Dağılan idman infrastrukturu

Respublika turnirləri və avrokubokların keçirildiyi stadionlar indi baxımsız qalıb

Source:


Respublika turnirləri və avrokubokların keçirildiyi stadionlar indi baxımsız qalıb

Azərbaycan hakimiyyəti idman böyük qayğı göstərdiyini, ölkə idmanının sürətlə inkişaf etdiyini vurğulayır. Amma hər bir ölkədə idmanın inkişafı infrastrukturun varlığına bağlıdı. Yəni idmanın inkişafına nail olmaq üçün əvvəlcə standartlara cavab verən infrastruktur qurulmalı, sonra da idmançılar yetişdirilməlidi.

Görünən odur ki, Azərbaycanın idman infrastrukturu dağılmış vəziyyətdədir. Xüsusən də bölgələrdə. Meydan TV real durumu araşdırmağa çalışıb…


Son illərin göstəricisi

Son illər Azərbaycanda Bakını çıxmaq şərtilə heç bir şəhər və rayonda böyük idman qurğusu tikilməyib. Tikilməsi bir yana, heç SSRİ vaxtında inşa edilən, hazırda dağılmış vəziyyətdə olan arenalar, idman obyektləri də təmir edilməyib.

Bakıda Olimpiya stadionu tikilib, Tofiq Bəhramov adına arena isə əsaslı təmir edilib. Olimpiya stadionu Avropa oyunlarının keçirilməsi məqsədilə inşa edilib. Və indi məlum olur ki, əslində Azərbaycanın bu miqyaslı arenaya ehtiyacı yoxmuş. Bu stadionun tikintisinə 700 milyon dollar xərclənib. Bu rəqəmi SOCAR-ın prezidenti

Rövnəq Abdullayev açıqlayıb

.

Hazırda Olimpiya stadionu tamamilə istifadəsiz qalıb. Maliyyə böhranı başlayandan sonra dövlət stadionun xərclərini ödəmək gücündə deyil. Xərcləri qismən də olsa qarşılamaq üçün hətta stadionda toy şənliklərinin keçirilməsinə də icazə verilib.

Hazırda böyük yükə çevrilən bu stadionun tikintisinə çəkilən xərclə Azərbaycanın dağınıq durumda olan idman infrastrukturunu tamamilə yeniləmək mümkün idi.


Yenidənqurmaya ehtiyacı olanlar

Meydan TV Bakıətrafı qəsəbələrdə, ölkənin şəhər və rayonlarında yenidənqurmaya ehtiyacı olan idman qurğularının bir qismi barədə məlumat hazırlayıb:


Sumqayıt şəhəri, Mehdi Hüseynzadə adına şəhər stadionu

SSRİ vaxtı Sumqayıtda 2 böyük stadion mövcud olub. Mehdi Hüseynzadə adına şəhər stadionu və “İnşaatçılar” arenası. Azərbaycanın müstəqillik qazandığı ilk illərdə Mehdi Hüseynzadə adına stadion yaxşı vəziyyətdə idi. UEFA Azərbaycan klublarına avrokubok oyunlarını məhz bu stadionda keçirməyə icazə vermişdi. Azərbaycanı avrokuboklarda ilk dəfə təmsil edən Tovuzun “Turan” komandası 1994-cü ildə “Fənərbaxça” ilə tarixi oyunu bu arenada keçirib. 1995-ci ildə “Neftçi” də Cənubi Kiprin APOEL komandasını Sumqayıt stadionunda qəbul edib. “İnşaatçılar” stadionunda isə təxminən 2000-ci illərə qədər Azərbaycan çempionatının oyunları keçirilib. Amma baxımsızlıq ucbatından hər iki arena qəzalı vəziyyətə düşüb. Hətta Mehdi Hüseynzadə adına arenanın projektor qüllələrindən biri aşmışdı. Məhz bundan sonra Sumqayıtdakı stadionların təmir olunacağı bildirildi. O vaxtdan Bakının 30 km-liyində olan şəhərdə stadion yoxdur. Bu şəhəri Azərbaycan Premeyer Liqasında təmsil edən “Sumqayıt” klubu ev oyunlarını iki min yerlik süni örtüklü kiçik meydançada keçirmək məcburiyyətindədir.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun inşasına 1963-cü ildə başlanılıb və 1966-cı il iyulun 1-də istifadəyə verilib. 15 min tamaşaçı tutumuna sahibdir.

