«Maaşımız ödənilməyənə qədər Prezident Administrasiyasının qarşısını tərk etməyəcəyik»
Avqustun 26-da 40-dək dəmiryolçu Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər.
Bu haqda Azadlıq Radiosuna aksiyaçı Mələk Əliyeva məlumat verib.
Etirazçılar 2001-ci ildən yığılan əmək haqlarının, ezamiyyət pullarının ödənilməsini tələb ediblər. Bundan başqa, işdən çıxarılan dəmiryolçuların işə bərpasını istəyiblər.
«Dəmiryol İdarəsində iki əməkhaqqı cədvəli olub. Dəmiryolçular 300-500 manata qol çəksələr də, 80-100 manat maaş alıblar. Son etirazlardan sonra bu məbləğ 200 manata qaldırılıb. Biz maaşımızın yerdə qalanını tələb edirik», – dəmiryolçu qadın deyir.
Mələk Əliyeva oturaq aksiya keçirmək niyyətində olduqlarını bildirib: «Maaşımız ödənilməyənə qədər Prezident Administrasiyasının qarşısını tərk etməyəcəyik».
Bu, dəmiryolçuların ilk aksiyası deyil. Onlar bundan əvvəl də iş və əməkhaqqı tələbiylə etiraz ediblər. Rəhbərlik bu məsələnin yoluna qoyulacağını vəd edib.