Ucuzlaşma həftə sonları və bayramlara doğru daha çox müşahidə olunur
Kartofun kilosu 37-50 sent, 250 qramlıq kərə yağının bir ədədi 85 sent, soğanın kilosu 33-49 sent.
Belə ucuz ərzaq qiymətləri Azərbaycanın rəsmi təbliğatında deyildiyi kimi, adamların acından öldüyü, yaxın dövrlərdə dağılacaq Almaniyadadır. Burda marketlər şəbəkəsi sanki qiymətləri aşağı salmaq yarışına girib. Bir mağazadan kilosunu 50 sentə aldığın ərzağı sabah başqa bir marketdə 30 və ya 35 sentə ala bilirsən.
Bir marketin öz məhsullarının reklamı ilə bağlı həftəlik, bəzən gündəlik payladığı pulsuz jurnalların tirajı Azərbaycanda gündəlik çıxan bir neçə qəzetin tirajından dəfələrlə çoxdur. Səhər tezdən poçt qutusuna baxan istehlakçı bir həftə əvvəl bütün ölkədəki qiymətlərdən xəbərdar olur. Elə buna uyğun da seçim edir.
Ucuzlaşma isə həftə sonları və bayramlara doğru daha çox müşahidə olunur. Hazırda Milad və Yeni İl bayramı ilə bağlı ərzaq mallarının qiymətlərində 15 faizdən 70 faizə qədər endirimlər var.
Və nəhayət, “Azərbaycandakı inkişafa paxıllıq edən avropalılar”ın ərzaq mağazalarındakı qiymətlər belədir
Çörək- 13 sentdən tutmuş 2-3 avroya qədər
Toyuq əti-(1 kq 200 qram)- 2 avro 89 sent
Azərbaycanda prezidentin müdaxiləsi ilə qiyməti tənzimlənən yumurta- 9-10 sent
Ördək- (2 kq 400 qram)-6 avro 99 sent
Qaz-(4 kq)-12 avro
Hind toyuğu (Hinduşka-2 kq 500)-15 avro
Çöl quşları (öv quşları-Fransa) -qırqovul, ördək-1 kq 200- 7 avro
Donuz əti- (sümüksüz)-3,99 sent
Mal əti- (sümüksüz) 5 avrodan 12 avroya qədər (Bayram ərəfəsi mal ətinin 3 kilosu 9 manata da satılır- (Bu daha çox türklərə məxsus marketlərdə müşahidə olunur)
Kərə yağı-250 qramlıq paketlər 99 sent-(Kerrygold-yağlılığı 82,5 faiz-İrlandiya istehsalı)
Süd- 1 litrlik paketlərdə-(yağlılıq-3,5 faiz )-55 sent
Qırmızı kələm -1 kiloqramı-49 sent
Kök- 1 kq- 55 sent
Mandarin- 2.300 kq-lıq taxta yeşiklərdə- 2 avro 59 sent ( 1-ci növ)
Armud -1,79 avro-(Italiya)
Bolqar bibəri-1 kq-i-1,38 avro
Pomidor- 1,29 avro
Xiyar – 1 kq-1,10 avro
Alma -1 kq- 50 sent-3 avro arası
Kahı -79 sent
Günəbaxan və Rapsol duru yağları-1 litrlik plastik qablarda-99 sent
Xurma 1kq-(Karalyok)- 1.30 avro- Türkiyə
Göbələk-(ağ,qəhvəyi şampion)-1 kq-3,50 sent
Bonduelle- qarğıdalı və yaşıl noxud 425 gramlıq metal bankalar- 59 sent
Un- 1 kiloqramlıq kağız paketlərdə -35 sent
400 gramlıq dilimlənmiş Gouda (Holland) pendiri-1 avro 75 sent
500 qramlıq ketçuplar-78 sent
Qoz- 1 kiloqramı 6-8 avro
Yer fındığı-(araxis) 1kiloqramı- 2,69 sent
Limon- 1 kiloqramı 1,18 avro
150-200 qramlıq yoqurtlar-18-26-33 sent
Doğranmış kartof- (qızartmaq üçün) 1 kilosu 78-99 sent
Alma şirəsi- 2 iltrlik kağız paketlərdə -88 sent
1 və 1.5 litrlik mineral su- 37 sent.(boş plastik qabları geri qaytaranda ödədiyin pulun 25 sentini geri alırsan. 1.5 litirlik su alıcıya 12 sentə düşür)
Bir yeşik pivə- (içərisində 20 ədəd 0,5 litrlik şüşə)- 9,99 avro.
Mağazalarda dünyanın müxtəlif ölkələrində istehsal olunmuş şərabların bir şüşəsini 99 sentdən tutmuş 2-3 avroya almaq mümkündür.
Yuyucu vasitələrin qiymətlərinə də bir nümunə pis olmaz. Azərbaycanda daha çox istifadə edilən gigiyenik yuyucu vasitə-“Domestos”un 1,5 litri 1 avro 99 sent.
Almaniyada insanların bir buket gülü hansı pula almaq kimi dərdləri də yoxdur. Çünki içərisində 12-15 qızılgül olan buketlər 1 avro 99 sentdir.
Ölkə məmurlarının monopoliyasında olmayan gül bütün marketlərdə gündəlik təlabat malları ilə birgə satılır.
Bir az da əhalinin qazancı haqda
Əmək qanunvericiliyinə görə, işə götürən işçinin bir saatına 8 avrodan aşağı pul ödəməməlidir. Səkkiz saatlıq iş sistemi ilə bir nəfərin gündə və ya ayda nə qədər pul qazana biləcəyini hesablamaq elə də çətin deyil.
Almaniyada işini itirən adamın stressə düşməsinə də ehtiyac yoxdur. Çünki ölkədə işsizi dərhal himayə edəcək, sosial qayğılarını qarşılayacaq daşlaşmış bir sistem var. İşini itirən vətəndaş növbəti iş tapana qədər işsiz kimi qeydiyyata düşüb hər ay dövlətdən ailəsini normal dolandıra biləcək vəsait alır. Nefti, qazı olmayan bu ölkənin dövlət büdcəsi isə nə az, nə çox 300 milyard avrodur.
P.S. Bəs siz yazıda sadalanan ərzaq mallarını Azərbaycanda neçəyə alırsınız?