Daha bir komitə

Xətrini əziz tutduğum bir adam məni bir komitənin təsis iclasına dəvət etdi

Source:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Xətrini əziz tutduğum bir adam məni bir komitənin təsis iclasına dəvət etdi. Belə komitələrdən çox görmüşəm, hamısının da astarını bilirəm, fəqət əgər dəvəti istəkli adam edibsə, nə etməli? Yollandım iclasa.

İclas çox maraqlı keçdi. Bilmədiyim məlumat eşitdim. Sən demə, indi hakimiyyətin şərləyib içəri saldığı insanların sırasında mömin müsəlmanlar nisbi çoxluq təşkil edir. Yəni bundan belə nəticə çıxır ki, hakimiyyət özünə əsas rəqib kimi Türkiyəpərəst millətçiləri, Qərbpərəst liberalları, Rusiyapərəst kommunistləri deyil, məhz Quranpərəst mömin müsəlmanları sayır.

Məncə, düz də edir. Zira millətçilərin də, liberalların da, solların da fısı yatıb, hakimiyyət onları şil-küt və bihal edib. Amma müsəlmanlar döyüldükcə bərkişir və sərtləşir. Deməzdim ki, ağıllanır, çünki bu prosesə bizim diyarda yer yoxdur, nə yuxarıda, nə aşağıda ,nə sağda, nə solda, hamı olduğu halətdə səbatla durub ölkənin nə vaxt batacağı günü gözləyir.

İkinci öyrəndiyim şey o oldu ki, yuxarıda kadr qıtlığı kəskinləşir. Sən demə, əvvəlki iş bölgüsü üçün kadr çatışmır. Əvvəllər necə idi? Bir nəfər şərləyib üzə dururdu, ikincisi həbs edib dindirirdi, məhbus boynuna qoyulana imza atmaq istəmirdisə, üçüncüsü ona işgəncə verirdi, bundan şikayət olanda, dördüncü gəlib müayinə edirdi və deyirdi ki, heç bir işgəncə əlaməti yoxdur, beşinci ittihamnaməni sifarişə uyğunlaşdırıb yazırdı, altınci dövlətdən pulsuz işverən vəkil olurdu, yeddinçi məhkəmədə sədrlik edirdi. İndi belə deyil. İqtisadi vəziyyətin çətinliyini nəzərə alıb yalnız birincini və yeddincini saxlayıblar, ikincini, üçüncünü, dördüncünü, beşincini və altıncını ixtisara salıblar. İndi necədir? Bir adam şərləyir, tutur, döyür, müayinə edir, ittihamnaməni yazır və vəkillik edir. Hakimə qalır yalnız bu şəbədənin son pərdəsində əlinə verilmiş hökmü oxumaq.

Üçüncü öyrəndiyim şey o oldu ki, sən demə, məhbusların sayı, kimliyi və ittihamların nəmənəliyi dövlət sirri imiş. Nardaranda heç kim bilmir nə qədər adam tutulub, hansı ittihamla yatır. Qohumlar danışmağa və soruşmağa cürət etmir. Haradasa kimsə deyir ki, 68 nəfərə iş açılıb, fəqət, yenə kimsə deyir ki, tutulanlar daha çoxdur. Hüquqi müdafiə alınmır, zira məhbusların ailələri o qədər kasıbdır ki, vəkilin kim olduğunu ya bilmir, biləndə də pul tapammır ki, onu kirələsin. Pul tapılanda vəkil tapılmır, çünki hakimiyyətin vicdanlı vəkillərə qarşı apardığı məqsədyönlü mübarizənin nəticəsində ölkəmizdə müstəqil vəlillərin sayı bir əlin barmaqları ilə sayıla bilər.

Mənim yaxşı yadımdadır, 1993-1994-cü illərdə də azərbaycanlılar elə beləcə qorxularından erməni qoşunlarına müqavimət göstərə bilmirdilər. Deməli, hakimiyyətimiz möhkəmlənə-möhkəmlənə gəlib çatıb düşmənin həmin illərdəki gücünə. Xudaya, şükür kəramətinə, hakimiyyətin iyirmi beş illik məqsədyönlü siyasətinin, sən demə, bəhrəsi varmış!

Dördüncüsü, xəbər tutdum ki, dövlət sirləri ilə ciddi maraqlanan Leyla Yunus dövlətçiliyimizə qarşı apardığı dağıdıcı siyasəti mühacirətdə də davam etdirir və mömin müsəlmanların da adları salınmış geniş bir siyasi məhbus siyahisi hazırlayıb. Bu isə həm dövlətçiliyimizin möhkəmləndirilməsinə, həm iqtisadi müşküllərin çözülməsinə, həm manatın məzənnəsinin sabitləşməsinə, həm gələcək İslamiadanın böyük uğurla keçirilməsinə ciddi əngəl törədir. Belə dözülməz mövqe hakimiyyətimizin onsuz da zərif olan hissiyyatına mənfi təsir göstərir və bu hakimiyyət başını itirməyə başlayır. Ürəyinizə pis heç nə gəlməsin, bu baş o qədər itirilmir ki, əsas “büdcədən cibişdana” əməliyyatının rəvan gedişinə təsir edə bilsin, əsla yox, lakin xarici diplomatlarla görüşdə hərdən əsəblər dözmür və məntiqsiz fikirlərin səsləndirilməsi adi həddi vurub çıxır kəlləçarxa.

