“Yeni və mövcud yataqlarda kəşfiyyat işlərinə köklənmişik”
“Anglo Asian Mining” şirkəti 2017-ci ilin son rübündə “Qədir” yatağında hasilatı bərpa edə bilər.
APA yazır ki, bunu şirkətin baş icraçı direktoru Reza Vəziri deyib. O, fevraldan bəri yataqda kəşfiyyat işlərinin aparıldığını söyləyib:
“Kəşfiyyat işləri sübut etdi ki, son rübdə “Qədir” yatağında hasilata başlamaq olar. “Qədir” və “Gədəbəy” yataqlarında yeraltı minerallaşma prosesi gedib. Beləliklə, mövcud tunelin genişlənməsi 2018-ci ilədək davam edəcək”.
“Ordubad” yatağındakı vəziyyətə də toxunan şirkət rəhbəri deyib ki, o qədər baha olmayan geoloji kəşfiyyat işləri uğurla başa çatdırılıb:
“Nəticələr ümidvericidir. Belə ki, yeraltı və yerüstü minerallaşma təsdiqlənib. “Uğur” yatağında kəşfiyyat işləri davam etdirilir. Biz yeni və mövcud yataqlarda kəşfiyyat işlərinə köklənmişik. Bir müddət öncə bəyan etdik ki, “Uğur” yatağında istehsal prosesinin başlanması ilə cari ilin üçüncü rübündə hasilatımız artacaq. 2017-ci ilin geridə qalan hissəsinə nəzər saldıqda deyə bilərəm ki, bu müddət ərzində biz hasilat prosesini optimallaşdırdıq, lakin əldə etdiyimiz yeni bilgilərlə səbrsizliklə 2018-ci ilin ilk rübündə hasilatın bərpasına ümid edirik”.
“Anglo Asian Mining” sentyabrın 13-də “Uğur” yatağında qızıl hasilatına başladığını bəyan edib. Daşkəsən rayonundakı bu yataq 2016-cı ilin oktyabrında kəşf olunub.
Şirkət bildirir ki, yataqda sentyabrın 1-dən 10-dək külçə formasında 212 unsiya qızıl hasil olunub.
1997-ci ildə Böyük Britaniyanın “Anglo Asian Mining Plc” şirkəti ilə Azərbaycan hökuməti arasında mineral ehtiyatların istismarına dair 30 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkətə 6 sahə verilib. Həmin sahələrdəki yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1.5 milyon ton mis hasil etmək nəzərdə tutulub. Layihəni icra etmək üçün Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (AIMC) yaradılıb. Sazişdə Azərbaycanın payı 51, “Anglo Asian Mining Plc” şirkətinin payı isə 49 faizdir.
“Anglo-Asian Mining” şirkətinin ötən il açıqladığı hesabatından 40 milyon dollardan artıq borcu olduğu məlum
olmuşdu
.
Sənədə görə, şirkətin əsas borcu “Amsterdam Trade Bank” -adır. Borcun məbləği 22.2 milyon dollardır.
“Anglo-Asian Mining” Beynəlxalq Banka da xeyli borclanıb – 8, 7 milyon dollar. Qızıl hasilatçısının Beynəlxalq Banka bundan əlavə 2,8 milyon dollar kredit xətti üzrə ödəməsi də qalır.
Şirkət bildirmişdi ki, son kvartalda Beynəlxalq Banka olan borcun 9 faizə qədəri ödənilib.
“Anglo-Asian Mining” şirkətinin Azərbaycanda fəaliyyət göstərən digər banklara da xeyli kredit borcu var. Şirkətin “YapıKredi Bank”-a olan borcu 1.4 milyon dollar idi.
Qızıl hasilatçısının “Paşa Bank”a olan borcları 3,3 milyon dollar təşkil edirdi.