Dedovşina niyə var?

Zabit olmuşam, bilirəm…

Source:

Əsgər ölümlərinin ardı-arası kəsilmir. Bu haqda ciddi düşünüb, araşdırmağa məcburuq. Kim etməlidir bunu? Biz, cəmiyyət. Çünki sistemin marağında deyil əsgər ölümləri. Bunu yazıda izah edəcəm. Hərbi təcrübəm kifayət edir ki, bu mövzuda rəy verə bilim.

Orduda zabit olmuşam, o müddətdə kifayət qədər hadisə görmüşəm. Ona görə də əsgər ölümlərinin niyə azalmadığı, orduda 2016-cı ildə hələ də “dedovşina” hallarının müşahidə olunması və bunlara şərait yaradan hallar barədə, hər bənddə gördüyüm hadisəni yazıb, qısa fikir formalaşdırmağa çalışacam. Orduda “dedovşina” hallarının olmasında birbaşa sistemin, yüksək rütbəli zabitlərin günahı var.

Əsgər ölümlərində, “dedovşina”da niyə sistem günahkardır?

Başlayaq hərbi xidmətə çağrılmadan. Ən böyük problem buradan başlayır. Bu xidmət konkret olaraq, bazardır. Bazar qanunları ilə idarə olunur, hər şeyin öz qiyməti var. Əsgərlikdən 3 il saxlatma, ümumiyyətlə yararsız alma və s. Yəni pulunuzu verin, kef edin. Bəs pulu olmayanlar? Bəli, onları gətirirlər hərbi xidmətə. Bir dəfə məni gecə hərbi hissəyə təcili çağırdılar, gəldim ki, deyirlər əsgər 4 iynə udub. Təsəvvür edirsiniz? Əsgərdən niyəsini soruşdum, gülərək dedi “hərbi xidmətdən yayınmaq üçün, mənim pulum yox idi, tutub gətiriblər, xidmət eləmək istəmirəm”.

Sonra o əsgəri hospitala yolladıq, məlum oldu ki, ciddi psixi pozuntusu var və o, yoxlanılmadan hərbi xidmətə buraxılıb. Ya da yoxlanılıb, amma pulu vermədiyinə görə xidmətə gətirilib. Hərbi xidmətdə olanlar görüblər, nə qədər gözü çəp olan, ciddi psixi pozuntusu, boyu həddən artıq kiçik, müxtəlif ağır xəstəlikləri olan adamlar hərbiyə gətirilir. Dəfələrlə əsgərin digər əsgəri öldürməsi olaylarında şahid olmuşuq ki, öldürən əsgərin ciddi psixi pozuntusu olub.

Sonra əsgər gəlir hərbi hissəyə.

Hərbidə “dedovşina” “Sovet vaxtından var, bunu yığışdırmaq mümkün deyil” deyənlər çox yanılırlar. Bu, birbaşa sistemdən asılıdır. Məsələn, bölüklərdə aparıcı əsgərin olması, bölüyə məsul olan zabitin xeyrinədir. Niyə? Çünki bölüyə veriləcək tabşırığı, aparıcı əskərə vermək kifayət edir ki, o, bölüyə həmin tapşırığı etdirsin. Və zabit və ya gizir rahatca şəxsi işi ilə məşğul olsun. Hərbi xidmətdə qabağıma çıxan cinayətlərin böyük əksəriyyəti zabit və gizirin nəzarətsizliyi ucbatından baş verirdi. Bu, hərbidə çox ciddi nüansdır.

Bəs, aparıcı əsgər obrazı hərbidə necə yaranır?

Hərbiyə yeni gələn əsgər digər əsgər yoldaşları tərəfindən “yoxlama”lara tabe tutulur. Yəni gecə yuxudan qaldırıb sıxışdırmaq, döymək və s. Əgər yoxlanılan əsgər bu yoxlamalardan “təmiz” yəni heç kimə demədən çıxarsa və dözərsə, yəni onların verdiyi əmrləri döyülmək bahasına etməzsə, deməli o, artıq sınaqdan çıxmış hesab edilir. Deməli o, “suka” deyil. “Suka”lıq hərbi xidmətdə çox ciddi məsələdir. Əgər bir dəfə etdinsə, qalan hərbi xidmət müddətini əziyyətlərlə keçirməli olursan. Hər məqamda əsgər yoldaşların səni aşağılayır. “Suka” olmayan əskər həm də zabitlərə xeyir edir. Çünki o, zabitin aldığı rüşvəti, döydüyü əsgəri, söydüyü söyüşləri prokurorluğa çatdırmır. Hərbiçilərin ən çox qorxduqları yer hərbi prokurorluqdur. Çünki ora daha ciddi bazardır, bir növ yeni ticarət mərkəzləri kimidir, daha səviyyəli və külli miqdar rüşvət alınır.

Prokurorluq və məhkəmələr “dedovşina”ya necə yardım edir?

Hərbi xidmətdə digər əsgər yoldaşını vurmuş və ya hər hansısa cinayət törətmiş əskərin işini göndərirlər prokurorluq orqanlarına. Orada da menyu var. Əsgərə şapalaq vurmaq-filan qiymət, döymək filan qiymət və s. Əgər oradan “sağ” çıxa bilməsə, əsgər və ya zabit, onun işini göndərirlər hərbi məhkəməyə. Çox az saylı işdə hərbi məhkəmə həbs qərarı çıxarır. Əgər pulun yoxdusa, həbs olunursan, pulun varsa şərti iş verilir və sən hərbi xidmətini davam etdirmək üçün hərbi xidmətə qayıdırsan. Təsəvvür edirsiniz, yüzlərlə cinayət edən əskər olur ki, yenidən pulunu verir, işini qurtarır, qayıdır hərbi xidmətini davam edir. Və bu yeni cinayətlərə yol açır. Çünki əsgər rahatlaşır. Digər əskərlər də həmçinin. Deyir, uzağı vuracam birini, atam gəlib pulunu verəcək.

Bu yazı çox uzana bilər. Davamı da olacaq. Bunlar danılmaz faktlardır. Azərbaycanda milyonlarla insan hərbi xidmət keçib və gəlib bu faktları dana bilməz. Ən azından, saxtakarlıq etmiş olar. Əsgər ölür, mediaya məlumat verilmir. Bunlar problemi həll etməkdən, problemin üstünü digər saxtakarlıqla örtməyə çalışırlar. Əsgər ölümlərinə etiraz etmiş gənclərdən 8 nəfərini uzun müddətlik həbs cəzası verdilər, şərlədilər. Hələ də onlardan dördü həbsdədir. Səbəb?

Onlar da gənc idilər və gələcəkdə gedəcəkləri xidmətdə döyülmək, söyülmək, öldürülmək istəmirdilər. Ən çox pul büdcədən orduya ayrılır, amma 23 ildə nə bir qarış torpaq geri qaytarılıb, nə də bir inkişaf var. Cəmiyyət susmadı, 2013-cü ildə baş tutan iki böyük aksiya ilə reaksiyasını göstərdi. Hakimiyyət nə etdi? Heç nə… Əsgər ölümləri hər il daha da artır. Və bunların böyük əksəriyyəti qeyri-döyüş şəraitindədir. Bunları kimsə yazmalı, deməlidir. Valideynlər övladlarını hara göndərdiyini bilməlidir, media ölümləri gizlətməməlidir.

Əsgərimiz ölməsin, ordu morqa dönməsin…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəDedovşina niyə var?