”Dava-dava” oyunları

Məcburi köçkün uşaqları. Foto: Wiki

Rüzgar Mövsüm

“Sizi idarə etmək üçün bir-birinizə bənzədir, müharibə başlayanda isə vətənpərvərə çevirirlər”.
Jak Fresko

Hələ dünyanın nə olduğunu qanmırdıq, amma hərbi oyunlar oynayırdıq. Yadımdadır, uşaqların hər biri öz oyuncaqlarını gətirərdi. Mən də qonşumuz Zaurun kəndə tətilə gedəcəyini gözləyərdim ki, atasının Riqadan gətirdiyi balaca tanklarını qayıdana kimi mənə versin.

Rüzgar Mövsüm. Foto: Meydan TV

Sonanın atası evlərinin təmiri üçün dalana qum tökdürmüşdü. Biz də onun üstündə budaq və kartonlardan istehkamlar qurur, səngərlər düzəldir, oyuncaq tank və əsgərlərimizi müxtəlif mövqelərdə düzüb, dava-dava oynayardıq. Mən və dalanımızdakı tay-tuşlarımın əksəriyyəti uşaqlığın nə olduğunu bilmirdik. Bəlkə yaşadığımız dövrə, ya da kasıb olduğumuza görə belə idi. Nə bilim, vallah! Bircə onu bilirəm ki, həyatı yaxşı dərk etməsək də, nazlı uşaqlıq yaşamalı olduğumuz bir çağda müharibə və ölümün nə olduğunu deyəsən artıq yaxşı başa düşürdük. Çünki küçəmizə müharibədə ölmüş qonşularımızın bir-bir tabutları gəlirdi. Qonşumuz ləzgi Tamara xala bizim hərbi oyuncaqlarımıza baxıb deyərdi ki, ay bala, siz nə pis vaxtda dünyaya gəlmisiz?!

Həyətimizin qapısının yayları vardı. Hər dəfə həyətə kimsə girib-çıxanda, qapı “tap-tap” salıb, bir neçə dəfə də açılıb örtülər, sonra isə sakitləşərdi. Tap-tap, tap, tap-tap, tap! Biz qapının səsindən başa düşərdik ki, Sahilin anası Reyhan xala hər gün olduğu kimi səhər həyətdən çıxıb, Qasım İsmayılov küçəsi ilə işə gedir. Nadir kişinin keçən il əsgərlikdən qayıtmış oğlu Elnur da günorta “Olipm” tərəfə karate məşqinə yollanır. Onu da bilirdik ki, axşamüstü “Poluxin” küçəsindən keçib, “Perviymayskiy”lə aşağı düşəcək və evə gələcək. Əyin-başını dəyişib, bir az dincələndən sonra yenə dalanımızdakı uşaqları başına yığıb, karate fəndləri öyrədəcək. Biz qapının səsini Elmira xala axşamçağı “Passaj” bazarında sonuncu torba şorunu satıb, yorğun-yorğun evə qayıdanda da eşidərdik. Elmira xala oğlu Azərlə yaşayırdı. Bir dəfə biz onların mübahisə etdiyini də eşitmişdik: “Ay bala, nə istəyirsən? Gül kimi qız tapmışam səninçün, evlən də!” Qonşu dalandakı Ninaya vurulmuş, hər gecə onun eyvanının altında bitən Azər də qayıtmışdı ki, ay ana, nə qədər demək olar? Mən başqasını sevirəm, axı! Yəni bunu başa düşmək belə çətindir? Sonra da bir siqaret yandırıb, qara gur saçları dalğalana-dalğalana pilləkanları düşüb, həyətdən çıxmışdı. Həyətimizin qapısı da yenə tap-tap, tap, tap-tap, tap səs salmışdı. Birazdan o, yoldaşları ilə yenə “Dom pioner”in qabağında görüşmüşdü və onlar üzü “Parapet”ə tərəf gəzməyə düşmüşdülər. Mən və bir neçə məhəlləuşağım yolüstü onlara rast gəlmişdik. Hətta, eşitmişdik ki, onlar o vaxt təzə çıxmış yeni mahnılardan, yaratmaq istədikləri diskotekadan söhbət edirlər.

