Dəfn qaydalarının pozulmasına görə cərimələr müəyyənləşdi

Siyavuş Novruzov: Yaxın zamanda Nazirlər Kabineti tərəfindən nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı sərəncam olacaq

Source:
Dəfn
Dəfn

Siyavuş Novruzov: Yaxın zamanda Nazirlər Kabineti tərəfindən nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı sərəncam olacaq

“Şəhərin ortası ilə gedirsən, görürsən, kiçik yaşlı qız uşaqları masaj salonlarının reklamı ilə bağlı kağızlar paylayırlar. Bu uşaqları belə işlərə kim cəlb edib? Bələdiyyələr də öz ərazilərində bu kimi hallara qarşı mübarizə aparmalıdır. Biz bələdiyyələrin statusunun artırılması istiqamətində addımlar atmalıyıq”.

Bunu “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsi zamanı deputat Fazil Musafa deyib. O bildirib ki, faktiki olaraq bələdiyyələr fəaliyyətsiz quruma çevrilib və normal büdcəsi olan bələdiyyə yoxdur”.

O əlavə edib ki, məzar yerlərinin satılması, yaxud o yerlərin kiməsə verilməsi halında başqa qurumlar buradan vəsait götürürlər, amma qorunma, saxlanma bələdiyyənin üzərinə qoyulur. Əslində isə bu məsələlər bələdiyyələrə verilməlidir:

“İmkan yaradılmalıdır ki, torpağı da onlar versin, yeri də onlar ayırsın. Bələdiyyələrə öz ərazisində bir sıra funksiyaları həyata keçirmək imkanı verilməlidir”.

Deputat İlham Əliyev bildirib ki, kənd bələdiyyələrinin, doğrudan da, maliyyəsi yoxdur və buna görə də indi onları “yükləmək” düzgün deyil: “Qanun layihəsində bələdiyyələrin imkansız ailələrin yas mərasimlərini təşkil etməsi ilə bağlı müddəanı düzgün saymıram. Dəfn xərclərini layihədə saxlamaq olar, amma yas mərasimlərini təşkil etmək əlavə xərcdir”.

S. Novruzov da qeyd edib ki, yas və dəfn mərasimi fərqli analayışlardır:

“Yeni qanuna əsasən, bələdiyyələrin üzərinə yasla bağlı xərclərin qoyulması onların işində çətinliklər yarada bilər. Əgər kiminsə dəfn etməyə imkanı yoxdursa, o zaman bələdiyyələr belə insanlara yalnız dəfn mərasimində yardım etməlidir. Amma yas mərasimini ev sahibi özü istəyinə uyğun şəkildə keçirməlidir. Əgər biz bələdiyyələrə yas mərasimi ilə bağlı səlahiyyət versək, o zaman hər kəs bələdiyyəyə müraciət edəcək və bu da onların üzərinə yük olacaq”.

Deputatı Siyavuş Novruzov bildirib ki, yaxın zamanda Nazirlər Kabineti tərəfindən nümunəvi qəbiristanlıqların yaradılması və idarə olunması ilə bağlı sərəncam olacaq. O qeyd edib ki, sənəddə qəbirstanlıqlar üçün yerlərin ayrılması, idarə olunması, formaları kimi məsələlər öz əksini tapacaq.

“Bəzən insanlar tərəfindən qəbirstanlıqlarda qabaqcadan yerlər alınır. Bu məsələlərdə ardıcıllıq həyata keçirilməlidir. Hökumət tərəfindən hazırlanan sənəd belə problemlərin qarşısını alacaq. Bu qədər dəm-dəstgaha, artıq xərclərə ehtiyac qalmayacaq”.

Komitə sədri onu da vurğulayıb ki, insanlar əkin sahələri, məktəb, xəstəxana və su hövzələrindən kənarda dəfn edilməlidir: “Müasir dövrdə elə xəstəliklər var ki, bu xəstəlik uzun müddət həllini tapa bilmir və bu yerlərdə dəfn edilmələr də prolemlərə səbəb olur”.

Müzakirələrdən sonra “Bələdiyyələrin statusu haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik səsə qoyularaq qəbul edilib.

İXM-ə yeni əlavə edilən 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsinə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər.

Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaqlar.

Bundan başqa, qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq ediləcək.

Ana səhifəXəbərlərDəfn qaydalarının pozulmasına görə cərimələr müəyyənləşdi