Siyovda mədəniyyət klubu qapadılıb
Lerik rayonunun dağlıq Siyov kəndində fəaliyyət göstərən klub bağlanıb.
Klubun müdiri Əfrayıl İmamverdiyev Meydan TV-yə gileylənib ki, 2017-ci ilin avqustunda Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən heç bir xəbərdarlıq olunmadan klubun fəaliyyətinə xitam verilib:
“Bir məqamı anlamadım, niyə klubu xəbərdarlıq olunmadan ləğv etdilər? Mən etiraz elədikdən sonra yoxlama briqadası gəlib baxdı, amma heç bir tutarlı əsas gətirə bilmədilər”.
Əfrayıl İmamverdiyev deyir ki, klubun bağlanması ilə siyovluların mədəni səviyyəsinin daha da aşağı enməsinə şərait yaradıblar:
“Bu bina köhnə idi, sonradan uyğunlaşdırılaraq, 1993-cü ildən klub kimi fəaliyyətə verildi. Köhnə olsa da, normal şərait yaratmışdıq. Klub kənd camaatının kütləvi şəkildə istirahət etdiyi məkan idi. Milli bayramlarımızı, dövlət tədbirlərini burada keçirirdik. Ahıllar, qocalar, cavanlar asudə vaxtlarında kluba toplaşıb dincəlirdilər. Burada həmçinin rəqs və dram dərnəkləri də fəaliyyət göstərirdi. Heç nəyə əhəmiyyət vermədən, klubu bağladılar. Məgər, dağlıq yaşayış məntəqələrinə mədəniyyət lazım deyil? Kənddə 1500-dən çox əhali yaşayır, bəs yaxşı, bunlar asudə vaxtlarını harada keçirsinlər? Kənddə kimdən istəyirsiniz soruşun, deyəcəklər ki, klub binası köhnə olsa da, mədəni tələbləri ödəyirdi”.
Klub məktəbin yaxınlığında yerləşir. Əfrayıl İmamverdiyev deyir ki, məktəbpis vəziyyətdə olduğundan orada hər hansı bir tədbirin keçirilməsi əlverişsizdir. Ona görə məktəbin də tədbirləri klubda keçirilirmiş. Həmçinin kəndə gələn qonaqları klubda qarşılayırmışlar. Hansısa məmur klubda görüş keçirib kənd camaatının problemini dinləyirmiş.
“156 manat əməkhaqqı alırdım, ailəmi birtəhər dolandırırdım. Klub bağlandıqdan sonra 3 nəfər işsiz qalıb. İki əlil uşağım var. İmkansızlıqdan onları müalicə etdirə bilmirəm. Regionda elə klubları saxlayıblar ki, həmin ərazidə əhali sayı azdır. Bəlkə də həmin klubların qapısı heç açılmır”, – deyə klub müdiri söyləyir:
“Məsələ ilə bağlı dəfələrlə Prezident Adminstrasiyasına, Mədəniyyət Nazirliyinə, Birinci vitse-prezident Mehrban Əliyevaya şikayət məktubu yazmışam, hamısı da cavabsız qalıb. Daha doğrusu, məktubları yönəldirlər Lənkəran Regional Mədəniyyət İdarəsinə. Oranın müdiri Vüsal da deyir ki, bizlik deyil, yuxarılıqdır”.
Deyilən iradlara Lənkəran Regional Mədəniyyət İdarəsinin müdiri Vüsal Nəsirli münasibət bildirib.
O, Meydan TV müxbiri ilə söhbətində bildirib ki, son illər regionlarda müasir standarlara cavab verməyən mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşması işi həyata keçirilir:
“2016-cı ildən başlayaraq, regionlarda olan bir çox müəssisə ləğv edildi. O cümlədən, Lerikin Siyov kəndindəki klub da bağlandı. Klubun binası pis vəziyyətdə idi. Həmçinin maddi-texniki bazası zəif olduğundan indiki tələbləri qarşılamırdı. Ümumiyyətlə, perspektivdə o cür binaların düzəldilməsi nəzərdə tutulmayıb. Bilirsiniz ki, prezident İlham Əliyev bu il, yanvarın 15-də “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” yeni fərman imzaladı. Fərmanda da qeyd olunub ki, ölkəmizdə mədəniyyət sahəsinin müasir tələbələrə uyğun inkişafı yönündə işlər aparılmalıdır. Bağlanan mədəniyyət müəssisələri işçilərinin aqibətinə gəlincə, ilin sonuna kimi ixtisarlar və optimallaşma işi yekunlaşdırlacaq. Daha sonra həmin işçilər siyahıya alınıb, köməklik olunacaq. İşlə təmin olunan zaman, onların təhsil səviyyələri və ixtisaslı olmaları əsas götürüləcək”.
Ola bilsin ki, klub rəhbərləri işlə təmin edilsin, bəs kəndlilər necə, klubsuz qalacaqlar? Mədəniyyət Nazirliyindən bu suala cavab almaq mümkün olmadı.