Qalibə 2 min manat pul mükafatı veriləcək
Azərbaycanda “Comedy Bazaar” yumoristik müsabiqəsinin yeni mövsümünə start verilir.
Təşkilatçı Teymur Kərimov Meydan TV-yə müsabiqənin builki şərtləri haqqında məlumat verib.
Bildirib ki, “Comedy Bazaar”ın keçirilməsində məqsəd istedadlı gəncləri tapmaq, onlara mümkün platformalarda səhnəyə çıxmaq imkanı yaratmaqdır.
Müsabiqədə 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
Seçim turları mayın 14-15-də keçiriləcək.
Münsif üzvlərinin tam heyəti hələ açıqlamayıb.
“Parni iz Baku”nun ssenari müəllifi, aktyoru Ələkbər Əliyev, “Parni iz Baku”nun ssenari müəllifi, prodüseri Cavid Qurbanov və Teymur Kərimov jüri üzvü olacaq.
İştirakçıların iyun-avqust ayları ərzində müxtəlif məkanlarda çıxışları təşkil ediləcək.
Sentyabrda müsabiqənin final mərhələsi olacaq.
Qalibə iki min manat pul mükafatı veriləcək.
“Sentyabra qədər iştirakçılara təcrübə toplamaq lazımdır ki, onlar səhnədə sərbəst çıxış edə bilsinlər. Bu müsabiqə, iştirakçılar üçün gələcək karyeralarında tramplin olacaq. 90-cı illərdə Azərbaycanda belə platforma “Parni iz Baku” Şən və Hazırcavablar Klubu idi. İndiki e-nəsillə bir az çətindir, çünki onların maraq dairəsi fərqlidir. Hesab edirəm ki, bu müsabiqə həmin gənclərin də inkişafına yardım edəcək”, – Teymur Kərimov bildirib.
Digər münsif üzvü Cavid Qurbanov ideyanın uğurlu olduğunu deyib və layihənin üstünlüklərindən danışıb: “Məqsədimiz, istedadlı uşaqların bir komandada formalaşmasına nail olmaqdır. Daha sonra həmin iştirakçılarla müəyyən əməkdaşlıq müqavilələri də imzalana bilər. Çox istərdik ki, biz təşkilatı baxımdan birlikdə olaq, onlara cavabdehlik daşıyaq və bu uşaqların da həmişə işi olsun”.
“Pul mükafatı onlar üçün əlavə ciddi stimuldur. Məsələn, gəncliyimdə “KVN”də çıxış edərkən, buna görə mənə pul verilmirdi. Əksinə, səhnəyə çıxmaq üçün öz pulumuzu xərcləyirdik ki, tamaşaçı bizi bəyənsin, alqışlasın. O vaxtlar mərhum Anar Məmmədxanov bizə çox dəstək olub. Müraciət edən gənclərin hazırlıq səviyyəsi qənaətbəxşdir, onlar layihənin tələblərinə, əsasən, uyğun gəlirlər”, – deyə o qeyd edib.
“Comedy Bazaar” müsabiqəsi Azərbaycanda ilk dəfə 2021-ci ildə təqdim edilib.
Müsabiqənin Rusiyada “Comedy battl” analoqu var.
Teymur Kərimov iki dəfə həmin müsabiqənin seçim turlarında iştirak edib. Daha sonra müsabiqəni Azərbaycanda keçirmək qərarına gəlib.
“Keçən il seçim turları ilə bağlı “İnstagram” səhifəmizdə elan yerləşdirdik. Müraciət edənlərin arasından 24 nəfəri seçdik. Onlardan beş nəfər Azərbaycan, qalanları isə rus dilində çıxış edirdilər. Münsif üzvləri mən, Şövqi İbrahimov və Hüseyn Şahverdiyevdən ibarət idi. Layihə ümumilikdə yanvar-may aylarını əhatə etdi. 1/4, yarımfinal və final mərhələlərindən ibarət on iki çıxış oldu. Qalibə mükafat fondu tərəfindən 500 manat verildi”, – Teymur Kərimov deyib.
“Comedy Bazaar” müsabiqəsi “YouTube”da təqdim olunacaq.
Müsabiqənin davamlı keçirilməsi planlaşdırılır.