“Cinsi belədir”

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan TV

Bu avtoritar hakimiyyət aşiqləri nə üçün böylə tərs və inadcıldırlar?

Universitetdə bizə yarım il qəribə bir fənn tədris etdilər: “Ərəb ölkələrinin coğrafiyası”. Müəllim sadədil bir şəkili kişi idi. Bizə qəribə ağaclardan, dənizlərdən, dağlardan danışardı, kimsə sual versəydi ki, məsələn, “müəllim, bəs bu ağac nə üçün belədir”, izahata varmadan öz ləhcəsində qısaca cavab verərdi ki, “onun cınsı belədir”.

Kursumuzda uzun sözün qısasını danışmaq istəyən tələbələrin dilinə “onun cinsi belədir” ifadəsi yapışdı.

Doğrudan da, əgər nəyinsə “cinsi belədir”sə, uzun-uzadı danışmağın nə xeyri? Müxtəsər desən ki, “cinsi belədir”, arif adama bu izah kifayət edər.

Erməni xalqı nə üçün 150 ildir eyni xülya ilə yaşayır, eyni bəlalara düçar olur, eyni hərəkətləri edir, eyni cür dələduzlara uyur? Bu barədə qalaq-qalaq əsərlər yazılıb, tarixçilər, psixoloqlar, psixiatrlar, sosioloqlar cild-cild əsər nəşr edib, lakin dəqiq və aydın nəticə hasil olmayab. Sual yenə açıq qalıb. Niyə?

Bu sualın çox sadə cavabı var: “Cinsi belədir”.

Vəssalam.

Əhvalınızı pərişan edib çox qəliz suala cavab axtarmaq istəsəniz, yanlış yola düşərsiniz. Özünüzə nahaq əziyyət verməyin. Hər qəliz sualın bir sadə cavabı var: “cinsi belədir”. Arif adamı qane edər.

Rusiya böyük əzab-əziyyətlə dünyanın bazar iqtisadiyyatı sisteminə daxil olmuşdu, böyük israr və inadla Avropanın qaz və neft bazarında ən böyük payı olan satıcıya çevrilmişdi, Rusiyadan Avropaya onlarla milyard dollar dəyərində beş-altı geniş diametrli boru çəkmişdi, hər gün “uf” demədən bu neft-qaz bazarından bir milyard dollar qazanırdı. Ömürlərində xoş gün görməmiş ruslar maddi vəziyyətlərini babət düzəltmiş, banklarda hesab açmış, xarici pasport düzəldib Misirə, Türkiyəyə, Tailanda istirahətə getməyə başlamışdı. Dünyanın aparıcı şirkətləri Rusiyada öz şöbələrini açmışdı, həm onlar, həm də ruslar yaxşı pul qazanırdı.

Adama və millətə xoşbəxt həyat üçün daha nə lazımdır?

2022-ci ilin fevral ayının 24-də Putin Ukraynaya hücum etdi. İndiyədək 60 min ukraynalı, elə həmin sayda rus həlak olub. Rus ordusu Ukraynanın gözəl şəhərlərini viranə qoyur. Bütün dünya birləşib Rusiyaya qarşı cəza tədbirləri tətbiq edir, onunla ticarəti kəsir, rus bazarından çıxır, bu ölkəyə heç nə satmır.

Alimlər, jurnalistlər milyon-milyon söz işlədib Putinin bu təcavüzünün səbəbini anlamağa çalışır. Çox çalışır, çox əlləşir, amma tapammır. Doğrudan, Putin nə üçün qaşınmayan yerdən qan çıxardı, ciddi səbəb və hətta ağlabatan bəhanə olmadan Ukraynaya hücum edib öz ölkəsini də, lap elə şəxsən özünü də biabır və təcrid etdi? Heç cür inandırıcı izah tapa bilmirlər.

Bunun isə çox sadə izahı var: “Cinsi belədir”.

İlham Əliyev üsul-idarəsi Azərbaycanda möhkəm əyləşib, onu yerindən heç kəs və heç nə dəbərdə bilməz. Zər, zor, xalqın cəhaləti, özünü ziyalı və müxalifət adlandıran kəslərin ələbaxanlığı, hər şey və hər kim bu üsuli-idarənin möhkəmliyini təsdiq edir. Di gəl ki, hər gün əcaib-qəraib xəbər oxuyuruq, eşidirik, görürük. Polis Azərbaycan vətəndaşlarını amansızlıqla döyür, şikəst edir, bəzən öldürür. Buna ehtiyac varmı? Bəlkə bu vətəndaşlar İlham Əliyevin səltənəti üçün təhlükə törədirlər? Əsla. Onlar kimdir ki? Onlar nədir ki? Onların nəyi var ki?