Beşincisi, komitənin iclasında məntiqdən azad fikirlərin səsləndirilməsinə dözümlü münasibət də gördüm. Məsələn, mömin qardaşım şikayət edəndə ki, hakimiyyətimiz müsəlmanların hüquqlarının pozulmasından narahat olduqlarını bildirən Qərb diplomat və ictimai xadimlərinin qarşısına ABŞ-ın və İsrailin bayraqlarını yandıran müsəlmanların videosunu qoyub soruşur ki, “Bunlara azadıq verimmi?” və onlar da dəxi heç nə deməyib dönüb gedirlər, sizin bəndeyi-həqiriniz təklif verdi ki, gələn dəfə müsəlmanlar “Azadlıq!” və “Rədd olsun istibdad!” qışqıranda Amerikanın və İsrailin bayraqlarına bürünsünlər. İnsaf xatirinə deyim ki, ədəbli insanların bu yığıncağında bu məntiqsiz fikrə görə heç kim mənə güldən ağır söz demədi. Sadəcə baş qoşmadılar.

Altıncı, onu anladım ki, tutulanlar özləri günahkardır. Sən demə, onlar iki il bundan əvvəl Ədliyyə Nazirliyinə bir sənəd təqdim edib “Demokrat Müsəlman Birliyi” adlı ictimai təşkilat təsis etmək niyyətini izhar ediblərmiş. Nizamnamədə də yazıbmışlar ki, bu birlik qarşısına yalnız və yalnız maariflənməni, yəni müsəlmanların dini savadını artırmağı qoyur. Hamı bilir ki, Ədliyyə Nazirliyi çox zavallı təşkilatdır və onun sərəncam hüququ yoxdur. Bəli, Ədliyyə Nazirliyi alır “Demokrat Müsəlman Birliyi”nin sənədlərini və üzünə baxmadan göndərir “instansiyaya”, yəni Mərkəzi Komitənin klonu olan Prezident Administrasiyasına (PA), onlar da əski sovet qaydası ilə göndərirlər KQB-yə, hansı ki, o vaxt MTN adlanırdı. Həmin vaxt MTN naziri indi doğranıb ulduz qayrılmış Eldar Mahmudov cənabları idi. Onun islam təhlükəsinə qarşı apardığı şanlı mübarizə cəmi müsəlmanaların gözü qarşısındadır, inanmayan gedib Badamdar qəsəbəsində baxa bilər. İnternetdə də həmin mübarizənin ümumi mənzərəsinin bir hissəsinin şəkli verilmişdi. Xülasə, MTN deyir PA-na ki, “Ey dili-qafil, siz altınıza saatlı bomba qoyursunuz, Misirdə də “əl-İxvanu-l-musllimun” maariflənmə ilə məşğul oldu, o qədər məşğul oldu ki, maariflənmiş müsəlmanlar ayağa qalxıb Hüsni Mübarəkin rüşvətxor rejimini yıxıb bu ölkənin 5 min illik tarixində ilk və sonuncu dəfə təmiz və ədalətli seçkilərdə dindar və təmiz bir professoru prezident seçdilər. Misrin cəmi oğru və rüşvətxorlarının canına birə daraşdı, rüşvətxor ordu generalları işə başladı, başı və cibi boş gənclərə qəpik-quruş verib onları küçələrə çıxardılar, bir neçə nəfərini güllə ilə vurub günahını yıxdılar prezidentin üstünə və onu aşırdılar. MTN PA-ya dedi ki, əgər belə tale istəmirsinizsə, çağanı elə beşikdəcə boğun. Biz əməliyyatı hazırlaya bilərik. PA dedi: “Hazırlayın”. MTN də hazırladı və indi hamının “Nardaran əməliyyatı” kimi tanıdığı əməliyyatı keçirdi.

Düzdür, bu əməliyyatın şirin bəhrəsini Eldar Mahmudov sona qədər nuş edə bilmədi, məlum hadisələr baş verdi və əsas təşkilatçılar kənarlaşdırıldı. Lakin maya batmasın deyə başlamış işi sona qədər davam etdirirlər. Həm də ki, axı nizamın mahiyyəti dəyişməyib.

İslamçı qardaşlarımız gileyləndilər ki, hakimiyyət islama qarşı işləyir. Mən də düşündüm ki, bu hakimiyyət kimə və nəyə qarşı işləmir ki? Dərindən fikirləşəndə, elə, ilk növbədə, özlərinə qarşı işləyirlər.

Komitənin iclasının sonunda dedim ki, qələmimi ithaf edirəm məhbus mömin müsəlmanlara. İştirakçılar dedilər ki, “sən rəhmətlik atanın goru, məsələni islama bağlayıb siyasiləşdirmə, zavallı dustaqların vəziyyəti pisləşər”. Mən də dedim: “Onda söz verirəm ki, bu barədə heç kəsin heç nə anlamayacağı tərzdə yazacağam”.

Ha, indi sözümün üstündə dururam.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəDaha bir komitə