Natiq Cəfərli: ”Problemin kökündə AZAL-ın inhisarçı mövqeyi dayanır”
“British Airways Plc.” şirkəti noyabrın 9-da Azərbaycan nümayəndəliyini bağladığını elan edib.
Bu barədə məlumatı Vergilər Nazirliyi yayıb.
“British Airways Plc.” Azərbaycanda 2012-ci ildən fəaliyyət başlayıb.
Ondan başqa Azərbaycanda 2000-ci ildən “British Mediterranean Airways Limited” şirkətinin filialı da fəaliyyət göstərir.
London-Bakı marşrutu ilə uçuşları isə “British Midland International” aviaşirkəti həyata keçirirdi.
“Azərbaycan Hava Yolları” ASC-dən (AZAL) isə bildiriblər ki, hazırda Bakı-London-Bakı istiqaməti üzrə uçuşları yalnız onlar həyata keçirir.
Reyslər həftədə 4 dəfə (bazar ertəsi, çərşənbə, cümə, şənbə) həyata keçirilir. İki tərəfə biletin minimal qiyməti 925 manatdır.
Bakıdan Londona çarter reyslərini “Turkish Airlines”, “Lufthansa” və “Aeroflot” şirkətləri həyata keçirir.
“Pegasus” aviaşirkəti də oktyabrdan etibarən Qəbələ reyslərini bağladı. Şirkətin Biznes İnkişafı Departamentinin direktoru Ozan Ortaç açıqlama verərək bildirib ki, “Pegasus”un Qəbələ reysləri gözlənən nəticəni verməyib, uçuşlar gəlirli olmayıb. Şirkət də zərər etməsin deyə, reysləri bağlamalı olub.
İqtisadçı Natiq Cəfərliyə görə problemin kökündə AZAL-ın inhisarçı mövqeyi dayanır: “Problemin kökündə AZAL-ın inhisarçı mövqeyi dayanır. Rəsmi rəqəmlərə görə, ölkədə təyyarə ilə sərnişindaşımanın 99 faizini AZAL həyata keçirir. AZAL bazarda özünə rəqib görmək istəmir. Ona görə də rəqiblərini ya sıxışdırır, ya da, ümumiyyətlə, bazara daxil olmasının qarşısını alır”.