O, 30 sutka inzibati həbs edilib
Ağdaşda sərxoş halda qəza törədən sürücü inzibati qaydada cəzalandırılıb.
Məlumatı Baş Prokurorluq yayıb. Bildirilir ki, avqustun 27-də Ağdaş sakini, 1990-cı il təvəllüdlü İlqar Həsənov “Infiniti FX35” markalı 90-ZM-111 dövlət qeydiyyat nişanlı avtomobillə idarəni itirərək əvvəlcə mağazanın qarşısındakı soyuducu kameralara, sonra işıq dirəyinə, daha sonra 5 saylı orta məktəbin hasarına çırpılıb.
Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, İ.Həsənov nəqliyyat vasitəsini idarə etmək hüququna malik olsa da, avtomobili sərxoş idarə edib. O, avtomobildə tək olub və heç bir xəsarət almayıb.
Yol nəqliyyat hadisəsi nəticəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahin İbrahimova və “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdaş Elektrik Şəbəkəsinə maddi ziyan vurulması müəyyən edildiyindən İ.Həsənovun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi, zərər çəkmiş şəxsə maddi zərər vurduqda) maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib olunub.
Ağdaş rayon məhkəməsinin qərarı ilə İ.Həsənov İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinib. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 30 gün müddətinə inzibati həbs edilib.
İlqar Həsənov Ağdaş rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun oğludur.