Günlər bir-birini əvəz edirdi. Bizim 7-8 yaşımız vardı. Ağ köynək və məktəbli pencəyimizi geyib, küçə yuyan maşınlara, payız yağışının altında harasa tələsən insanlara baxa-baxa məktəbə gedirdik. Dərsdən sonra hasarlara dırmaşırdıq, küçəmizdə “samokat” sürürdük. Füzuli meydanında oynayırdıq, qışda xizəklə küçəmizin lap yuxarı başından az qala Şahmat məktəbinin yanına kimi üzüaşağı sürüşürdük. Yazda üzbəüz dalandakı Yaxşıxanım xaladan kal alça alıb, “Şəlalə” tərəfə sülənməyə gedirdik. Yay tətilində də isti asfaltın üstü ilə ayaqyalın qaçıb, təndir çörəyi alırdıq. 20 qəpiklik dondurma satan əmi və xalaların yolunu gözləyirdik. Qırı ərimiş damlara dırmaşıb, üzüm yeyirdik, “Beşmərtəbənin” altındakı həyətlərdə də “Kazaki razboyniki” oynayırdıq. Sonra da məktəblər açılırdı və hər şey yenidən başlayırdı.

Günlərin birində eşitdik ki, qonşumuz Reyhan və Elmira xalanın, Nadir kişinin övladları müharibəyə gedirlər. Onlar sağollaşıb həyətdən çıxdılar və qapımız da həmişəki kimi öz ahəngində tappıldadı. Artıq Reyhan xala səhərlər işə tək gedirdi, Nadir kişinin oğlu məşqə yollanmırdı. Elmira xala da oğlu Azərə deyinmirdi. Küçəmizdən üzü “Parapetə” sarı düşən “modnu” oğlan və qızlar da deyəsən artıq diskoteka qurmaq planlarından danışmırdılar. İndi biz daha çox marş oxuyan əsgərlərə rast gəlirdik, onların küçəmizdən keçməsinə baxırdıq. Qonşumuz Şəfiqə xala deyirdi ki, Allah baba anaların duasını eşidir. Ona görə də mütləq bu əsgərləri qoruyacaq.

Bir gün də xəbər gəldi ki, Reyhan xalanın 11-ci sinfi bitirən kimi müharibəyə könüllü getmiş oğlu Sahil Kəlbəcər tərəfdə batalyonu ilə birlikdə mühasirəyə düşüb. Onlar axıra kimi savaşıblar. Sahil də sonuncu gülləsinə kimi döyüşüb və axırda da düşmən əlinə düşməmək üçün özünü vurub. Bundan sonra dava-dava oynayanda biz Sahil olmaq üçün də mübahisə edirdik. Hamı Sahil kimi qəhrəman olmaq istəyirdi, axı! Bizim başımızın dava-dava oyununa qarışdığı bir vaxtda, Elnurun kəşfiyyat tağımı düşmən zabiti oğurlamaq üçün cəbhə xəttini keçmişdi. Bu işi bir-neçə dəfə uğurla həyata keçirməklərinə baxmayaraq, bu dəfə o, yoldaşları ilə birlikdə geriyə qayıda bilməmişdi. Onlar atışmalı, daha sonra isə əlbəyaxa vuruşmalı olmuşdular. Elnur daha bizə heç vaxt karate fəndləri göstərə bilməyəcəkdi. Çünki o, bizə göstərə biləcəyi fəndləri son dəfə işlətdikdən sonra həlak olmuşdu. İndi biz uşaqlarla Sahildən başqa Elnur olmaq üçün də höcətləşirdik. Amma indi bir az asan idi. Kimsə Sahil, kimsə də Elnur ola bilirdi, axı!

