“Polisdə məndən Milli Şuranın mitinqlərinə niyə qatıldığımı, Taleh Bağırzadəni niyə müdafiə etdiyimi soruşdular”
“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadənin tərəfdarı, dindar Rəvan İsmayıl həbs edilib.
Bu barədə Meydan TV-yə məlumat verən vəkil Yalçın İmanov deyib ki, oktyabrın 4-də Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R.İsmayıl 30 sutka inzibati həbs edilib.
R.Qasımov polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilib.
Prosesdə çıxış edən Rəvan İsmayıl isə ittihamla razı olmadığını deyib. O, polis bölməsinə özünün getdiyini bildirib:
“Oktyabrın 2-də, axşam saatlarında Sabunçu rayonu, 12-ci polis bölməsinin əməliyyatçısı olan Namiq zəng edib məni növbəti gün saat 10-da bölməyə çağırdı. Oktyabrın 3-də bölməyə getdim. Yolda olanda dedilər evimizə iki polis gəlib. Mən də zəng edib Namiqə dedim ki, gəlirəm, polisləri niyə göndərmisiniz? Bundan sonra onlar çıxıb gediblər.
Namiq adlı əməliyyatçı məni bölmədən Sabunçu Rayon Polis İdarəsinə apardı. Orada idarənin Cinayət-Axtarış şöbəsinin rəisi və polis əməkdaşları Milli Şuranın mitinqlərinə niyə qatıldığımı, Taleh Bağırzadəni niyə müdafiə etdiyimi soruşdular. Həmin gün axşam saatlarında yenidən 12-ci bölməyə qaytardılar. Orada əllərim qandallı vəziyyətdə müvəqqəti saxlama kamerasına saldılar. Səhərə qədər o vəziyyətdə qaldım. Səhər kameradan çıxarıb dedilər ki, polisə müqavimətə görə protokol tərtib olunub. Məndən izahat yazmağımı və protokola imza atmağımı istədilər, etmədim”.
Məhkəmədə ifadə verən polis əməkdaşları isə R.İsmayılı oktyabrın 3-də, axşam saat 20.00 radələrində Sabunçu rayonu ərazisində saqqalına görə şübhələnib saxladıqlarını, həmin vaxt onların qanuni tələbinə tabe olmadığını bildiriblər.
Vəkili Yalçın İmanov Meydan TV-yə deyib ki, qərardan apelyasiya şikayəti verəcəklər:
“İnzibati qaydada tutma protokolunu tərtib edənlə protokolu imzalayan adamlar başqa şəxslər olub. Bundan əlavə, polis əməkdaşı məhkəmədə protokolun 3 oktyabrda tərtib olunduğunu dedi, amma sənəddə 4 oktyabr tarixi göstərilib”.