”Kəpəz” azarkeşləri etiraz edir

”Gəncədə müasir stadion istəyirik”

Source:


”Gəncədə müasir stadion istəyirik”

“Kəpəz” futbol klubunun azarkeşləri Gəncə şəhər stadionunun pis vəziyyətdə olmasından şikayətçidirlər. Onlar bununla bağlı bəyanat yayıb, sosial şəbəkələrdə aksiyalara başlayıblar. Bildirirlər ki, yarım milyon əhalisi olan şəhərdə bir dənə normal futbol meydanı və müasir idman kompleksi yoxdursa, AFFA, PFL, MOK, İdman və Gənclər Nazirliyi hansı haqla ölkədə futbolun və idmanın inkişafından danışır?

Gəncəli fanatlar komandanın ev oyunlarını keçirdiyi stadionun müasir standartlara cavab verəcək səviyyəyə gətirilməsini tələb edirlər. Onların aksiyası da “Gəncədə müasir stadion istəyirik” adı altında həyata keçirilir:

“Hamımızın gördüyü kimi “Kəpəz” Avrokuboklara vəsiqə uğrunda böyük addımlar atır. “İnter” UEFA tərəfindən qadağaya məruz qala bilər, “Zirə” isə yüksək liqada ilk dəfə çıxış etdiyi üçün 2016/2017 mövsümündə Avroliqada çıxış edə bilməz. Bu isə onsuz da yüksək olan şanslarımızı daha da artırır. Təəssüf ki, Avroliqaya qatılacağı halda, “Kəpəz” ev oyunlarını Bakıda keçirmək məcburiyyətində qalacaq. Çünki stadionumuzun hazırkı vəziyyəti standartların qat-qat altındadır”.


“Belə getsə, nəinki Avroliqa, həmçinin ev oyunlarını da Bakıda keçirməli olacağıq”

Azarkeşlər belə olan halda oyunları izləmək şanslarının az olduğunu bildirirlər:

“Bakıya hamı gedə bilmir. İş, güc, problemlər, imkanı olmayanlar da var. Ona görə xahiş edirik ki, Gəncə stadionunu təmir etsinlər. Əvvəlki oyunlarda “CBC Sport” şərhçiləri bu məqama dəfələrlə toxunublar. Əslində, bu mövzunu əsas gündəmə gətirə bilsək, bu işlə bağlı ciddi təmir başlansa, yaya kimi stadionu UEFA-nın tələblərinə uyğun vəziyyətə gətirmək olar. Necə ki, Bakı Olimpiya stadionunu qısa müddətdə tikib təhvil verdilər. Ölkənin ikinci böyük şəhərinin stadionu da yaya kimi yaxşı hala gətirilə bilər. Oyununa 1000 nəfər azarkeş gəlməyən komandaların stadionu azarkeş rekordları qıran “Kəpəz”imizin stadionundan qat-qat yaxşı vəziyyətdədir. Belə getsə, nəinki Avroliqa, həmçinin ev oyunlarını da Bakıda keçirməli olacağıq. Günü-gündən stadionun vəziyyəti bərbad hala düşür. Hələlik az da olsa vaxtımız var”.


“Stadion AFFA-nın balansında deyil”

Gənclər və İdman Nazirliyindən Meydan TV-yə bildirdilər ki, bununla bağlı AFFA-ya müraciət etməlisiniz. AFFA-dan isə bildirildi ki, “Kəpəz”in stadionu onların balansında deyil:

“Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi ilə əlaqə saxlayın. Məlumatı onlardan alın”.


“Bakıdakı stadionları görüb, burdakını bəyənmirlər”

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin idman bölməsinin əməkdaşı Rasim Həsənov isə deyir ki, şəhər rəhbərliyi və idarənin daxili imkanları hesabına stadionda bir xeyli iş görülüb: “Doğrudur, əsaslı təmir edilməyib. Amma bərbad vəziyyətdə də deyil. Biri var sıfırdan, Bakıdakı stadionlar kimi sökülüb, yenidən tikilə. Biri də var, sadəcə təmir edilə. Böyük təmir işləri görmüşük. Hazırda stadionda oyunlar keçirilir. Məsələn, 5-ci gün gənclərin oyunu var. Sadəcə, onlar gedib Bakıdakı stadionları görürlər və gəlib burdakını bəyənmirlər. İstəyirlər lap əla olsun. Avroliqayaya gəlincə, bəri başdan nəsə demək çətindir. Bəlkə o vaxta qədər kimsə kömək edəcək, nəsə olacaq, bəlkə stadion təmir ediləcək. Belə olsa, oyunlar Gəncədə keçiriləcək”.


1 ilə çıxmayan təmir

Klubun prezidenti Mehman Allahverdiyev də bir müddət əvvəl Gəncə şəhər stadionun vəziyyətinin ürəkaçan olmadığını demişdi:

“Ümid edirəm ki, Gəncədəki stadionun vəziyyəti qısa müddətdə düzələcək və oyunlarımızı orada keçirəcəyik”.

Əslində, 2015-ci ildə Gəncə şəhər stadionunun təmirinə başlanmışdı. O zaman Mehman Allahverdiyev açıqlama verərək bildirmişdi ki, oturacaqların quraşdırılmasında xərcləri AFFA qarşılayır: “25 minlik tutumu olan stadiona hər gün 1000-ə yaxın oturacaq quraşdırılır. Eyni zamanda stadionun ot örtüyü də yaxşı vəziyyətə gətirilib.Bu, Sovet vaxtından indiyədək ot örtüyünün ən yaxşı hala salındığı vaxtdır”.

Ana səhifəXəbərlər”Kəpəz” azarkeşləri etiraz edir