Böyüyürdük ki, bir gün biz də bu qapıdan çıxıb böyüklərin “Dava-dava” oyunu olan müharibə deyilən sərsəmliyə qatılaq. Analar da desin ki, Allah baba əsgərlərimizi qoruyar, inşallah. Bir nəfər də soruşmasın ki, ay balam, Allah baba bizim anaların dualarını eşidib, əsgərlərimizi qoruyursa, qarşı tərəfin dualarını kim eşidir bəs? Onların əsgərlərini kim qoruyur?

Qışda uşaqlarla həyətdə oynayanda hərdən isinmək üçün əllərimizi keçmiş sahibi erməni Mişa olan evin istilik borusuna yapışdırardıq. Biz burada qızındığımız zaman haradasa uzaqlarda yaralı əsgərlər qarın altında donub ölürdülər. Günlərin birində xəbər çıxdı ki, Ağdərə döyüşlərində Azər idarə etdiyi tankın içində heyəti ilə bir yerdə yanaraq həlak olub. Bir müddət kim olduğu belə bilinməyib. Axırda onu sevgilisinin verdiyi talismandan tanıyıblar. Nina isə Azərin qara xəbərindən sonra dözmədi, dərman içib intihar etdi. Elmira xalanın Azərə məsləhət gördüyü qız isə hansısa yüksək vəzifədə işləyən gombul bir day-dayın oğluna ərə getdi. İndi biz dava-dava oynayanda sinif yoldaşım Tural həmişə Azər olmaq istəyirdi. Biz uşaqlar çox, amma həyətimizin sakinləri arasında müharibədə ölmüşlərin sayı üç nəfər idi. Dava-dava oynayanda şəhid adı götürə bilməmiş uşaqları başqa həyətlərdən həlak olacaq əsgər adları gözləyirdi. Mən heç cür başa düşə bilmirdim ki, Allah baba niyə Reyhan və Elmira xalanın, Nadir kişinin dualarını eşitməmişdi? Deməli, Şəfiqə xala bizə yalan danışmışdı! Sonra mən qara xəbərlərin xəstəlik kimi ətrafdakı küçələrə də yayıldığını görəndə, anladım ki, sən demə, Tamara xala düz deyirmiş – biz doğrudan da, pis vaxtda dünya gəlmişik. Böyüyəndə isə müharibə olmuş elə bütün vaxtların pis olduğunu başa düşdüm.

Həyətimizin qapısı yenə açılıb-örtülür, yenə səs salırdı. Ancaq bir vaxtlar qabaqlarında bir dənə “mayka-tumanda” ayaqyalın qaçdığımız, bizim özümüzə nümunə seçdiyimiz o oğlanlar – Sahil, Elnur və Azər artıq bu qapıdan keçib, evlərinə qayıtmırdılar. İndi bu qapıdan da, qonşu həyətlərin qapısından da müharibədən qayıtmamış o oğlanların əvəzinə biz girib-çıxırdıq. Böyüyərək harasa gedirdik, haradansa qayıdırdıq. Böyüyürdük ki, bir gün biz də bu qapıdan çıxıb böyüklərin “Dava-dava” oyunu olan müharibə deyilən sərsəmliyə qatılaq. Analar da desin ki, Allah baba əsgərlərimizi qoruyar, inşallah. Bir nəfər də soruşmasın ki, ay balam, Allah baba bizim anaların dualarını eşidib, əsgərlərimizi qoruyursa, qarşı tərəfin dualarını kim eşidir bəs? Onların əsgərlərini kim qoruyur?

Həm də ona görə böyüyürdük ki, “Müharibə” adlı nəhəng biznes olan dava-dava oyununa qurban getdikdən sonra həyətimizin qapısını bizdən kiçik uşaqlar açıb-bağlasın və qapımız da yenə həmişəki kimi səs salsın: “Tap! Tap! Tap!”

Ana səhifəMənim Fikrimcə”Dava-dava” oyunları