Daşkəsənli müxalifətçi həbs oluna bilər

Elşad Qafarov: ”Siyasi fəaliyyətimə görə məni incidirlər”

Source:
Elşad Qafarov foto Meydan TV
Elşad Qafarov foto Meydan TV


Elşad Qafarov: ”Siyasi fəaliyyətimə görə məni incidirlər”

Noyabrın 29-da Ədalət Partiyasının Daşkəsən rayon təşkilatının sədri Elşad Qafarov polis tərəfindən saxlanıb. Bu barədə Meydan TV-yə Elşad Qafarovun özü məlumat verib. Onun sözlərinə görə, səhər saatlarında rayonun girişində yol polisi onu saxlayaraq, maşınına həbs qoyulduğu bildirilib:

“Daha sonra bölməyə apardılar və “polisə müqavimət” adı ilə iş açdılar. Bir saat sonra məhkəmə oldu. Məhkəmədə vəkilim olmadığı üçün etiraz etdim. Odur ki, məhkəmə dekabrın 2-dək təxirə salındı”.

Elşad Qafarov deyir ki, hazırda nə edəcəyini bilmir. Çünki Daşkəsəndə onu müdafiə edəcək vəkil yoxdur: “Burda müstəqil vəkil yoxdur. Ayın 2-dək nə edəcəyimi bilmirəm”.

Elşad Qafarov həbsdən oktyabrın 27-də çıxıb. İyulun 27-də Daşkəsən Rayon Məhkəməsinin qərarı ilə Ədalət Partiyasının rayon şöbəsinin sədri Elşad Qafarov 8 ay həbs cəzası alıb. O, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham olunub.

E. Qafarov bu ittihamları qəbul etmir, həbsinin siyasi sifariş olduğunu söyləyir.

“Ədalət Partiyasının rayon təşkilatının sədri Elşad Qafarovun həbsində hər hansı siyasi motiv yoxdur. O, cinayət əməlinə yol verib, buna görə də həbs edilib”, – bu sözləri isə Azadlıq Radiosuna Daşkəsən rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdiri Namiq Süleymanov bildirib.

N.Süleymanovun deməsinə görə, E.Qafarov bir neçə ay öncə rayonda su xətti çəkilişi ilə məşğul olan “Çakır Yapı” şirkətinin əməkdaşlarını təhqir edib: “E.Qafarovun bu təhqirinə səbəb isə su xəttinin yaxınlığında yaşayan qohumunun guya şirkət əməkdaşları tərəfindən təhqir olunmasıdır”.

N.Süleymanov deyib ki, bununla bağlı şirkət hüquq-mühafizə orqanlarına müraciət edib, xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Daşkəsən Rayon Məhkəməsi də iyulun 27-də E.Qafarovu 8 ay müddətinə azadlıqdan məhrum edib.

Ana səhifəXəbərlərDaşkəsənli müxalifətçi həbs oluna bilər