Daha 10 əsir Ermənistana təhvil verilib

Foto: Zef art/Shutterstock

Proses Avropa İttifaqının vasitəçiliyi ilə baş tutur

Azərbaycan 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistana təhvil verib.

Dekabrın 19-da baş tutan təhvil prosesinin Avropa İttifaqının vasitəçiliyi ilə gerçəkləşdiyi qeyd olunub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda bildirilib ki, təhvil verilən şəxslər noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılıblar.

Foto: Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Komissiya əsirlərin təhvil prosesini dekabrın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi kimi qiymətləndirib.

Dekabrın 4-də də erməni əsilli 10 hərbçi Ermənistana təhvil verilmişdi. Ermənistan tərəfi sonradan onlardan dördünü həbs edib, altısına qarşı isə ittiham irəli sürüb.

Ermənistan mediası rəsmi Bakının yaydığı məlumatı təsdiqləyib.

Ana səhifəSiyasətDaha 10 əsir Ermənistana təhvil verilib