(Şəkildəki əsgər Elnur Yusifovdur)
Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında əsgər ölümü baş verib.
APA xəbər verir ki, hadisə dekabrın 16-da qeydə alınıb.
Əsgərin vəfatına silahla davranış qaydalarını pozması göstərilir : “2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Yusifov Elnur Şövkət oğlu saat 15:45 radələrində silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunmuş avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib”.
Fakt üzrə DSX və Respublika Hərbi Prokurorluğunda birgə araşdırma aparılır.
Daha bir hərbi qulluqçu, 17 dekabrda qoşunların təmas xəttində Ermənistanla sərhəddə döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Kərimov Taleh Saleh oğlu həlak olub. Faktı Müdafiə Nazirliyinin mətbuat xidməti APA-ya təsdiqləyib.
Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
2015-ci il təhlükəsizlik və müdafiə sektorunda həlak olanların sayı 74 nəfər oldu.