Daşaltı kəndində iki nəfər minaya düşüb

Mənbə: “Bizim Yol”

Mina partlaması ilə həyatını itirənlər quruculuqla məşğul olan şirkətlərin əməkdaşlarıdır

Dekabrın 9-da Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.

Nazirlik hadisənin səhər saat 9 radələrində Daşaltı kəndi ərazisində olduğunu qeyd edib:

“Bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları – İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar”. Hər iki şəxsin tank əleyhinə olan minanın üzərinə yerləşdirilən piyada əleyhinə minaya düşdüyü vurğulanıb: “Nəticədə tank əleyhinə olan minanın partlaması ölümə səbəb olub”.

Faktla bağlı prokurorluğun araşdırma apardığı bildirilib.

Noyabrın 30-da Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycanın işğaldan azad edilən ərazilərində 73 mülki şəxsin minaya düşdüyü barədə məlumat yayıb. Onlardan 24 nəfərinin həlak olduğu, 49 nəfərinin isə xəsarət aldığı qeyd edilmişdi.

Ana səhifəSiyasətDaşaltı kəndində iki nəfər minaya düşüb