M. Hüseynzadə adına stadionda keçirlən ilk oyunda SSRİ çempionatının B qrupunda çıxış edən Sumqayıtın “Polad” komandası ilə Belaya Kolitva şəhərinin eyni adlı kollektivi üz-üzə gəlib. Həmin görüş “Gənclər şəhəri” təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Stadionun arxitektorları O.M. İsayev və Y.P. Tolstonoqov olublar. M. Hüseynzadə adına Sumqayıt şəhər stadionda ilk beynəlxalq oyun 1982-ci ildə Azərbaycanın yeniyetmələrindən ibarət komandası ilə İran millisi arasında keçirilib. 1985-ci ildə SSRİ-də keçirilən 20 yaşadək futbolçular arasında dünya çempionatının Çin – Paraqvay oyunu bu stadionda keçirilib. Stadion 2011-ci ildən təmirə bağlansa da, nə vaxt istifadəyə veriləcəyi bilinmir. Amma təmirə bağlanarkən arenanın 2015-ci ildə istifadəyə veriləcəyi deyilmişdi. Hazırda maliyyə çatışmazlığı ucbatından stadionda təmir-tikinti işləri dayandırılıb.


“İnşaatçılar” stadionu

“İnşaatçılar” stadionu 1956-cı ildə istifadəyə verilib. “İnşaatçılar” Mehdi Hüseynzadə adına şəhər stadionundan sonra Sumqayıtın ikinci ən böyük arenasıdır. Sovet vaxtlarında stadionda otüstü xokkey oyunları da keçirilib. Stadion Gənclər və İdman Nazirliyinin balansındadır. Azarkeş tutumu 5000 nəfərdi. Hazırda dağılmış vəziyyətdə olan stadionun gələcək taleyi müəmmalıdır. Rəsmi orqanlar arenanın təmir olunub-olunmayacağı ilə bağlı hər hansı bir məlumat vermirlər.

Bakıətrafı qəsəbələr


Buzovna qəsəbəsindəki “Gənclik” stadionu

Bakıətrafı qəsəbələrdə SSRİ vaxtı inşa edilmiş xeyli idman qurğusu var ki, hazırda dağılmış vəziyyətdədir. Biz qəsəbələrdəki o arenalar barədə məlumat verəcəyik ki, orada respublikadaxili və beynəlxalq yarışlar keçirilib. Buzovna qəsəbəsindəki “Gənclik” stadionu 5 min azarkeş tutur. Vaxtilə Azərbaycanın futbol çempionatında çıxış etmiş Buzovnanın “Xəzri” komandası ev oyunlarını bu arenada keçirirdi. “Xəzri” 1992-ci ildə Buzovna qəsəbəsində yaranıb. “Xəzri”, “Xəzri-Eltac” adları altında Azərbaycan çempionatında iştirak edib. Bir dəfə gümüş, bir dəfə də bürünc medal qazanıb, Azərbaycanı UEFA kubokunda təmsil edib.

“Xəzri” çoxdan tarixin yaddaşına köçüb. Baxımsız vəziyyətdə qalan “Gənclik” stadionu da hazırda xarabalığı xatırladır. Stadion Gənclər və İdman Nazirliyinin balansındadır. 2003-cü ildə qəbul olunmuş “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bu arena təmir olunmalıydı. Bir neçə gün əvvəl stadiondan çəkdiyimiz bu şəkillər arenanın necə “təmir olunduğunun” bariz göstəricisidir.


Yeni Günəşli qəsəbəsindəki şahmat məktəbi

Yeni Günəşli qəsəbəsində yerləşən Cəlaləddin Naxçıvani adına şahmat məktəbi də SSRİ vaxtı inşa edilib. Bu məktəb təxminən 50 minə yaxın əhalinin yaşadığı qəsəbədə yeganə idman qurğusu olub. Amma sonradan məktəbdən hansısa “JEK” müdiri (MİS rəisi) xeyir-şər məclislərini keçirmək üçün istifadə edib. İdman mətbuatının məsələni qabartamsından sonra məktəb 2012-ci ildə yenidən uşaqlara qaytarılıb. Amma üstündən bir il keçməmiş fəaliyyətini dayandırıb. Azərbaycan Respublikası prezidentinin 4 may, 2011-ci il tarixində imzaladığı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində şahmat məktəbinin yerində müasir tələblərə cavab verən yeni şahmat obyektinin tikiləcəyi bildirilib. 2013-cü ilin əvvəlində tikinti işlərinə start verilib. Məktəbin 6 ay müddətində istifadəyə veriləcəyi deyilirdi. Ancaq üstündən 3 il keçməsinə baxmayaraq, şahmat məktəbinin tikintisini başa çatdırmaq mümkün olmayıb. İşlərin demək olar ki, 80 faizi görülüb. Amma son tamamlama işlərini başa çatdırmaq üçün vəsait tapılmır.

Ortaya məntiqi sual da çıxır: məktəb “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində tikilirsə, deməli, bu proqram üçün bəlli büdcə də ayrılıb. Elə isə məktəbin tikintisinə ayrılan vəsait hara yoxa çıxıb ki, indi onu yarımçıq saxlayıblar? Şahmat məktəbi də Gənclər və İdman Nazirliyinin balansındadır.

Faktlarla bağlı suallar yazılı şəkildə Gənclər və İdman Nazirliyinə ünvanlansa da, hələlik cavab verilməyib.

(Ardı var)

Ana səhifəAnalitikaDağılan idman infrastrukturu