Daha bir neçə qurumun birləşdirilməsinə ehtiyac var

Ekspertlərin fikrincə, bir-birini təkrarlayan strukturlar ləğv olunmalıdır

Source:


Ekspertlərin fikrincə, bir-birini təkrarlayan strukturlar ləğv olunmalıdır

Prezidentin sərəncamı ilə öncə Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamenti, sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi. Bunları struktur islahatı adlandırmaq olarmı?

“Görünən odur ki, hökumət, gec də olsa, idarəetmənin optimallaşdırması üçün bəzi addımları atmaq istəyir, əsasən də bir-birlərinin işini təkrarlayan strukturlar ləğv olunur”, – bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Azadlıq Radiosuna deyib.

Sabiq millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədov Meydan TV-yə açıqlamasında deyir ki, idarəetməni təkmilləşdirmək, ən əsas da Nazirlər Kabinetinin mobilliyini artırmaq üçün instutsional islahatlara ehtiyac var idi:

“Bu instutsional islahatlar bir-birini təkrarlayan, bir-birinə oxşar funksiyaları yerinə yetirən dövlət qurumlarının həm fəaliyyətini optimallaşdırmaq, həm də dövlət xərclərini azaltmaq üçün bu qurumların birləşdirilməsi ilə davam etməlidir. Mən 2009-cu ildə də çıxış edərkən islahatlarla bağlı demişdim ki, dövlət bir-birinə oxşar funksiyaları yerinə yetirən bir neçə qurumu saxlamaqla büdcəni yükləyir. Bu qurumları birləşdirmək lazımdır”.

Ekspertin sözlərinə görə, bir çox nazirliyin funksiyalarını konkret müəyyən etmək və işçilərinin əmək haqqını normallaşdırmaq üçün – nəzərə alsaq ki, nazirliklərin əksər işçilərinin aylıq əmək haqqı 400-500 manatdır – islahatlara getmək lazımdır:

“Məhz aşağı əmək haqqına görə həmin dövlət qurumlarında bu gün heç kəs korrupsiyaya bulaşmamış işləyə bilməz. Nəticəsi də bəllidir. Belə qurumların fəaliyyəti göz önündədir. Odur ki, bu gün prezidentin seçdiyi islahatlar yolunu müsbət qiymətləndirirəm”.


Daha hansı nazirliklər, komitələr birləşdirilməli və ya ləğv edilməlidir?

Nazim Məmmədov deyir ki, Vergilər Nazirliyi ilə Gömrük Komitəsinin birləşdirilməsinə də ehtiyac var. Bundan əlavə, Azərbaycan Respublikası Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini ləğv etməklə onun funksiyalarını Kənd Təsərrüfatı Nazirliyinə vermək olar:

“Eyni zamanda, Təhsil Nazirliyi və Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının funksiyaları oxşardır. Bu qurumlar da birləşdirilə bilər. İnkişaf etmiş ölkələrdə Dövlət Sosial Siğorta Fondu yoxdur. Onu ləğv etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirmək olar və sair”.

“Dövlət strukturlarının təkmilləşdirilməsinə ehtiyac var”. Modern.az saytına açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvini müsbət addım sayıb:

“Çünki hazırda özəlləşdirilməyən torpaqlar qalmayıb. Torpağın üzərindəki müəyyən problemlə Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi məşğul olur. Belə addımları davam etdirmək lazımdır”.

O da bəzi dövlət qurumlarının ləğvinə və ya birləşdirilməsinə ciddi ehtiyac görür:

“Məsələn, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, demək olar, eyni funksiyaları yerinə yetirir. Bu, təbii ki, dövlət başçısının səlahiyyətində olan məsələdir. Vergilər Nazirliyi faktiki olaraq vergiyə cavabdeh olan bir təşkilatdır. O cümlədən, dövlət büdcəsinə nəzarət mexanizmini həyata keçirən qurum Maliyyə Nazirliyidir. Eyni zamanda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi. Düşünürəm ki, bu sistemə də baxmaq olar. Ümumiyyətlə, struktur dəyişikliyinə ehtiyacı olan qurumlar kifayət qədərdir. Bu məsələlərin həyata keçirilməsi isə ölkənin iqtisadi vəziyyətindən asılıdır”.

Ana səhifəXəbərlərDaha bir neçə qurumun birləşdirilməsinə ehtiyac var