Dağılan idman infrastrukturu – II yazı

Regionlardakı stadionların əsaslı təmirə ehtiyacı var

Source:


Regionlardakı stadionların əsaslı təmirə ehtiyacı var

Azərbaycan hakimiyyəti idman böyük qayğı göstərdiyini, ölkə idmanının sürətlə inkişaf etdiyini vurğulayır. Amma hər bir ölkədə idmanın inkişafı infrastrukturun varlığına bağlıdı. Yəni idmanın inkişafına nail olmaq üçün əvvəlcə standartlara cavab verən infrastruktur qurulmalı, sonra da idmançılar yetişdirilməlidi.

Meydan TV Azərbaycanın idman strukturunun real durumunu araşdırıb.


Birinci yazıda

 Bakıətrafı qəsəbələrdə və Sumqayıt şəhərindəki idman qurğuları barədə məlumat verilmişdi. Bu dəfə isə bölgələrdə dağılmış vəziyyətdə olan arenaların bəzisi barədə məlumat hazırlanıb.


Gəncədə tribunaların çökmə ehtimalı böyükdür

Ölkənin ikinci ən böyük şəhəri Gəncənin də bəxti bu sarıdan gətirməyib. Gəncənin böyük idman ənənəsi var. Bu şəhər Azərbaycanı beynəlxalq arenada təmsil edən neçə-necə adlı-sanlı idmançı yetişdirib. SSRİ vaxtı Gəncədə 27 min yerlik böyük arena inşa edilib. Arenanın təməli 1960-cı ildə qoyulub, 1963-cü ildə istifadəyə verilib. Bu arena böyüklüyünə görə yalnız Tofiq Bəhram adına stadiondan geri qalıb. Gəncəni təmsil edən “Dinamo” futbol klubu hətta SSRİ çempionatının güclülər dəstəsində də çıxış edib. “Kəpəz” isə mütəmadi olaraq SSRİ çempionatının 2-ci divizionunda iddialılardan sayılıb. Elə Azərbaycan müstəqillik qazanandan sonra da “Kəpəz” daxili çempionatda söz sahibi olan komandalardan birinə çevrildi. Bu klub ölkənin ən titullu komandalarından hesab olunur. Ancaq hazırda “Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu qəzalı vəziyyətdədir. Çempionat oyunları zamanı stadionun bəzi tribunalarına azarkeşləri buraxmırlar. Çünki tribunaların çökmə ehtimalı böyükdür. Çempionat oyunlarını keçirmək üçün stadionda kosmetik təmir işləri aparılsa da, əslində arena tamamilə yenidən qurulmalıdır. Amma bunun üçün vəsait tapmaq mümkün deyil. Stadion Gəncə Şəhər, Kəpəz Rayon Bələdiyyəsinin balansındadır.

Mingəçevir şəhər stadionu müasir tələblərə cavab vermir

Ölkənin böyük şəhərlərindən olan Mingəçevirdəki R.Məmmədzadə adına stadion 1953-cü ildə inşa edilib. Təxminən 7 min azarkeş tutumuna malik olub. Sovetlər vaxtı Mingəçevirin “Avtomobilçi” komandası SSRİ çempionatının 2-ci dəstəsində Azərbaycanı təmsil edib. Azərbaycan çempionatının ilk illərində Mingəçevirin “Kur-Nur” komandası elitada çıxış edib və iddialı klublardan sayılıb. İndi “Mingəçevir”in “Energetik” komandası birinci divizionda çıxış edir və sonuncu pillədə qərarlaşıb.

Hazırda dağınıq durumda olan Mingəçevir stadionu 2 dəfə kosmetik təmir edilib. 2003-cü ildə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac) yaydığı məlumatda bildirilirdi ki, stadion 50 illik yubileyi münasibətilə

əsaslı təmir edilir

. Amma 2009-cu ildə bu agentlik stadionun yenidən qurulması ilə bağlı daha bir xəbər yayıb. Xəbərdə qeyd olunur ki, Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində Rəşad Məmmədzadə adına

şəhər stadionunda

 aparılan yenidənqurma işləri ilə də tanış olub. Xüsusi olaraq vurğulanır ki, 1953-cü ildə tikilən stadion müasir tələblər cavab vermir. Maraqlıdır, 2003-cü ildə əsaslı təmir olunan arena 2009-cü ildə tələblərə niyə cavab verməsin? Bu da Mingəçevir stadionunda çəkilmiş son şəkil. Arena indi də müasir tələblərə cavab vermir, dağınıq vəziyyətdədir. Bəs, iki dəfə əsaslı təmir edilən arena bu durumda niyə olsun? Bax, bu suala cavab tapmaq olmur. İdman mətbuatında yer alan xəbərlərdə bildirilirdi ki, 2016-cı ilin əvvəllərində stadionda əsaslı təmir işlərinə başlanılacaq. Artıq aprel bitir, amma Mingəçevir stadionundan hələ təmir səsi gəlmir.


Qazağın şöhrətli stadionu

SSRİ vaxtı Azərbaycanın Qərb bölgəsində – Qazax şəhərində də böyük stadion inşa edilib. Qazax şəhər stadionu 12 min azarkeş tutub. Qazaxın “Göyəzən” futbol klubu isə SSRİ çempionatının 2-ci dəstəsində Azərbaycanı təmsil edib. Hazırda Qazaxın “Göyəzən” klubu əvvəlki şöhrətini itirib. Bu şəhərin təmsilçisi “Göyəzən” Azərbaycan çempionatının birinci divizionunda autsayderlərdən sayılır. Elə Qazax stadionunun da əvvəlki şöhrəti yoxdur. İndi bu arenaya 12 min yox, 200-300 azarkeş gəlir. Stadion demək olar ki, qəzalı vəziyyətdədir, yenidənqurmaya ehtiyacı var. Amma maliyyə vəsaiti olmadığı üçün bu arenanın da üzünə gün düşmür. Təqdim etdiyimiz

bu linkdə

 “Göyəzən”lə “Ağsu” futbol klubları arasında keçirilən oyundan fraqmentlər yer alıb. Elə bu fraqmentlərə baxmaqla Qazağın şöhrətli stadionunun indi hansı durumda olduğu görünür.


