Onlardan 4 nəfərin hər iki valideynini itirdiyi bildirilir
Oktyabrın 17-də Suriya düşərgələrində saxlanılan 9 nəfəri uşaq və 1 nəfəri qadın olmaqla 10 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN repatriasiya olunmuş uşaqlardan 4 nəfərinin hər iki valideynini itirdiyini qeyd edib:
“Bu xüsusda, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və sonradan Türkiyə ərazisinə keçidinə nail olunub”.
Nazirlik bildirib ki, İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilərək repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
Sonuncu dəfə avqustun 3-də Suriyadan 16 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib.
Onların Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanıldığı bildirilirdi.