Heç kimdirlər, heç nədirlər, heç nələri yoxdur.

Bəs onda nə üçün İlham Əliyev Azərbaycan polisinə Azərbaycan vətəndaşlarını aman bilmədən döyməyi, bəzən isə ölənə qədər döyməyi əmr edib? Bunun hansısa məntiqi, ağıl və dərrakə ilə izah ediləsi səbəbi varmı?

Özünüzə əziyyət verməyin. Bu qəddarlığın məntiqlə izahı yoxdur. Bircə, özü də çox sadə izahı var: “Cinsi belədir”.

“Partiyalar haqqında qanun”a etiraz olaraq AXCP Milli Məclisin önündə etiraz nümayişi keçirmək istədi. Hakimiyyət, təbii ki, “icazə” vermədi. Yəni neçənci dəfədir ki, Azərbaycan vətəndaşlarına öz konstitusion “toplaşmaq hüququ”ndan istifadə yasaq edildi.

Bu qanunla tanış oldum. Oxuduqca, məni gülmək tuturdu. Mətnin zahiri də, batini də bağıraraq deyirdi, ki, “ay xalq, nəbadə cəsarət edib sənin malını qarət edən kəslərin hakimiyyət imtiyazına əl uzatmaq fikrinə düşəsən ha! Sənə hər şey qadağandır!”

Bu qanun layihəsində bircə maddə çatışmır: “Qeydiyyatdan keçmək istəyən partiya öz rəhbər işçilərindən ibarət rəqs ansamblı təşkil etməli və üzvləri YAP-ın rəhbər işçilərindən təşkil edilmiş jüri qarşısında “Qaytağı” rəqsini ifa etməlidir. İfa səviyyəsi jüri üzvlərini qane etmədikdə, partiya qeydiyyatdan keçirilmir”.

Lakin məsələ bu gülməli qanunda deyil, bu məkrli qanuna etiraz edənlərin düşüncə tərzindədir. Ey bizim zavallı xalqın zavallı müxalifətinin başbilənləri! Siz həqiqətənmi ümid edirsiniz ki, bu boyda xalq sərvətini yağmalamış hakim zümrə sizinlə “ədalətli və şəffaf” seçki oyununa gedəcək? Siz müstəqil Azərbaycanda keçirilmiş bütün seçkilərdə haqqın tapdandığını, son 20 ildə 20 seçki oyununu büsbütün uduzduğunuzu bilərək yenə hansı əsasla siyasi hakimiyyətə seçki yolu ilə gəlməyə ümid edirsiniz?

Siz həqiqətənmi böylə sadəlövhsünüz? Bu sadəlövhlük fitridir, yoxsa sonradan törəyib?

Yoxsa burada da “cinsi belədir” izahının yeri var?

İran qadınlara baş örtüyünü zorla bağlatmaq istəyən ruhanilərə qarşı etiraz edən qara camaatın nümayiş ümmanına qərq olur. Ruhanilər dirənib deyirlər ki, xanımlar baş örtüyünü bağlamasalar, islam dini çökər.

Baş örtüyü məcburi bağladılmayan ölkələrdə islam dini çökübmü?

Yoxsa məsələ islam dinində deyil, hakimiyyəti əllərində saxlayan ruhanilərdədir?

Yadıma cüzi islahata və güzəştə getməkdən qəti imtina edən partokratların küt sifətləri düşür. Onlar da həyatın tələbləri və xalqın istəkləri ilə azacıq məntiqi sövdələşməni və güzəşti kommunist ehkamlarının süqutunun başlanğıcı kimi qiymətləndirirdilər.

Torpağa xüsusi mülkiyyət? Olmaz! Xırda sahibkarlığa icazə? Olmaz! Vətəndaşlara ifadə azadlığı? Qadağandır! Senzuranın ləğvi? Olmaz! Vətəndaşın öz hesabına xaricə səfəri? Olmaz!

Xülasə, sirkə nə qədər tünd olsa, öz qabını sındırar. Tarix partokratları arxivə göndərəndə, heç kim buna yanmadı.

Bu avtoritar hakimiyyət aşiqləri nə üçün böylə tərs və inadcıldırlar?

Cinslərı belədir.

Ana səhifəMənim Fikrimcə“Cinsi belədir”