Masallı şəhər stadionu – göz dağı

Azərbaycanın məşhur futbolçusu Anatoli Banişevskinin adını daşıyan Masallı şəhər stadionu ilə bağlı

Meydan TV-də reportaj

 işıq üzü görüb.

Daha doğrusu, Masallı sakinlərinin acınacaqlı durumda olan arena ilə bağlı şikayətinə yer ayrılıb. Bu arena təxminən 10 min azarkeş tutumuna sahib olub. Stadiondan Azərbaycan çempionatında iştirak etmiş “Viləş” futbol klubu yararlanıb. Bu klub Azərbaycan çempionatında bürünc medal qazanıb, 2 mövsüm ölkəni avrokuboklarda təmsil edib. 2003-cü ildə “Viləş” maliyyə problemlərinə görə fəaliyyətini dayandırıb. Stadionun da dərdli günləri elə o dövrdən başlayıb. Gənclər və İdman Nazirliyinin balansında olan arena 2003-cü ildə imzalanmış “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yenidən qurulmalı və 2007-ci ilin sonunda təhvil verilməliydi. Ancaq buna əməl edilmədi. Masallı stadionu sonradan “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimova verildi. İş adamı burda Futbol Akademiyası açmağı planlaşdırırdı. Amma Mənsimovun da işi stadionu hasara aldırmaqla yekunlaşdı. İndi tamamilə xarabazarlığı xatırladan Masallı stadionu yerli əhali üçün göz dağından başqa bir şey deyil.


Şövkət Orduxanov adına Qusar şəhər stadionu

Qusardakı stadion 6 min azarkeş tutumuna sahib olub. Bu arenadan müxtəlif illərdə Azərbaycan çempionatının elitasında oynamış, hazırda birinci divizionda mübarizə aparan “Şahdağ” futbol klubu yararlanır. Stadion əvvəllər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyalarının balansında olub. “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”na əsasən, rayonlardakı stadionlar həmin rayonu təmsil edən klubların mülkiyyətinə verilib. Artıq stadion “Şahdağ”ın mülkiyyətindədir. Ancaq klubun maliyyə imkanları yetərsiz olduğuna görə, arenanı təmir etmək müşkülə çevrilib. Klub rəhbərliyi stadionun ot örtüyünü müəyyən vasitələrlə qismən də olsa normal vəziyyətdə saxlaya bilibsə, tribunalar, yardımçı tikililər acınacaqlı durumdadır. Təqdim etdiyimiz bu videogörüntülər 2015/2016 mövsümündə keçirilən “Şahdağ” – “Zaqatala” görüşündəndir.

Bu videoda

 stadionun hazırkı durumu aydın görünür.


Bərdə şəhər stadionu xarabazarlığı xatırladır

Bərdə şəhər stadionu 10 min azarkeş tutumuna malik olub. Bu stadiondan Azərbaycan çempionatının elitasında iştirak etmiş “ABN Bərdə” klubu yararlanıb. Komanda 2010-cu ildə fəaliyyətini dayandırıb. Stadionda “ABN Bərdə”nin fəaliyyət göstərdiyi illərdə kosmetik təmir işləri aparılıb. Ondan sonra baxımsız qalan arena indi xarabazarlığı xatırladır.


Nazirlik deyir ki…


Meydan TV Gənclər və İdman Nazirliyinin mövqeyini öyrənmək üçün quruma sorğu ünvanlayıb. Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, Yeni Günəşli qəsəbəsindəki  şahmat məktəbinin tikintisi üçün mərhələli şəkildə  dövlət tərəfindən illər üzrə müəyyən hissə vəsait ayrılıb və həmin vəsait müqabilində işlər yerinə yetirilib. Qalıq vəsait ayrıldıqdan sonra obyektin tikintisi tam başa çatdırılacaq.

Buzovnadakı “Gənclik” stadionuna gəlincə, nazirlikdən deyilir ki, əsaslı təmiri məsələsi “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkaşafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planına daxil edilib və bu məqsədlə nazirliyə maliyyə vəsaiti ayrıldıqdan sonra işlərə başlanacaq.

“Sumqayıt şəhərində “İnşaatçı” Təlim-məşq bazasının (stadion) müasir səviyyədə yenidən qurulması 2017-2020-ci illlərin Dövlət İnvestisiya Proqramının layihəsinə daxil edilərək, aidiyyatı qurumlara təqdim edilib. Nazirliyə həmin illərdə bu məqsədlə maliyyə vəsaiti ayrılacağı təqdirdə işlərə başlanacaqdır.

Y.Məmmədzadə adına Mingəşevir şəhər Stadionu 2009-cü ildə (7-il öncə) nazirlik tərəfindən təmir olunub.  Eyni zamanda bildirirk ki, stadionun müasir səviyyədə yenidən qurulması məsələsi 2017-2020-ci illlərin Dövlət İnvestisiya Proqramının layihəsinə daxil edilərək, aidiyyatı qurumlara təqdim edilib”.

Ana səhifəAnalitikaDağılan idman infrastrukturu – II yazı