hücuma keçən rejim diktatorluğunun daha sərt üzünü göstərməyə başlayır. Partizanlar qalib gəldikdə isə yeni rejim öncəkindən daha böyük diktatora çevrilir – silahlı qüvvələrə mərkəzləşdirilmiş nəzarəti əlinə aldığına, demokratik cəmiyyətin qurulmasında olduqca vacib olan müstəqil qrupların, cəmiyyətin ayrı-ayrı institutlarının mübarizə illərində dağılmasına görə. Diktaturaya qarşı çıxanlar başqa vasitələri də nəzərdən keçirməlidirlər.

Bu təbii zəiflikləri bilən demokratik müxalifət sistemin köklü dəyişikliyinə nail olmaq, onu çökdürmək üçün bilərəkdən “Axilles dabanı”nı dərinləşdirməyə cəhd göstərməlidir.

Nəticə öncədən bəllidir – güclü görünməsinə baxmayaraq, bütün diktaturaların zəiflikləri, daxili və institusional effektsizliyi, şəxsi düşmənçiliyi, qurumlar və idarələrarası konfliktləri var. Bu zəiflikləri zaman keçdikcə rejimin effektini azaltmaq, onu şəraitin dəyişməsinə, qətiyyətli müqavimətə həssas etmək tendensiyası var.

Rejimin bütün planlaşdırdıqları həyata keçmir. Bəzi dönəmlərdə hətta Hitlerin birbaşa göstərişləri yerinə yetirilməyib – onun tabeliyində olanlar əmrləri yerinə yetirməyəcəklərini bildirib. Bəzən isə yuxarıda deyildiyi kimi, diktatura rejimi darmadağın ola bilər.

Ancaq bu, o demək deyil ki, diktaturalar risksiz və qurbansız dağıla bilər. Mübarizənin istənilən kursu risk və potensial əzabları göz önünə almağı, bir qədər də zaman tələb edir. Bununla yanaşı, hər hansı situasiyada heç bir hərəkət qısa zamanda uğuru təmin edə bilməz. Ancaq diktaturanın müəyyən zəifliklərinə yönələn mübarizə onun daha güclü tərəflərinə yönəldilmiş mübarizədən daha şanslı olur. Məsələ mübarizənin necə aparılmasındadır.

Demokratik qüvvələrin öncələr diktaturaya tabe olan diktatura tərəfdarlarının zəiflədilməsi prosesinə də diqqət ayırmaq vacibdir. Onların dəstəyi qəddarlığın ifşası, diktaturanın yol açdığı faciəvi sonucların aşkarlanması, onlarda diktaturanın devriləcəyinə əminlik yaradılması ilə zəiflədilə bilərmi? Diktatura tərəfdarlarını heç olmasa “neytral” olmağa əmin etmək vacibdir. Onların demokratik hərəkatın fəal tərəfdarlarına çevrilməsi isə lap əla olardı.
Siyasi itaətsizlik və işbirliyindən imtinanın planlaşdırılması və gerçəkləşdirilməsi prosesində diktatorun bütün əsas tərəfdarlarına və məsləhətçilərinə, o sıradan onların daxili çağırışlarına, siyasi partiyalarına, polis və məmurlarına, xüsusən də ordusuna diqqət ayrılması olduqca vacibdir.
Silahlı qüvvələrin – həm əsgərlərin, həm də zabitlərin diktatorlara loyallıq dərəcəsi mütləq diqqətlə araşdırılmalıdır. Bu, demokratik qüvvələrin orduya təsir imkanlarının ölçülməsi üçün çox vacibdir. Çoxsaylı adi əsgərlər bədbəxt, sıxışdırılan yeni çağırışçı ola bilərmi? Çoxsaylı əsgər və zabitlər şəxsi, ailəvi, ya da siyasi motivlərə görə rejimdən narazı ola bilərmi? Əsgər və zabitlərin demokratik təsir altına düşməsinə daha hansı faktorlar yardımçı ola bilər?
Qurtuluş mücadiləsinin lap başlanğıcında diktatorların qonşuları və məmurları ilə ayrıca davranış strategiyasının hazırlanması vacibdirmi? Demokratik qüvvələr söz, simvol və hərəkətlərlə ordunu qurtuluş mücadiləsinin enerjili, qətiyyətli və güclü olacağına əmin etməlidir. Ordu başa düşməlidir ki, müqavimət xüsusi xarakter daşıyacaq və onların həyatına yox, diktaturanın məhvinə yönələcək. Belə səylər önü-sonu orduda mənəvi keyfiyyətlərin aşılanmasına, onların demokratik hərəkata üstünlük verməsinə gətirib çıxaracaq. Analoji strategiyalar polis və dövlət qulluqçularına da yönəldilə bilər.
Güc strukturlarının diktaturaya tabe olmaması onların hərbi çevriliş yolu ilə diktaturanı devrilməyə təhrik etməsi kimi dəyərləndirilməməlidir. Bu ssenari üzrə uzunmüddətli demokratiya qurmaq mümkün olmayacaq. Çünki çevriliş əhali ilə iqtidar arasında qüvvələr nisbətini dəyişməyəcək. Ona görə də, hərəkata meylli zabitləri nə hərbi çevrilişin, nə vətəndaş savaşının, diktaturaya qarşı mübarizədə vacib və arzuolunan olmadığına inandırmaq gərəkdir.
Demokratik düşərgəyə meylli zabitlər silahlı qüvvələrdə narazılıq və tabesizlik yayaraq, əmrlərdən gizli yayınma, repressiyalarda iştirakdan imtina etməklə demokratik mübarizədə vacib rol oynaya bilərlər. Hərbçilər eyni zamanda demokratik qüvvələrə qeyri-zorakı yardım göstərə, o sıradan təhlükəsiz hərəkət etmək, informasiya ötürmək, ərzaq, tibb yardımı almaq imkanı yarada bilər.
Ordu diktatorların əsas güc qaynaqlarındandır. O, intizamlı hissələr və silahla “sözəbaxmayan” əhaliyə hücum edə, onu cəzalandıra bilər. İtaətsizliyin strateqləri anlamalıdırlar ki, əgər polis, bürokratik aparat, hərbi qüvvələr bütünlüklə diktaturanın tərəfində olsalar, onun əmrlərini yerinə yetirsələr, onda diktaturanı devirmək fövqəladə çətin və ya mümkün olmaya bilər. Ona görə də, demokratik hərəkatın strateqləri diktatorların güc strukturlarının loyallığı strategiyasının vacibliyini bilməlidirlər. Məhz, güc strukturları ilə iş demokratik inqilablarda əsas model kimi qəbul edilir…

Ana səhifəXəbərlərDemokratik mübarizəyə politoloji baxış