Daşkəsəndə polisin döydüyü adam həbs olunub

“Bəhmən Abbasovun əsas məşğuliyyəti DİN-nin “102” xidmətinə zəng edərək böhtan xarakterli məlumatlar verməkdir”

Source:


“Bəhmən Abbasovun əsas məşğuliyyəti DİN-nin “102” xidmətinə zəng edərək böhtan xarakterli məlumatlar verməkdir”

Daşkəsən rayon İcra Hakimiyyətinə etiraz edən vətəndaşa qarşı polis zorakılığı ilə bağlı görüntülər Meydan TV tərəfindən yayımlandıqdan sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə açıqlama verib. DİN sözçüsü “Criminal.az” saytına bildirib ki, həmin görüntüdə əks olunmuş şəxsin Daşkəsən rayon İcra Hakimiyyəti qarşısında guya etiraz etməsi barədə səslənmiş fikirlər həqiqətdən uzaqdır.

“Videogörüntüdəki həmin şəxsin – rayonun Qazaxyolçular kəndinin sakini, polisə və digər hüquq-mühafizə orqanlarına qarşı aqressiv mövqeyi ilə tanınan, əvvəllər ictimai qaydanın qorunması üzrə vəzifələri yerinə yetirən polis əməkdaşlarına qarşı müqavimət göstərməklə qatı xuliqanlıq əməli törətdiyinə görə məhkum olunmuş Bəhmən Abbasovun əsas məşğuliyyəti DİN-nin “102” xidmətinə zəng edərək ayrı-ayrı şəxslər barədə müxtəlif mövzularda şər və böhtan xarakterli məlumatlar verməsidir. Hüquqazidd əməllər törətdiyinə görə barəsində vaxtaşırı Daşkəsən RPŞ-yə, rayon prokurorluğuna və məhkəməsinə müxtəlif məzmunlu materiallar daxil olur.

Bu şəxsin törətdiyi son hüquqazidd əməllərdən biri cari il avqustun 1-də Qazaxyolçular kəndinin mərkəzində mübahisəli torpaq sahəsinə yerli icra, bələdiyyə orqanlarının nümayəndələrinin, icra məmurlarının iştirakı ilə baxış keçirilən zaman həmin torpaq sahəsinin israrla ona məxsus olmasını bildirib oradakı məsul şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlədərək getmələrini tələb etməsi, əks təqdirdə zor tətbiq edəcəyi ilə hədələyərək, 40 dəqiqə ərzində ictimai qaydanı kobud surətdə pozması, onun cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin qarşısını almağa çalışan həmkəndlisi İlqar Məmmədova xəsarət yetirməsi olub”.

Orxan Mansırzadə deyib ki, faktla bağlı Daşkəsən RPŞ-də B.Abbasov barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Noyabrın 18-də Bəhmən Abbasovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilərək həmin maddə üzrə ona ittiham elan edilib, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Noyabrın sonunda isə cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Dekabrın 14-də rayon məhkəməsində keçirilən prosesdə “polisin nəzarəti altına vermə” qətimkan tədbirini dəfələrlə pozduğuna görə barəsində bu dəfə həbs-qətimkan tədbiri seçilərkən Bəhmən Abbasov məhkəmə zalında hakimə qarşı kobudluq edib, ünvansız söyüşlər söyərək, təhqiramiz ifadələr işlədərək hay-küy salıb və məhkəmə salonunu özbaşına tərk edərək qaçıb.

Məhkəmənin əməkdaşları B.Abbasovun tululması üçün Daşkəsən RPŞ-yə müraciət ediblər. Şöbənin əməliyyat qrupu və həmin əraziyə yaxın yerlərdə xidmətdə olan polis əməkdaşları dərhal hadisə yerinə cəlb olunub. Bu zaman B.Abbasov polisin qanuni tələblərinə tabeçilik göstərməyib, qışqır-bağır, yersiz səs-küy salmaqla hadisənin mahiyyətindən xəbərsiz olan, olayın təsadüfən şahidlərinə çevrilmiş sakinlərin diqqətini özünə cəlb etməyə çalışıb. Amma müqavimət göstərilməsinə baxmayaraq, polis əməkdaşları məhkəmənin qərarını icra edib, B.Abbasov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda sözügedən cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir”.


“Daşkəsən rayonunda polisə müqavimət göstərən şəxs barəsində məhkəmənin həbs qərarı var”.

Bunu isə “Report”a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Əbıyev deyib.

İcra hakimiyyətinin başçısı baş verən hadisənin təfərrüatını belə açıqlayıb: “Həmin şəxsin adı Bəhməndir. Qonşusu ilə kartof əkib. Razılaşıblar ki, kartofun satışından əldə olunan pulu bölsünlər. Sonradan bunların arasında mübahisə yaranıb. Bəhmən qonşusunu vurub. Həmin şəxs də ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Daşkəsən Rayon Məhkəməsi qərar çıxarıb. Məhkəmənin qərarı ilə Bəhmən barəsində həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs olunub, Gəncə şəhərinə aparılarkən yolda polislərə müqavimət göstərərək qaçıb. Bildirib ki, Azərbaycan Prezidentinə və rayon icra hakimiyyətinin başçısına şikayət edəcək. İcra hakimiyyətinin başçısı nə etməlidir? Axı məhkəmənin qərarı var. Polis də onu tutub, bu zaman qarşıdurma baş verib. Mən özüm də videoya baxmışam”.

Ə.Abıyev vurğulayıb ki, insanlar yayılan videodan məsələnin mahiyyətini başa düşmürlər:

“Deyirlər, guya bu, elektrik enerjisinin, təbii qazın qiymətinin artırılmasına etirazdır. Qətiyyən belə deyil, yazılanlar cəfəngiyyatdır. Bir neçə şəxs var ki, belə məlumatları şişirdir”.

Ana səhifəXəbərlərDaşkəsəndə polisin döydüyü adam həbs olunub